“Hitler və Putin qohum ola bilər: onların nadir DNT-si buna sübutdur” – “Bild” nəşri

“Hər iki diktator dünyanın nadir rast gəlinən DNT haploqrupuna mənsubdur…”
Bir qrup haker Rusiyanın prezidenti Vladimir Putinin uzaq qohumunun tibbi analizlərini ələ keçirib. DNT məlumatlarının diqqətlə araşdırılması Putinin diktator Adolf Hitlerlə genetik oxşarlığını üzə çıxarıb.
Moderator.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, hər iki lider dünyanın nadir rast gəlinən E-V13 DNT haploqrupuna mənsubdur ki, bu haploqrup Rusiyada demək olar ki, yoxdur.
Jurnalistlər qeyd edir ki, Putin bioməlumatlarını absurd dərəcədə gizlədir, onun yanında həmişə xüsusi mühafizəçi olur, o, prezidentin nəcisi və sidiyi də daxil olmaqla, genetik izlərini toplayır.
Genetik məlumatlar necə əldə edilib?
Hərbi analitik Yulian Repkenin məlumatına görə, hakerlər Putinin əmisi oğlu Mixail Putinin kompüterinə müdaxilə edib. Onlar orada 2023-cü ildə “Genotek” şirkəti tərəfindən aparılmış DNT analizinin hesabatını aşkar edib.
Qohumluq dərəcəsinin 6,5 faiz olması (Vladimir Putinin nənə və babası, Mixail Putinin isə ulu nənə və ulu babası olması) ekspertlərə Rusiya prezidentinin genetik kodunun bir hissəsini müəyyənləşdirməyə imkan verib.
Analizlərə əsasən, Mixail Putin atasının soy xətti ilə Rusiyada nadir rast gəlinən E-V13 haploqrupuna aiddir. Bu isə o deməkdir ki, Vladimir Putin də həmin haploqrupun daşıyıcısıdır. Onun kökləri müasir Kosovo ərazisinə gedib çıxır, burada əhalinin təxminən 30 faizi bu genetik markerə malikdir. Rusiyada isə bu göstərici cəmi 5 faizdir.
Xüsusilə maraqlı məqam ondan ibarətdir ki, 2010-cu ildə Britaniyanın “Daily Mail” qəzeti Adolf Hitlerin də eyni haploqrupa (E-V13 və ya E1b1b) aid olduğunu bildirib. Bu, o dövrdə KİV-də çoxsaylı müzakirələrə və zarafatlara səbəb olub. Hərbi analitik Yulian Repke istehza ilə qeyd edib: “Bəlkə də elə buna görə Putin mənşəyini bu qədər qısqanclıqla gizlədir?”.
Sağlamlıq üçün təhlükələr
Genetik analiz təkcə etnik mənşəyi deyil, həm də başqa bir mühüm faktı üzə çıxarıb- Mixail Putində prostat xərçəngi riski yüksəkdir. Onun Putinlə yaxın qohum olduğunu nəzərə alsaq, bu risk Rusiya prezidentində də ola bilər.
Putin və Kremlin rəsmi nümayəndələri bu barədə hər hansı şərh verməkdən yayınsalar da, ekspertlər əldə olunan məlumatları və onların mümkün nəticələrini təhlil edir.
Putinin DNT analizinin nəticələri
Kreml rəhbərinin rəsmi bioqrafiyası bir neçə dəfə dəyişdirilib və ictimaiyyətə təqdim olunan şəcərə cədvəlində ciddi boşluqlar var. Putinin qohumlarından biri onun əmisi oğlu Mixail Putindir, o, 2018-ci ildən etibarən sürətlə karyera yüksəlişi yaşayıb.
Kremlin “onların əlaqəsi yoxdur” iddialarına baxmayaraq, Mixailə “Qazprom”da mühüm vəzifə həvalə edilib. Peşə üzrə psixiatr olan Mixailin əsl rolu ailənin maraqlarını qorumaqdır. O, ictimaiyyətdən uzaq durmağa çalışsa da, əldə olunan arxivlər onun Rusiya hakimiyyət dairələri ilə sıx əlaqədə olduğunu təsdiqləyir.
Putinin əmisi oğlu Mixail ehtiyatlı həyat tərzi keçirir, dəbdəbəni nümayiş etdirməkdən çəkinir. Onun oğlu Denis artıq “Qazprom”da işləyib və ailə Moskvada yaşayır. Mixail sərvətini açıq şəkildə göstərməsə də, Peterburqda tarixi mərkəzdə yerləşən 700 min dollar dəyərində daşınmaz əmlaka sahibdir. Bundan başqa, o, dinə maraq göstərir və nadir ikonalar toplayır. O hətta knyaz ailələrinin ənənələrinə uyğun olaraq fərdi müqəddəs ikonalar sifariş edib.
2018-ci ildə “Qış Albalısı” Ticarət Mərkəzində 37 uşağın ölümü ilə nəticələnən faciədən sonra Kemerovo vilayətinin qubernatoru vəzifəsinə Sergey Sivilyov təyin olunub. O, Vladimir Putinin əmisi qızı Anna Putina ilə evlidir. Bu ailə əlaqəsi ona nəhəng “Kolmar” kömür şirkətinə nəzarət etməyə və Kemerovo vilayətini idarə etməyə imkan verib.
Anna Sivilyova Rusiya müdafiə nazirinin müavini, onun əri Sergey isə energetika naziri olub. Mixail Putin isə “Qazprom”da mühüm, lakin kölgədə qalan strateji rol oynayır. Bundan əlavə, Annanın bacısı Tatyana Ptaşuk Kremlin poliklinikasında çalışır və böyük miqdarda daşınmaz əmlaka malikdir.
Beləliklə, Putin ailəsi qan qohumluğu əsasında formalaşan həqiqi bir sülaləyə çevrilib. Burada vəzifələr və təsir imkanları yalnız ailə daxilində ötürülür. Mixail Putinin “Genotek” laboratoriyasına verdiyi DNT nümunəsi isə göstərir ki, Rusiyada bu ailəyə aid 1700-dən çox şəxs var və onlar Kremlin gizli hakimiyyət şəbəkəsinin bir hissəsi ola bilər.
Polise.az