Gürcüstanda məcburi hərbi xidmətə çağırış yeni qaydalar əsasında həyata keçiriləcək

Yanvarın 1-dən Gürcüstanda məcburi müddətli xidmətə çağırışla bağlı yeni qaydalar qüvvəyə minib.

Polise.az xəbər verir ki, artıq çağırışçılar yalnız “Milli müddətli hərbi xidmət” adlandırılacaq hərbi xidmətə göndəriləcəklər.

Hərbi xidmətə çağırış hərbi qeydiyyatda olan 18-27 yaş arası şəxslərin siyahısından yanvarın 31-nə qədər təsadüfi seçim əsasında həyata keçiriləcək.

Gürcüstanda müddətli xidmət ödənişli olmaqla məzuniyyət və istirahət günlərindən ibarət olacaq. Çağırışçı özü üçün üç xidmət variantından birini seçə bilər.

Bildirilir ki, döyüş bölməsində xidmət – 6 ay, mühafizə və təminat bölmələrində xidmət – 8 ay, kiçik komandir rütbəsi və müəyyən ixtisas üzrə xidmət isə 11 ay olacaq.

Hərbi xidmətə çağırış il ərzində mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, döyüş bölməsində xidmətə çağırış aprelin 15-dən başlayacaq.

Mühafizə və təminat bölmələrində xidmətə çağırış dörd mərhələdə – martın 15-də, iyunun 1-də, avqustun 15-də və noyabrın 1-də həyata keçiriləcək.

Kiçik komandir rütbəsi və müəyyən ixtisas üzrə çağırış isə oktyabrın 15-də başlayacaq.

Çağırışçılara xidmət müddətində iş yeri, dövlət orqanında işləyərkən əməkhaqqı, hərbi xidmətə çağırışa qədər aldığı bütün imtiyazlar saxlanılır, həmçinin ictimai nəqliyyatdan pulsuz istifadə etmək imkanı verilir.

Eyni zamanda, layihə çərçivəsində bütün dini konfessiyaların xidmətçiləri alternativ xidmət keçəcəklər.

Tələbələr istəsələr, özlərinə uyğun variantı seçərək ildə bir dəfə bir ay və ya fasiləsiz zabit rütbəsi almaq üçün intensiv kurs keçə bilərlər.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button