Həmsədrlərin Azərbaycan ərazilərinə səfər cəhdi: Bakının şərti – Təhlil
ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu (Rusiya, ABŞ, Fransa) ona təsir rıçaqları yaradan mənbələrin birindən əhəmiyyətli dərəcədə məhrum olub, söhbət ondan gedir ki, Qarabağ münaqişəsi bitdiyindən həmsədrlərin fəaliyyəti də sual altına düşüb.
Həmsədrlər Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqların öz üzərlərinə qaranlıq çökdürməsini həzm edə bilməyən bəyanatlar səsləndiriblər, özlərinin gələcək taleyinə aydınlıq gətirmək cəhdlərinə girişərkən hələ də nəyəsə lazım olduqlarını diqqətə çatdırmağa çalışıblar.
Azərbaycan prinsipcə həmsədr institutuna etiraz etmir, amma şərt irəli sürür ki, bu platforma Bakı ilə İrəvan arasındakı sülhyaratma prosesinə qərəzsiz töhfə versin.
Təbii ki, hələ işğal faktının mövcud olduğu zamanlarda həmsədrlər yerində sayırdısa, indi də onlardan hansısa faydalı addımlar da gözləmək məntiqsizdir.
Bununla belə, sülh, təhlükəsizlik və regional firəvanlıq üçün hər bir diplomatik element Bakının nəzərindən keçirilir və indi həmsədrlərin üzərinə əlavə məsuliyyət yüklənir. Bu məsuliyyət isə ön şərti qəbul etmir, yalnız Bakının formalaşdırdığı gündəliyin ortaya qoyduğu qrafikə əsaslanmalıdır.
Xatırlayırsınızsa, 2021-ci ilin sentyabrın 28-də Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlamışdı ki, Bakı və İrəvan həmsədrlərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, Rusiya sülhməramlı konttingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan torpaqlarına səfəri barədə razılığa gəliblər.
Bakı prinsip etibarı ilə bu cür səfərə etiraz bildirmir, amma şərt irəli sürür. Bu şərtin nə olduğuna dair fikrə keçmədən öncə bildirək ki, ümumiyyətlə həmsədrlər postmünaqişə dövründə hansısa formada hazırda sülhməramlıların müvəqqəti yerləşdirildiyi Azərbaycan torpaqlarına keçid əldə etmək istəyiblər.
Daha doğrusu, beynəlxalq humanitar təşkilatların yardımı adı altında öz mövcudluqlarını yada salmaq üçün diplomatik səylərini xərcləyiblər.
Həmsədrlərin bu ilin mayında qəbul edilmiş bəyanatından sitat:
“Tərəflərə çağırış edirik ki, bölgələrin minalardan səmərəli şəkildə təmizlənməsi üçün lazım olan bütün məlumatları mübadilə etsinlər. Biz beynəlxalq humanitar təşkilatların nümayəndələri də daxil olmaqla, onların girişə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırırıq”.
Dumanlı tərəddüdlərə qərq olan həmsədrlər deyəsən anlamırlar ki, bu, yalnız Azərbaycanın razılığı ilə mümkündür. İkincisi, həmin ərazilərə humanitar girişin tətbiqinə əsaslar yoxdur. Üçüncüsü, humanitar təşkilatların keçidi 10 noyabr bəyanatının icrasının rəngini tündləşdirə bilər.
Yəqin ki, bu təklifinin keçərliliyinin mümkünsüzlüyünü dərk edən həmsədrlər bu dəfə də özləri səfər proqramı ilə çıxış etmək istəyirlər.
Hələ ki, belə səfər gerçəkləşməyib, çünki qrafik məsələsində fikir ayrılığı mövcuddur.
Bayaq qeyd etdiyimiz mətləbin üzərinə gəlirik, bu versiya güclüdür ki, həmsədrlərin Azərbaycanın erməni əhali yaşayan bölgələrinə səfərinin trafikinin başlanğıcı yalnız biz təklif edən nöqtələrdən olsun.
Yəni Bakı tələb edir ki:
1. Qətiyyən Ermənistandan Laçın dəhlizi vasitəsilə girişi mümkün deyil,
2. Həmsədrlər çox arzulayırlarsa, Bakıya gəlsinlər, buradan ya avtobusla işğaldan azad edilmiş ərazilərə getsinlər, ya da Füzuli Beynəlxalq Hava Limanına eniş edib yerdə qalan trafiki buradan başlasınlar.
Həmsədrlər formal mandatlarının postmünaqişə dövründə də “effektləri” barədə təsəvvür yaratmaq üçün Azərbaycanın vaxtilə işğala məruz qalmış ərazilərinə səfər edə bilər. Amma Bakının tərtib etdiyi proqramla…
Aqşin Kərimov