Generalla bağlı oyun erməni mediasında…

Təkcə bu həftə sosial şəbəkələr neçə təxribata imza atıb: General, Milli Qəhrəman Polad Həşimovun anasının çıxışı ətrafında qurulan kombinasiya artıq Ermənistanda səxavətlə tirajlanır.

Şəhadət zirvəsindən generalı adi qətl səviyyəsinə endirmək istəyən ünsürlərin məqsədi – sosial şəbəkələrdə çoxdan başlanan anti-ordu ovqatının yeni həmlə ilə körüklənməsidir. Polad Həşimovun adını çəkərək guya onun anasının qayğısına qalanlar əslində Azərbaycan dövlətinə qarşı çıxırlar. Azərbaycan Ordusuna çamur atırlar. Özü də bunu baxın, nə vaxt edirlər: Ermənistanda revanşizmə meyil göstərənlərin yeni fəallıq dalğasının baş qaldırdığı fonda.

Polad Həşimov yalnız şəhid olan general deyil. O, həm də İkinci Qarabağ müharibəsinin müəqddəs simvollarından biridir. İnsanlar Böyük Davadan əvvəl Bakının küçələrinə Polad Həşimovun adı ilə çıxmışdılar, Ali Baş Komandandan son və qəti döyüşə əmr verməsini istəmişdilər. Və o ümumxalq səmimiyyəti fonunda kimlərsə Milli Məclisin binasına soxulmuş, 1992-ci il, 15 mayın mini-maketini 2021-ci ilin iyulunda sınaqdan çıxarmaq istəmişdilər.

Bax, indi də yenə Polad Həşimovun ətrafında kimlərsə soxulmağa Məclis axtarır! Diqqətli olmalıyıq! Və mən burda generalın anasının heç adını da çəkməyəcəm. Çünki dərdli ananın heç bir ciddi fakt, sənəd-sübut göstərmədən danışdıqlarını çəkən, yayan şəxs, yaxud şəxslərdi məsuliyyət ünvanı və onlar da məsuliyyət daşımalıdır. Çünki Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovun, xüsusilə onun birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kərim Vəliyevin bu günlərdə hədəf alınması təsadüfə əsla bənzəmir. Kərim Vəliyevin qəhərdən boğulmuş səsi unudulmazdır!

Neçə müddətdir ki, xarici dırnaqarası media resursları ilə paslaşan bəzi metrikasız yerli tribunlar məhz Ordunu, Silahlı Qüvvələri nişan alırlar. Hədəfdə Ordu, xalqımıza qələbə gətirən müzəffər Ali Baş Komandan İlham Əliyevin döyüşçüləridir. Hansısa fəhlənin Zəngəzurda ağıllı kənddə məvacibi hələ ala bilməməsi barədə xəbəri bəh-bəhlə tirajlayan qütblərin şimalı, cənubu müəyyən edilməlidir. Bu da həmin o provokasiyanın bir hissəsidir.

Xəzərdə püskürən palçıq vulkanı göstərmişdi ki, bizdə ən böyük Palçıq Vulkanı sosial şəbəkələrdəki bəzi dırnaqarası tüpürcək nöqtələridir. Helikopter qəzası təsdiq etdi ki, qara qutu nə qədər etibarlıdırsa, qaragüruh qutusu bir o qədər təhlükəlidir.

İndi də dünyada baş qaldıran taxıl həyəcanı. Sosial şəbəkələrdə antidövlət ovqat üfürənlər, tüpürənlər var.

Bu gün dünyada ənənəvi dəyərlər dəyişir. Sıradan çıxanı da, məhiyyətini bitirəni də, əhəmiyyətini itirəni də var. Məsələn, Amsterdamda aksiya.

Dinc nümayişçilərin üzərinə xüsusi təlim görmüş it qısqırdanlar bunu Beynəlxalq Ədalət Məhkəməsinin yerləşdiyi ölkədə etməklə beynəlxalq ikiüzlülüyü də faş etdilər.

Fəvvarələr Meydanında iki nəfəri qucağına alıb yeyin addımlarla aparan Azərbaycan polisini az qala işgəncə maşını kimi qiymətləndirən ATƏT-in müvafiq təsisatları Amsterdamda hüquq ayaqlanması, it ağzına verilməsi barədə sadəcə susur! Belə görünür ki, bu it hələ çox ağız-burun bəhəm edəcək!

Əslində başqa ölkədə, başqa şəhərdə asayiş keşikçilərinin əl atdığı üsulu anlamaq da olardı. Planet pandemiyadan boğulur. Hər gün bir yeni ştamm meydana çıxır. Sən də bir yandan pandemiyanın genişlənməsinə şərait yaradaraq aksiya keçirirsən! Olmaz əlbəttə! İcazə verilən həddən artıq olmaz! Bu gün izdihamlı aksiya keçirməyə cəhd bəşəriyyətə qarşı olmaqdır. COVİD-19-a müttəfiqlik etməkdir! Amma Amsterdam özünü ədalət tanrısı, Haaqa haqq ilahəsi tək tanıdıb axı. O belə davranışa yol verə bilməz! Gecə-gündüz bizə dərs keçir axı. İndi də Niderlandın keykom ovqatı uzunmüddətli məhdudiyyətə daha dözə bilmir. Qırmızı fanarlar küçəsində həqiqəti çılpaq görməyə öyrəşən camaat üçün asan deyil. İndi buyur ver cavabını. İt kimi qapmadan verə bilirsənsə!

İndi isə yenidən qayıdıram general anası ətrafında çilingağac həbəsi açan taygözlərə. O biri gözünüzdən muğayat olun! Sizin itələndiyiniz, itələdiyiniz demokratiya söykənəcəkləri artıq öz beşiyindəcə böhrana uğrayır. Amsterdam köhnə dəbli demokratiyanı sıradan çıxmış elan etdi. Generalın Anasının ətəyindən yapışıb avantüraları tirajlayan, cəmiyyəti mitinqə çağıran, guya inqilab edəcəklər deyə, küçə adamlığından uzağa getməyən sosial şəbəkə taksilərinədi sözüm: Sizi Azərbaycan mediası hesab etmək olmaz. Ümumiyyətlə, media hesab etmək olmaz. Sizin kamera qarşısında oturub, ya da kimisə otuzdurub danışmağınız, danışdırmağınız televiziyaçılıq deyil, sadəcə gəvəzələməkdi. Çərənləməkdi, ən yaxşı halda boşboğazlıqdı.

Bu kiməsə videozəngdi. Və videozəng TV deyil.

Bu, Skayp bağlantıdıdı. Və Skayp da TV deyil.

Bu, görüntülü danışmaqdı. Amma görüntülü danışmaq TV deyil. Bu, danışan radio da deyil.

Media haqqında yeni qanun belə palçıq vulkanlarına aid deyil! Heç deyil! Sosial mediada gedən prosesinsə əsasən adı özünə internet TV adı verənlərlə klassik, ciddi televiziyaların mübarizəsidir. Sosial şəbəkələr antiazərbaycan müstəvisinə çevrilib.

Baxın: dövlət hansı təşəbbüsdə bulunursa, o saat qarşısına burda çıxılır. Nə ki qürurvericidi, xəcalət yeri kimi təqdim edirlər; nə ki məğlubiyyətlə bağlıdır – qələbə yerinə.

Bu gün “media azad deyil” deyənlərlə müəyyən mənada razılaşmaq olar. Lakin dövlətdən yox qaragüruhdan asılılıq baxımından. Medianın aparıcı vahidlərinin böyük əksəriyyəti sosial şəbəkələrdəki həyasızlığın asılısı, qaragüruhun yaltağıdır. Yaltağı yox ha! Yal Tağı.

Dövlətin yanında olun. Dövlətin yanında olaq. Çörək haqqı. Ən dürüstü və doğrusu budur. Çörəyinizi dövlətdən çıxarın. Nə qədər baha olsa da!

Hamısını Göstər

Related Articles

Back to top button