Gürcüstan Ermənistanın səhiyyə nazirindən üzr tələb etdi

“Ermənistanın səhiyyə naziri Arsen Torosyan Gürcüstanda COVID-19-la bağlı rəsmi göstəricilərlə bağlı şübhələrini ya əsaslandırmalı, ya da üzr istəməlidir”.

Bunu Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze bildirib.

Onun sözlərinə görə, yüksək səviyyəli dövlət məmuru heç bir arqument olmadan belə açıqlamalar verməməlidir: “Gürcüstanda COVID-19 xəstələri ən yüksək beynəlxalq standartlara uyğun olaraq aşkar edilir və qeydiyyata alınır. Göstəricilərin etibarlılığını hələ heç bir beynəlxalq təşkilat və ya ekspert şübhə altına almayıb”.

T.Tsertsvadze deyib ki, erməni nazirin ölkəsində epidemiya əleyhinə sistemin Gürcüstandakından daha güclü olması barədə bəyanatı ən azı gülüş doğurur: “Biz Arsen Torosyanı və digər maraqlı olanları koronavirusla bağlı vəziyyətin idarə olunmasında Gürcüstan təcrübəsini öyrənmək üçün ölkəyə dəvət edirik”.


*** 12:40

Ötən gün Ermənistanın səhiyyə naziri Arsen Torosyan Gürcüstanda koronavirusla bağlı statistik göstəricilərə şübhə ilə yanaşdığını bildirib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, nazir qonşu ölkədə gün ərzində COVID-19-a yoluxanların sayının bir-iki nəfər olduğuna inanmadığını deyib.

Erməni nazirin bu fikirləri isə Gürcüstanda anlaşılmazlıq və təəccüblə qarşılanıb. Ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş infeksionist Amiran Qamkrelidze “Rustavi 2” kanalının efirində bildirib ki, A.Torosyanın sözləri təəccüb doğurub: “Arsen Torosyanı şəxsən tanıyıram. Ondan bu cür qeyri-diplomatik bəyanatlar eşitmək bir qədər təəccüblüdür”.

A.Torosyan həmçinin iddia edib ki, Gürcüstandan Ermənistana gələn vətəndaşlarda, həmçinin yük maşını sürücülərində COVID-19-a çox sayda yoluxma halları aşkarlanıb. Gürcüstanın baş infeksionisti buna cavab olaraq deyib ki, əgər belə hallar olubsa, Ermənistan bu barədə həm Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), həm də Gürcüstana məlumat təqdim etməli idi: “Beynəlxalq konvensiyanın reqlamentinə uyğun olaraq, əgər Gürcüstan ərazisində virus əcnəbidə təsdiqlənirsə, bu zaman ÜST və həmin şəxsin vətəndaşı olduğu dövlət bu barədə məlumatlandırılır. Gürcüstan kimi Ermənistan da bu konvensiyaya qoşulan ölkədir”.

A.Qamkrelidze erməni nazirin Gürcüstanda virusdan ölüm hallarının hesablanması metodologiyasının şəffaflığına şübhə etməsini də şərh edib: “O, Mərkəzimizin saytında ingilis dilində də dərc olunan göstəricilərə baxa bilər. Bu gün Gürcüstanda bütün xəstəxanalar və ambulator tibb müəssisələrində olan pnevmoniya xəstələrinin hamısı testdən keçirilir”.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button