Hacıqabul polisi əməliyyat keçirdi – narkotacirdən 2 kq çox narkotik götürüldü
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən 2 kiloqramdan artıq narkotik götürülüb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini Həsən Məmmədov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilib.
Dindirilmə zamanı H.Məmmədov narkotik maddəni tanışı Ramil adlı şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq Şirvan şəhər sakini Ramil İbrəhimov da saxlanılaraq istintaqa təqdim edilib. Saxlanılan zaman isə onun üzərindən təmiz çəkisi 1kiloqram 270 qram “patı” və “şüşə” adlanan psixotrop maddə metamfetamin, 1 kiloqram 242 qram heroin və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.