Hazırda Xocavənd, Ağdərə və Qubadlı istiqamətində döyüşlər gedir
“Düşmən verdiyi ağır itkilər nəticəsində geriyə çəkilməyə məcbur edilir. Hazırda Xocavənd, Ağdərə və Qubadlı istiqamətində döyüşlər davam edir”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, düşmənin ağır silahları havadan və yerdən aşkar olunaraq məhv edilir:
“Bu əməliyyatlar davam edəcək. Əməliyyatları yekunlaşdırmaq üçün bir yolumuz var ki, bütün torpaqlar işğaldan azad edilsin və bizim ərazilərimizdə heç bir silahlı düşmən qalmasın”.
O qeyd edib ki, Azərbaycan ordusunun bütün əməliyyatları yalnız əməliyyat sahəsi çərçivəsindədir:
“Bizim Ermənistan ərazisində heç bir hədəfimiz yoxdur. Bizim bütün hədəflərimiz yalnız əlində silah olan düşmən bölmələridir, eyni zamanda, düşmənin legitim hərbi obyektləridir ki, biz bu obyektlərə qarşı havadan və qurudan əməliyyatlarımızı davam etdiririk”.
“Düşmən öz ərazisindən yaşayış məntəqələrimizi atəşə tutmaqla bizi təhrik etmək istəyirlər. Bununla bizim bu mövqelərə cavab atəşi açmağımızı istəyirlər. Azərbaycan ordusu yalnız işğal altında olan ərazilərdə əməliyyatları davam etdirir”, – deyə A.Eyvazov qeyd edib.