Gözlənilməz ssenarilər

II məqalə

Xaos astanasında lider seçimi
Mövcud vəziyyət real olaraq dünya siyasətinin xaosun astanasında olduğunu göstərir. Tarixi təcrübə göstərir ki, bu kimi məqamlarda liderlərin seçimi mürəkkəbləşmiş və riskləri xeyli artmış vəziyyətdən çıxış yolunun tapılmasında həlledici rol oynayır. Bu isə məhz gözlənilməz ssenarilərə kollektiv liderlik məsuliyyəti ilə hazır olmaq deməkdir.
Prezident İlham Əliyevin geosiyasi və siyasi seçimi Cənubi Qafqazı xaosun astanasından döndərərək yeni nizamlılıq istiqamətinə yönəltmişdir. Bu regiona yaxın olan bütün böyük dövlətlərin Cənubi Qafqaza konstruktiv siyasi prizmada yanaşmasına Azərbaycan Prezidentinin həmin seçimi ciddi təkan vermişdir.
Eyni zamanda Azərbaycanın Qafqazda “sabitlik adası”na çevrilməsi də bunun nəticəsində baş tutdu. İndi isə daha məsuliyyətli və geosiyasi əhəmiyyəti yüksək olan növbəti mərhələ başlayır. Yeni mərhələ daha geniş geosiyasi məkanda Azərbaycanın gözlənilməz ssenarilərə reaksiyası ilə xarakterizə olunmalıdır.
Bunun üçün əvvəlcə bir neçə suala cavab axtarılmalıdır: Azərbaycanın milli maraqları baxımından bu mərhələnin başlıca xüsusiyyətləri nələrdir və kollektiv liderlik məsuliyyəti hansı keyfiyyətlərə malik olmalıdır?
Mürəkkəb geosiyasi situasiyanın idarə edilməsi
Məsələ nəzəri politoloji aspektdə ümumiyyətlə mürəkkəb geosiyasi situasiyanın uğurlu idarə edilməsi probleminə bağlıdır. Cənubi Qafqazın hazırkı geosiyasi mənzərəsi prizmasında bu mürəkkəb situasiyanın idarə edilməsinin konkret əlamətləri vardır.
Hər şeydən əvvəl nəzərə alınmalıdır ki, Azərbaycan bir neçə əsr sonra Cənubi Qafqazın siyasi, geosiyasi, iqtisadi və hərbi lideridir. Bu reallıq bütövlükdə regionda davamlı inkişafın və əməkdaşlığın ənənəvi modelini dəyişir.
Regionumuzda gözlənilməz ssenarilərə hazır olmağın təməlində Azərbaycanın regional lider statusunun qəbul edilməsi mütləq şərtdir. Əks halda regional sabitlik, əməkdaşlıq və təhlükəsizlik arxitekturasının yaradılması mümkün olmaz. Bu halda region gözlənilməz ssenarilərə də hazır ola bilməz.
İkincisi, Cənubi Qafqazda gözlənilməz ssenarilərə hazır olmağın mühüm şərti kimi aşağıdakılar dərk edilməli və praktiki siyasi-diplomatik fəaliyyətdə əks olunmalıdır:
•Şuşa Bəyannaməsi
•Azərbaycan–Rusiya strateji müttəfiqliyi
•Azərbaycan–İran münasibətlərinin konstruktiv məcraya yönəlməsi
•Azərbaycan–Ermənistan münasibətlərinin normallaşma mərhələsinə qədəm qoyması
•“C6+1” formulunun reallığa çevrilməsi
Üçüncüsü, Azərbaycan–ABŞ strateji tərəfdaşlığının konkret fəaliyyət proqramı səviyyəsinə yüksəlməsi, həmçinin Avropa İttifaqı, Yaxın Şərq ölkələri və Asiyanın böyük dövlətlərinin regiona münasibətlərinin yeni məzmun alması zərurəti ortaya çıxır.
Bu şərt qlobal miqyasda geosiyasi proseslərin dinamikası baxımından yeni siyasi məqamları ön plana çıxarır və Azərbaycanın regional rolunun qəbul edilməsində mühüm əhəmiyyət daşıyır.
Regional əməkdaşlıq və təhlükəsizlik arxitekturası
Müharibələrlə əhatə olunmuş bir regionda regional sabitlik, əməkdaşlıq və təhlükəsizliyin konseptual arxitekturasını yaratmaq olduqca çətin və eyni zamanda siyasi-diplomatik baxımdan böyük əhəmiyyət daşıyan bir məsələdir.
Lakin Azərbaycanın Prezidentinin dərin düşünülmüş siyasi kursu bu vəzifənin öhdəsindən gəlmişdir. Bunun nəticəsində Azərbaycan Respublikası regional liderliyini tam təsdiq etmişdir.
Müasir geosiyasi təlimlərdə müxtəlif nəzəri yanaşmalar irəli sürülür:
•mürəkkəblik paradiqması
•xaos nəzəriyyəsi
•sinergetika
•qeyri-səlis məntiq nəzəriyyəsi
•insan zəkası ilə süni intellekt sintezi
•postqeyri-klassik geosiyasi yanaşmalar
Bu nəzəriyyələr maraqlı olsa da, əsas problem onların praktiki səmərəliliyinin necə ölçülməsi məsələsidir.
Bu səbəbdən hazırda dünya praktikadan nəzəriyyəyə keçid yolu ilə hərəkət edir. Yəni müxtəlif regionlarda sabitlik və təhlükəsizlik nümunəsi yaradan dövlətlərin təcrübəsi öyrənilir.
Bu kontekstdə dünyanın aparıcı dövlətləri Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi mühitə xüsusi diqqət yetirirlər.
Dörd gözlənilməz situasiya
Azərbaycan Prezidentinin fəaliyyəti göstərir ki, ölkə rəhbərliyi tez-tez gözlənilməz ssenarilərin yarandığı şəraitdə qərarlar qəbul etmişdir.
1. 2008-ci il qlobal maliyyə böhranı və Rusiya–Gürcüstan müharibəsi
Azərbaycan hər iki hadisəyə çevik reaksiya verdi. Ölkənin iqtisadi sistemi ciddi zərər görmədi və müharibənin təsiri Azərbaycana yayılmadı.
2. Avropa İttifaqı ilə münasibətlər
“Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində yaranan siyasi gərginlik zamanı Azərbaycan assosiativ üzvlükdən imtina edərək yeni əməkdaşlıq paketi təklif etdi.
3. Rusiya–Ukrayna münaqişəsi
Azərbaycan balanslı siyasət yürüdərək tərəflərdən heç birinin ciddi irad bildirmədiyi mövqe tutdu.
4. Azərbaycanın mülki təyyarəsinin vurulması hadisəsi
Prezident İlham Əliyev hadisəyə beynəlxalq hüquq və ədalət prinsipləri əsasında yanaşdı və obyektiv mövqe nümayiş etdirdi.
Nəticə
Bu nümunələr göstərir ki, Azərbaycan Prezidenti istənilən gözlənilməz situasiyada düşünülmüş və səmərəli mövqe formalaşdırmağa imkan verən konseptual və praktiki yanaşmaya malikdir.
Bu təcrübə ulu öndər Heydər Əliyevin siyasi məktəbinin prinsiplərinə əsaslanır və artıq real nəticələrlə təsdiq olunmuşdur.
(ardı var)
Füzuli Qurbanov
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button