Həzi Aslanov: Gəncədə insan alveri qurbanlarına sığınacaq tikilməsi üçün ərazinin ayrılmasını istəyirik

Gəncədə insan alveri qurbanlarına sığınacaq tikilməsi üçün ərazinin ayrılması ilə bağlı müraciət edilib.
Polise.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını təqdim edərkən deyib.
Onun sözlərinə görə, insan alveri qurbanlarının yerləşdirilməsi üçün sığınacaqların Bakıda olması çətinliklər yaradır:
“Ona görə də regionlarda sığınacaqların artırılması üçün işlər aparılır”.
H.Aslanov həmçinin bildirib ki, ötən il iki Ukrayna vətəndaşı Azərbaycanda sığınacağa yerləşdirilib:
“Hər iki qadının doğum haqqında şəhadətnaməsi yoxdur. Ümumilikdə isə ötən illər ərzində sığınacaqlara 350 nəfərdən çox insan alveri qurbanı yerləşdirilib”.
Dinləmədə Millət vəkilləri ilə yanaşı, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvləri Mehriban Zeynalova, Şəmsəddin Əliyev, Mahirə Əmirhüseynova, Gülayə Səfərova, Zemfira Mustafayeva, Anar Xəlilov, Kəmalə Aşımova, Ramiz Əliyev iştirak ediblər.
Polise.az