Hər hansı yeni savaşda Azərbaycan Göyçə və Zəngəzuru götürə bilər – MÜSAHİBƏ

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, şair publisist Sabir Rüstəmxanlı Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Sabir bəy, gələn ilin yayında Ermənistanda keçiriləcək parlament seçkisi öncəsi bu ölkədə vəziyyət hər ötən gün daha da gərginləşir. Revanşistlərin yenidən hakimiyyətə gəlməsi fonunda Azərbaycanla müharibənin də qaçılmaz olduğu iddia edilir. İrəvanda hakimiyyəti dəyişikliyi fonunda nə baş verə bilər, proqnozlar nədən ibarətdir?
– İndiki halda Ermənistanda hakimiyyət dəyişikliyi real görünmür. Amma buna çalışan qüvvələr var. Ermənistana kənardan təsir göstəmək istəyən qüvvələr də mövcuddur. Erməni diasporu ilə yanaşı, Cənubi Qafqazda nüfuzunu saxlamağa çalışan qüvvələr də az deyil. Məhz bu qüvvələr təkcə Ermənistanda deyil, bütün bölgə dövlətlərində hakimiyyətlərin dəyişdirilib, onlara sərf edən variantda formalaşmasını istəyir. Hazırda Ermənistanda baş verənlər də bu prosesin tərkib hissəsidir. Sözsüz ki, onların da Ermənistan üçün zəif hesab etdikləri nöqtə Azərbaycanla münasibətlərdir. İddia edirlər ki, guya Qarabağ onlara “məxsus” olub və s. 
– Sizcə, yenidən zor gücü ilə bölgədə formalaşmış reallığı dəyişdirmək mümkündürmü?
– Ermənistanda revanşistlər hakimiyyətə gəlsələr belə, onlar zor gücü ilə bu reallığı dəyişə bilməzlər. Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənistanın bir kvadrat ərazisi belə Azərbaycan tərəfindən işğal edilməyib. Belə olan halda Ermənistanda ağlı başında olan adamlar artıq başa düşürlər ki, yeni müharibə əslində onların sonu olacaq. Çünki indiki Ermənistan Qərbi Azərbaycan torpaqlarında qurulub. Hər hansı bir savaşda Azərbaycanın Göyçə və Zəngəzur mahalını, İrəvanı götürməsi beynəlxalq qanunlarla, hətta köhnə razılaşmalara uyğun gəlir. Bu Azərbaycanın haqqıdır və bunu edə dilər. Ermənistan isə Azərbaycanın bu addımlarına cavab verə bilməz.

– Amma hər ötən gün Ermənistandakı revanşist kəsim yeni savaşdan danışır…
– Güman edirəm ki, yeni savaş elə “şüar” olaraq qalacaq. Keçmiş müharibə nəticəsində Ermənistanda hakimiyyətə gəlmiş cinayətkar qrupun indi bütün mahiyyəti üzə çıxıb. Məlum oldu ki, Qarabağ mövzusu onlar üçün hakimiyyətə gəlmək və qazanc niyyəti ilə baş tutub. Çünki Qarabağda onların heç bir kökü yoxdur. II Qarabağ müharibəsindən sonra onların Qarabağda izi-tozu da qalmamışdı. Qalanlar isə hazırda Bakı həbsxanalarındadır. Bu mənada sülh yeganə yoldur. Beynəlxalq ictimaiyyət də bunu müdafiə edir. Sülhün qaçılmaz olduğunu Ermənistanda getdikcə daha çox adam dərk edəcək. Bunu başa düşənlər də Ermənistanın indiki hakimiyyətinə dəstək olmalıdır.
Polise.az



