Həkim TƏBİB-i sərt tənqid etdi: “Karantin 5 ay davam edə bilməz”
Tanınmış oftalmoloq Cahid Şahbazov karantin rejiminin uzadılmasından narazı olduğunu bildirib.
O, qəbul edilən qərarlardan dolayı Nazirlər Kabineti yanında Operativ Qərargahın və TƏBİB-in fəaliyyətindən narazılığını ifadə edib:
“Bir vətəndaş və həkim olaraq etiraf etməyi özümə borc bilirəm: mən Operativ Qərargah və TƏBİB-dən narazıyam.
Dövlət hesabına xaricdə 12 il təhsil almış bir həkim olaraq TƏBİB-ə səslənirəm, hətta vətəndaş olaraq tələb edirəm: mən və mənim kimi onlarla həkim üçün brifinq təşkil edin, təkliflərimizi, iradlarımızı dinləyin. Müzakirə edək, ortaq elmi şura qəbul edilsin. Yerli və xarici mütəxəssislərlə yanaşı, xalqla sıx təmasda olan mən və mənim kimi həkimlərin təklifləri möcüzə yaratmasa da, yararlı ola bilər”.
C.Şahbazov həmçinin qeyd edib ki, karantin rejimi 5 ay davam edə bilməz.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu qərarına görə, avqustun 5-dən etibarən icazə sistemi ləğv edilir, çimərliklərin fəaliyyətinə icazə verilir.