“Hakimiyyəti öz qanunlarının tələsinə salın!..”- Sovet imperiyasında söz azadlığı və insan haqları uğrunda mübarizə…

“Bu dəyişikliyi hiss edən gənclər şəhərdə öz iştirak formalarını axtarmağa başladılar. Belə yerlərdən biri Moskvadakı Mayakovski abidəsinin yaxınlığındakı “azadlıq adası” oldu. Burada insanlar şeir oxuyur, xəbərləri müzakirə edir, mübahisələr edir və yeni tanışlıqlar qazanırdılar. Bu, onilliklər boyu davam edən sükutdan sonra ucadan danışa biləcəkləri kiçik, lakin vacib bir məkan idi…”
“Ehtiyat tədbirlərinə və təxəllüslərdən istifadəyə baxmayaraq, “KQB” yazıçıların əsil adlarını aşkar etdi və onları repressiya etməyə başladı. Sinyavski 8 sentyabr 1965-ci ildə, Daniel isə 12 sentyabrda həbs edildi…”
70 ilə yaxın ömür sürmüş Sovet – Rusiya imperiyasının- SSRİ-nin misli görünməmiş soyqırım, repressiya, sürgün, deportasiya, manqurtlaşma kampaniyaları sayəsində bərqərar olmasına rəğmən zaman-zaman müxtəlif müttəfiq respublikalar, o cümlədən Rusiyanın özündə insan haqları, ifadə və söz azadlığı uğrunda mübarizə aparan ayrı-ayrı insanlar və qruplar meydana çıxmışdır. 1985-ci ildən başlanan yenidənqurma və aşkarlıq siyasəti, xüsusən də 1991-ci ildə SSRİ-nin çökməsindən sonrakı ilk onillikdə bu dəyərlərə xeyli meydan verilsə də, 2000-ci ildə  Vladimir
Putinin hakimiyyətə gəlişindən sonra Rusiyada insan haqları, ifadə və söz azadlığı getdikcə hakimiyyətin kəskin və ağır basqılarına məruz qaldı. 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı təcavüz başlayandan sonra isə öz fikirlərini azad şəkildə ifadə etməyə, o cümlədən sözügedən müharibəyə qarşı çıxmağa, iqtidardan öz haqlarının bərpasını tələb etməyə cəhd göstərən vətəndaşlar bəlkə də 30-cu illərdəkindən də şiddətli repressiyalara məruz qalmağa başladılar…
Müxalif yönümlü “Meduza” nəşrinin bu günlərdə təqdim etdiyi  “Hakimiyyəti öz qanunlarının tələsin salın” başlıqlı yazıda məhz Sovet imperiyası dövründə Rusiyada söz və ifadə azadlığı, aşkarlıq, insan haqları uğrunda gizli və açıq mübarizədən və dissident hərəkatının başlanmasından bəhs edir. Moderator.az bir sıra oxucuların bu mövzulara marağını nəzərə alaraq həmin materialın tərcüməsini  müzakirənizə buraxır:
“…60 il öncə Moskvada sovet qəzetlərində az işıqlandırılan bir hadisə baş vermişdi. Ancaq bu aksiya Sovet imperiyasında insan haqları hərəkatının yaranmasında dönüş nöqtəsi oldu. Puşkin meydanında bir neçə onlarla insan hökumətin dəyişməsini və ya siyasi islahatları deyil, dövlətin öz Konstitusiyasını riayət etməsini tələb etmək üçün toplaşmışdı. Tədbir riyaziyyatçı və şair Aleksandr Volpin tərəfindən təşkil olunmuşdu və o, ilk dəfə olaraq hakimiyyətə vətəndaşların açıq məhkəmə hüququ barədə xatırlatmaq qərarına gəlmişdi…
Mitinq cəmi bir neçə dəqiqə davam etdi və tez bir zamanda dağıdıldı, lakin onun nəticələri tədbirin özündən daha əhəmiyyətli idi. “Meduza” onilliklər boyu ictimai müzakirələrin yatırıldığı bir ölkədə ilk açıq etiraz cəhdinin necə ortaya çıxdığını və məhz bu hadisənin SSRİ-də dissident hərəkatının başlanğıcını qoyduğunu xatırladır…
Antisovet  nümayişlər: bolşeviklər etirazları necə yatırırdılar?..
Hakimiyyətlərinin ilk illərindən bolşeviklər müstəqil siyasi ifadə və çıxışlara dözmək istəmədiklərini nümayiş etdirirdilər. 5 yanvar 1918-ci ildə Petroqradda(indiki Sankt-Peterburq-S.L.) Müəssislər Məclisini dəstəkləyən dinc nümayiş keçirildi. Qırmızı bayraqlarla aksiyaya qatılan tələbələr, qulluqçular və fəhlələr seçilmiş nümayəndəliklərin saxlanmasını tələb edirdilər…
Hakimiyyət buna yürüşün qadağan edilməsi və onu dəstəkləyən qəzetlərin bağlanması ilə cavab verdi. Nümayiş kolonlarının marşrutu boyunca Qırmızı qvardiyaçıalr və pulemyotlar yerləşdirilmişdi. Silahsız izdiham irəlilədikcə Qırmızı qvardiya atəş açırdı. Onlarla insan öldü, daha çox insan yaralandı. Sonra hər şey adət olunmuş sxemə qayıtdı: mətbuat nümayişçiləri “təxribat”da günahlandırdı, araşdırma mitinqin dinc xarakter daşıdığını təsdiqlədi, lakin kütləvi güllələnmənin təşkilatçılarından heç biri cəzalandırılmadı…
Eyni yanaşma partiyanın öz daxilində də davam etdi: istənilən müstəqil hərəkət rəhbərliyin nəzarətinə təhdid kimi qəbul edildi. 7 noyabr 1927-ci ildə Moskva və Leninqradda Trotski və Zinovyevin “birləşmiş müxalifəti”nin tərəfdarları bayram nümayişlərində ayrı-ayrı qruplar şəklində “fəhlə demokratiyası” və partiya xəttinin tənqidi haqda şüarlarla yürüş etməyə cəhd etdikdə də məhz belə oldu…
Hakimiyyət orqanları bu cəhdi tez bir zamanda yatırtdı: müxalifət kolonlarının qarşısı alındı, pankartlar cırıldı, Moskvadakı bəzi iştirakçılar döyüldü və təhlükəsizlik orqanlarına hər hansı bir fraksiya fəaliyyətini sonadək yatırtmaq tapşırıldı. Bu hadisələr partiya daxilində son ictimai nümayişlər oldu. 1920-ci illərin sonlarına qədər hər hansı bir razılaşdırılmamış hərəkət siyasi həyatdan yox oldu və küçə paradları tamamilə nəzarət edilən mərasimlərə çevrildi…
…Stalinin ölümündən sonra siyasi atmosfer nəzərəçarpacaq dərəcədə dəyişməyə başladı. “İlıqlaşma”- yumşalma rejimin ehtiyatla zəifləməsini və uzun illər davam edən sükutdan sonra ictimai həyatın canlana biləcəyi duyğusunu gətirdi. Bu dəyişikliyi hiss edən gənclər şəhərdə öz iştirak formalarını axtarmağa başladılar. Belə yerlərdən biri Moskvadakı Mayakovski abidəsinin yaxınlığındakı “azadlıq adası” oldu. Burada insanlar şeir oxuyur, xəbərləri müzakirə edir, mübahisələr edir və yeni tanışlıqlar qazanırdılar. Bu, onilliklər boyu davam edən sükutdan sonra ucadan danışa biləcəkləri kiçik, lakin vacib bir məkan idi…
Ancaq həmin azadlığın sərhədləri çox dar olaraq qaldı. 1962-ci ilin iyun ayında Novoçerkassk qırğını “ilıqlaşma”nın kütləvi etiraz hüququna zəmanət vermədiyini açıq şəkildə xatırlatdı. Fəhlələr qiymətlərin artması və əmək haqlarının azalması səbəbindən küçələrə çıxdılar. Bu, siyasi tələbləri olmayan tipik bir sosial etiraz idi. İnsanlar qarşıdurma deyil, rəhbərliklə söhbət gözləyirdilər…
Lakin hakimiyyət fəhlələrə güclə cavab verdi: nümayişçilərə atəş açdılar, onlarla insan öldürüldü və yaralandı. Ardınca qapalı məhkəmələr keçirildi, hökmlər tez bir zamanda verildi və faciə haqqında məlumatlar məxfi saxlanıldı. Novoçerkassk etirazı nümayiş etdirdi ki, hətta yeni dövrdə belə, hər hansı bir kütləvi etiraz, yuxarıdan müəyyən edilmiş qaydadan,  bir addım da olsa, sapsa, sərt şəkildə yatırılmaq üçün bəhanəyə çevrilə bilər…
1964-cü ilin oktyabrında Xruşşov vəzifəsindən uzaqlaşdırıldıqda, ölkənin hansı istiqamətə gedəcəyi bəlli deyildi. Bəziləri daha sərt qaydaya qayıdış gözləyirdi; digərləri isə yumşalmanın davam edəcəyinə ümid edirdi. Bu fonda şəhər mühitində yeni mədəni həyat formaları yaranmağa başladı. Bunlardan biri açması “Cəsarət, Düşüncə, Təsəvvür, Dərinlik” (“Смелость, Мысль, Образ, Глубина”)olan “SMOG” ədəbi birliyi idi. O, 1965-ci ilin yanvar ayında təsis edilmiş və rəsmi normalara məhəl qoymadan yaratmaq üçün çalışan gənc şairləri bir araya gətirmişdi. Onlar Mayakovskinin abidəsi önündə oxunuşlar keçirir,  “samizdat”(sərbəst, qeyri-leqal nəşr) nəşr edir və Sovet senzurasının rədd etdiyi mövzuları müzakirə edirdilər. Bu, o dövr üçün çox sərbəst idi və hakimiyyət orqanları tez bir zamanda müdaxilə etdi: bəzi iştirakçılar universitetlərdən, digərləri isə Moskvadan qovuldu. Təzyiqə baxmayaraq, “SMOG” şəhər gənclərinin ünsiyyət və yaradıcılıq üçün müstəqil bir məkana ehtiyac duyduğunu nümayiş etdirdi. Davamlı dəyişikliklərə olan ümidlərin dövlətin nəzarəti qorumaq istəyi ilə toqquşduğu bir mühitdə Sinyavski və Daniel işi meydana çıxdı…
Sinyavski və Daniel işi: Hakimiyyət repressiyalara reaksiyanı necə düzgün qiymətləndirmədi…
Sinyavski və Daniel işi Stalindən sonrakı SSRİ-də yazıçılara qarşı ilk böyük ictimai məhkəmə idi. Andrey Sinyavski və Yuli Daniel Sovet İttifaqında öz yazılarını dərc edə bilmirdilər: onların əsərləri “sosialist realizm”inin hüdudlarından kənara çıxır və senzuradan keçə bilməzdilər. “Doktor Jivaqo” romanına görə təqib edilən və Nobel mükafatını almaq imkanından məhrum olan Boris Pasternakın işindən sonra ölkə daxilində “əlverişsiz” nəsr çap etməyə çalışmağın nəticələrinin nə olacağı aydın idi. Buna görə də Sinyavski “Abram Terts”, Daniel isə “Nikolay Arjak” təxəllüsü ilə əsərlər yazıb mətnlərini xaricə göndərdilər. Onların povestləri və qısa hekayələri qrotesk və fantastik idi və Sovet reallığının (qorxu, yalan, bürokratik qəddarlıq, repressiyalara görə cavabdehlik və məsuliyyət mövzuları və yenidən dirçələn şəxsiyyət kultunun təhlükəsi və s.) kəskin tənqidini təqdim edirdi…
Pasternakın təqibindən sonra məlum oldu ki, “əlverişsiz” nəsr SSRİ-də dərc olunmayacaq və bəzi müəlliflər xaricə çıxış axtarmağa başladılar. 1956-cı ildə “NTS”-ə bağlı “Posev” nəşriyyatı “Qrani” jurnalı vasitəsilə Sovet İttifaqındakı yazıçılara və alimlərə senzura ilə qadağan olunmuş mətnləri təqdim etmələri üçün müraciət etdi. Beləliklə, Qərbdə sovet müəlliflərinin nəşri olan “tamizdat”ın infrastrukturu tədricən inkişaf etdi. Sinyavski və Daniel bu fürsətdən istifadə etdilər: əsərlərini Qərbə göndərdilər və orada Amerikanın “Inter-Language Literary Associates” nəşriyyatı tərəfindən Terts və Arjak təxəllüsləri ilə nəşr olundular…
Ehtiyat tədbirlərinə və təxəllüslərdən istifadəyə baxmayaraq, “KQB” yazıçıların əsil adlarını aşkar etdi və onları repressiya etməyə başladı. Sinyavski 8 sentyabr 1965-ci ildə, Daniel isə 12 sentyabrda həbs edildi. Bu, SSRİ-də bir çoxları üçün tamamilə sürpriz oldu: hər iki yazıçı dar ədəbi dairədə tanınırdı, lakin açıq “müxalifətçi” hesab edilmirdi. Ancaq hakimiyyət başqa cür qərar verdi. Daniel və Sinyavski “antisovet təşviqat və təbliğat”da ittiham edildilər – əslində bu, SSRİ-də senzura olunmamış ədəbi mətnlərin xaricdə dərc edilməsi idi…Yuli Daniel (ən solda, arxa planda) və Andrey Sinyavski (solda, ön planda) məhkəmə iclasında, 10 fevral 1966-cı il
(“Wikimedia Commons”)
Daxili reaksiya hakimiyyətin gözlədiyindən daha çox nəzərə çarpırdı. Məhkəmə Moskva ziyalıları arasında həyəcana səbəb oldu: redaksiyalar, akademik institutlar və gənc yazıçılar bunu geriyə addım, qorxu və ideoloji intizamı yenidən tətbiq etmək cəhdi kimi müzakirə etməyə başladılar. Həbs olunanların müdafiəsi üçün əvvəlcə şəxsi, sonra isə ictimai məktublar yazmağa başladılar. Buraya Bulat Okudjava, Vladimir Voynoviç, Lidiya Çukovskaya, Varlam Şalamov, Konstantin Paustovski və İlya Erenburq da daxil olmaqla bir çox görkəmli müəllifin imzaladığı “62-cilərin məktubu” da daxil idi. Sovet mədəniyyət mühiti üçün bu, demək olar ki, görünməmiş bir addım idi: ittihama açıq şəkildə etiraz etmək karyerasını, bəzən isə hətta təhlükəsizliyini riskə atmaq demək idi…
Beynəlxalq reaksiya daha da şiddətli idi. “PEN-klub”, Artur Miller, Henrix Bell, Alberto Moravia, Grem Grin və Avropa və ABŞ-dan onlarla digər aparıcı yazıçı Daniel və Sinyavskinin müdafiəsinə çıxdılar. Qərb mətbuatı məhkəməni “ideoloji və yumşalma dövrü ilə uyğunsuz” adlandırdı. Nəticədə yazıçıların məhkəməsi Xruşşovdan sonrakı dövrün ilk böyük siyasi işi oldu və yeni bir sosial hərəkatın – ilk etiraz məktublarından Puşkin meydanındakı aşkarlıq mitinqinə qədər – toplanma nöqtəsinə çevrildi.
Aşkarlıq mitinqi:  Onun təşkilatçıları konsepsiyadan tətbiqə necə keçdi…
(Davamı var)
Tərcümə və təqdim etdi:
Sultan Laçın
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button