Hikmət Hacıyevdən yad ölkədə “doğmalara” vətənpərvərlik dərsi…

“Həyatda ən çətin şey vətənə xəyanət etməkdir!”
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 iyul tarixində Almaniya Federativ Respublikasına səfər edib. Səfər əsnasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə xaricdə yaşayan müxalifətçi Tural Sadıqlı arasında qısa dialoq yaşanıb.
Tural Sadıqlının sualına cavab olaraq, Azərbaycand peşəkar medianın mövcudluğuna diqqət çəkən Hikmət Hacıyev, daha sonra dövlətə xəyanət edən şəxslərlə bağlı fikirlərini dilə gətirib. Vətənə xəyanəti ən çətin, ən dəhşətli şey adlandıran Hikmət Hacıyev, bu cür şəxsləri bədbəxst hesab etdiyini, onlara yazığı gəldiyini söyləyib:
“Həyatda ən çətin şey vətənə xəyanət etmək, dövlətə xəyanət etməkdir. O statusda yaşayan insanlara, səmimi deyirəm, mənim yazığım gəlir. Düzdür, Allahın yazığı gəlsin… Amma mən bunu bir bədbəxtçilik sayıram”.
Göründüyü kimi, Hikmət Hacıyev yad ölkədə “doğmalara” verdiyi vəyənpərvərlik dərsində vətənə xəyanət etməyi həyatda ən çətin şey adlandırıb. Çünki vətənə xəyanət insanın özünə, ruhuna, mənəvi dünyasına, bir sözlə, öz mahiyyətinə xəyanət etməsi deməkdir. Çünki vətənə xəyanət etmək bütün müqəddəsliklərə arxa çevirmək, bütün ali mənəvi dəyərlərlə vidalaşmaqdır. Və nəhayət, vətənə xəyanət eləmək, insanın öz ruhunu sonsuza qədər cəhənnəmə məhkum etməsi, əbədi olaraq şərin, zülmətin səfində yer alması deməkdir. Vətənə xəyanət edənlərin ruhuna cənnət, dünyasına bahar yasaqdır.
Bu baxımdan, Hikmət Hacıyevin Tural Sadıqlı ilə dialoqunda səsləndirdiyi “həyatda ən çətin şey vətənə xəyanət etməkdir” ifadəsi bir ömrə, bir kitaba bərabət cümlə hesab edilə bilər. Və bu cümlə vətənə xəyanətin astanasında dayanan, vətənə münasibətdə müxalifətşilik edən hər kəs üçün həyəcan siqnalı olmalıdır.
Bəli, “həyatda ən çətin şey vətənə xəyanət etməkdir!”Və bu həqiqət yəqin ki, heç vaxt dəyişməyəcək…
Seymur ƏLİYEV



