Heydər şəhəri: Bu, arzu deyil, siyasi-ideoloji reallıqdır

Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızının Axar.az-a müsahibəsi:

– Aynur xanım, təşəbbüslərinizdən biri, deyəsən, qəbul edildi, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” adlı ictimai birlik ləğv edildi…

– Bu qərarı alqışlamaqla bərabər, həm də xeyli gecikmiş sayıram. Biz heç bir təklif və təşəbbüsü havadan irəli sürmürük, bunun mütləq siyasi və ictimai səbəbləri olur. Adi məntiqdir, Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanıb və Dağlıq Qarabağ münaqişəsini tarixə gömüb, de-yure 1991-ci ildə ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin mövcudluğuna de-fakto 2020-ci il 10 noyabrda son qoyulub, keçmiş DQMV-nin yarısında Ordumuzun şanlı əsgərləri dayanıb, Prezident 10 noyabr nitqində Azərbaycanda yaşayan bir ovuc erməniyə – onların sayı 60 mindən də azdır – hər hansı status verməyəcəyini elan edib, statusun gorbagor olduğunu ən yüksək səviyyədə elan edib və s. Bütün bunlardan sonra “Dağlıq Qarabağın Azərbaycanlı İcması” adlı qurum da öz missiyasını artıq başa vurmuş sayılır. Olmayan bir inzibati ərazidə, Azərbaycanın daxilində “azərbaycanlı icması” necə ola bilər ki?

Ona görə də 10 noyabr 2020-ci il üçtərəfli bəyanatından dərhal sonra bu qurumun ləğvi və yaxud adını dəyişməsi təşəbbüsü ilə çıxış etdik. Bununla bağlı millət vəkilləri və politoloqlar da açıqlamalar verdilər və bu təşəbbüsü dəstəklədilər. Təəssüf edirəm ki, ictimai birlik ləğv prosesini xeyli yubatdı.

Zamanında siyasi konyuktura tələb edirdi, fəaliyyət göstərdi və ölkəmizin maraqlarına uyğun işlər də gördü. Ancaq funksiyasını başa vuran qurumu vaxtında ləğv etmək lazımdır. Əksinə, bu qurumun adı hazırda ölkəmizin siyasətinin əleyhinə çevrilmişdi və bu addan, bu adın yaratdığı təəssüratdan ermənilər istifadə edə bilərdi.

– Qurumun özünü buraxdığını elan etdiyi açıqlamada “Qarabağa dönüş” adlı yeni ictimai birlik yaradıldığı bildirilib…

– Böyük Qayıdış – dövlət proqramı kimi, ən yüksək səviyyədə aparılır və bununla bağlı rəsmi sorğular da keçirilir, azad edilən ərazilərin bərpası prosesi sürətlə gedir. Bu işlər birbaşa Prezidentin şəxsi nəzarətindədir və inşallah, qısa müddətdə məskunlaşmanın başladığına şahidlik edəcəyik. Bu böyük prosesdə ictimai birlik hansı rol oynaya bilər, doğrusu, bu suala cavab vermək çətindir. Nizamnamə və fəaliyyət istiqamətləri elan ediləndə bu barədə fikir yürütmək olar. Əsas məsələ odur ki, bu ad – “Qarabağa dönüş” artıq dövlət siyasətimiz, yaxınmüddətli milli strategiyamızdır. Arzulayaq ki, bir neçə ildən sonra bu ad da tarixə qovuşmuş olsun – bütün qarabağlılar yurduna dönsün, Qarabağa həyat qayıtsın.

– 10 noyabr kapitulyasiyasından sonra təkliflərinizdən biri də “Dağlıq Qarabağ” istilahından imtina idi…

– Bu təşəbbüsü hazırda da xəbərlərimizdə, paylaşımlarımızda tətbiq etməyə çalışırıq. Bilirsiniz, “Dağlıq Qarabağ” istilahı həddən artıq geniş yayılıb, beynəlxalq miqyasda konfliktin adını bildirir, hətta ermənilər “artsax” adını gündəmə gətirməyə çalışdılar və adı dəyişməyi bacarmadılar. Yəni bu istilahdan imtina xeyli çətin görünür. Ancaq biz siyasi prosesləri izləyərək, Azərbaycan Prezidenti və Azərbaycan Ordusunun yaratdığı yeni reallıqdan çıxış edərək, bu təşəbbüsü irəli sürdük. Yeni reallıqları dünyaya qəbul etdirmək istiqamətində proses gedir, dövlətimizin siyasəti də bu yöndədir. Bu siyasətin leksikonda inikası mütləqdir və biz ilk növbədə “Dağlıq Qarabağ” adından imtina etməliyik. 26 fevral 2021-ci ildə Prezident keçirdiyi geniş mətbuat konfransında da bu məsələyə xüsusi toxundu və “Dağlıq Qarabağ” adlı hər hansı inzibati ərazi vahidinin olmadığını, yuxarı, aşağı, aran Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bildirdi. Prezident o konfransda “Dağlıq Qarabağ” istilahından imtinaya çağırdı. Yəni biz bu istilahı siyasi leksikonumuzdan çıxarmaqla həm də Ordumuzun yaratdığı yeni reallığın təbliğini aparmalıyıq və bu da Prezidentin milli siyasətinin tərkib hissəsidir.

– İndisə keçək ən mühüm – Heydər şəhəri təşəbbüsünüzə. 14 noyabr 2020-ci ildə maraqlı bir məqalə ilə çıxış etdiniz və bu təklifi irəli sürdünüz. Niyə məhz Hadrutun adının dəyişdirilməsini istəyirsiniz?

– Çünki Hadrut keçmiş Dağlıq Qarabağın qapısıdır. Xatırlayın, Vətən müharibəsində ermənilər ilk psixoloji zərbəni Hadrut qəsəbəsinin azad edilməsi ilə aldılar. Bu qəsəbəni yenidən işğal etmək üçün saysız-hesabsız hücumlar da təşkil etmişdilər və hər dəfə nəinki geri oturduldular, Azərbaycan Ordusu hər əks-hücumda daha da irəli getdi. Hadrutun ermənilərdə yaratdığı dərin psixoloji sarsıntı bu təşəbbüslə çıxış etməyimin ilk şərtidir.

Digər tərəfdən, Hadrutun coğrafi mövqeyi, ərazisi baş tacımız Şuşadan daha genişdir. Biz bu şəhəri yenidən qura, ekzotik bir turizm şəhərinə çevirə bilərik. Eyni zamanda bura ideoloji mərkəzimiz ola bilər…

– Sizin bu təklifinizdən sonra bəziləri qəsəbənin əvvəlki adını – Ağoğlanı yada saldı.

– Mən bayaq da qeyd etdim ki, heç bir təşəbbüsü təsadüfən, havadan irəli sürmürük. Hadrutun adının Heydər şəhərinə dəyişdirilməsi düşmənə psixoloji zərbə olmaqla bərabər, bizim siyasi-ideoloji planlarımızın həyata keçirilməsi üçün vacibdir. Baxın, Ali Baş Komandan 8 noyabrda Fəxri Xiyabana gedərək, Heydər Əliyevin məzarını ziyarət etdi, “Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim” dedi. Heydər Əliyevin strateji, ideoloji, milli düşüncə tariximizdə, bugünkü qələbəmizdə obrazını bu söz, bu ifadə tam ehtiva edir. Heydər Əliyev Qarabağ zəfərinin ideoloji müəllifi, milli məfkurəmizdə misilsiz yer tutan dahidir. Bu şəxsin adını daşıyacaq şəhərin məhz keçmiş Dağlıq Qarabağın qapısı, girişində yerləşməsinin düşməndə və dünyada yaradacağı reaksiyanı təsəvvür etmək çətin deyil!

Heydər şəhəri Qarabağın da deyil, bütövlükdə Azərbaycanın ideoloji-siyasi mərkəzi kimi fəaliyyət göstərə bilər. Məsələn, orda əzəmətli bir Heydər Əliyev Mərkəzi tikilir, Türk Şurasının toplantılarından əksəri ora salınır, beynəlxalq konfranslar orda keçirilir. Və yaxud Türk PA-nın ofisi ora köçürülür…

Xatırlayırsınızsa, Şuşa şəhərində iqamətgah tikmək istəyən məmurları Prezident tənqid etmişdi. Bax, Heydər şəhərində onlara son dərəcə gözəl arxitekturalı iqamətgahlar, nazirliklərə Qarabağ regional mərkəzləri tikməyə torpaq ayrılır – əlbəttə ki, yüksək peşəkarlıqla hazırlanan Baş Plan əsasında.

Heydər şəhəri ən azı 50-60 min əhalisi olan ən müasir şəhərə çevrilir. Bu şəhərin ətrafında DSX-nin zastavası da yerləşə bilər, MN-in hərbi məktəbi də. Heydər şəhəri Zəngəzur dəhlizinə də yaxındır və gələcək strateji hədəflərimizin nüvəsi rolunu oynaya bilər.

Bu şəhərin inkişafı, eyni zamanda, Xankəndinin bütün Qarabağ regionundakı siyasi mərkəz funksiyasını dərhal əlindən alacaq. Xankəndi, əlbəttə ki, bizimdir, ora da qayıdacaq və yaşayacağıq. Ancaq ictimai-siyasi və ideoloji mərkəz Heydər şəhəri olacaq, Xankəndi kölgədə qalacaq və Heydər şəhəri Azərbaycanın ən mühüm, məsələn, Naxçıvan, Gəncə və s. şəhərləri sırasına daxil olacaq.

Bunun üçünsə o şəhərin ilk başda adı ideoloji olmalıdır. Bu baxımdan Heydər şəhəri – ən ideal addır. Bu adın özü artıq şəhərin ideoloji-siyasi mesajı, Azərbaycan hakimiyyətinin bu şəhərə münasibəti olacaq.

– Gözəl arzudur…

– Bu, arzudan daha artıq bir məsələdir və Ali Baş Komandanın, Ordumuzun yaratdığı siyasi reallığın diktəsidir. Əlbəttə, təklifdir və qəbul ediləcəyi halda sevə-sevə o şəhərin qurulmasında iştirak edəcəyik.

Hamısını Göstər

Related Articles

Back to top button