Hərbi ekspert: Hərbi yardımlar vaxtında edilsəydi, Rusiya uğur qazana bilməzdi

Ukraynalı hərbi ekspertlər son vaxtlar Rusiya ilə müharibədə uğursuzluqlar və geri çəkilmələrin səbəblərini şərh ediblər.

Hərbi ekspert Dmitro Qromakov “Report”un Şərqi Avropa bürosuna bildirib ki, Ukrayna Birləşmiş Ştatlardan və müttəfiqlərindən kifayət qədər hərbi yadım paketi alsa da, döyüş meydanında heç bir ciddi uğur qazana bilməyib.

“Yardımların ayrılması və bu vasitələrin döyüş bölgəsində görünməsi uzun prosesdir. Xeyli müddət bu silahların veriləcəyi barədə tərəddüdlər olduğundan əhəmiyyətli taktiki mövqeləri itirdik. İtirilən mövqelərin geri qaytarılması əlavə səylər və zəruri texniki dəstək tələb edir. Bu səbəbdən də qeyd olunan köməklə sürətli uğur qazanmaq mümkün deyil. Sadəcə bu hərbi yardımla cəbhədə vəziyyəti sabitləşdirmək olar. Dəstək sistemlərinin peyda olması bizə hücum əməliyyatları keçirməyə və yaxud hazırlamağa imkan verəcək. Mən ümid edirəm ki, biz daimi vasitələr alıb əraziləri siyasi vəziyyətdən asılı olmayaraq geri qaytara biləcəyik”, – o, əlavə edib.

Digər hərbi ekspert Vladislav Voloşin isə “Report”a deyib ki, Rusiya tərəfindən yerlə yeksan edilən bir neçə yaşayış yerlərinin ələ keçirilməsini taktiki uğur adlandırmaq düzgün deyil: “Uğursuzluğun səbəbi sadəcə ondadır ki, Ukrayna ordusu müttəfiqlər, xüsusən də ABŞ və Avropa İttifaqı tərəfindən lazımi dəstəyi ala bilməyib. Belə yardımlar vaxtında tam həcmdə edilsəydi, Rusiya heç bir uğur əldə edə bilməzdi”.

“Əminliklə deyə bilərəm ki, zəruri silahlar verilərsə, qısa zaman kəsiyində itirilən mövqeləri geri qaytara və hərbi kampaniyanın gedişini tamamilə başqa istiqamətə yönəldə bilərik. Ukrayna ordusu bu silahları almağa və öz ərazilərini bərpa etməyə hazırdır”, – deyə V. Voloşin vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button