Hitlerin Cənubi Amerikadakı izləri: MKİ-nin açıqlanan sənədlərində nə məlumat verilir?

“Mərkəzi Kəşfiyyat İdarəsi Hitlerin intiharına şübhə edib və onun axtarışını dayandırmayıb…”
1950-ci illərdə amerikalı agentlər nasist Almaniyasının lideri Adolf Hitleri İkinci Dünya müharibəsinin sonunda onun Berlindəki sığınacaqda intihar etməsindən on il sonra, Cənubi Amerikada axtarıb.
Moderator.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri Mərkəzi Kəşfiyyat İdarəsinin (MİK) açıqlanan sənədlərinə istinadən yazıb.
Rəsmi tarixçilər 1945-ci ildə Hitlerin intiharını sübut olunmuş fakt hesab etsələr də, kəşfiyyat xidmətləri müharibə bitdikdən sonra hələ onilliklər boyu onu axtarmağa davam edib.
Hitleri axtarmağa göndərilən bəzi agentlər əmin idilər ki, fürer sağ qalıb, adını dəyişib və Kolumbiyada və ya Argentinada gizlənir.
1955-ci ilin oktyabr ayına aid MİK sənədlərindən biri Kolumbiyada aparılmış gizli əməliyyatı təsvir edir. Burada bir mənbə Hitleri şəxsən görmüş keçmiş SS üzvü ilə tanış olduğunu bildirib. Hitleri tapmaq mümkün olmayıb, amma ehtimal olunub ki, o, Kolumbiyanı tərk edib 1955-ci ilin yanvar ayında Argentinaya köçüb.
Açıqlanan MİK sənədlərində 1954-cü ildə Kolumbiyada çəkilmiş bir fotoşəkil yer alır. Fotoşəkildə keçmiş nasistlərin Hitleri tanıdıqları bir kişi təsvir olunub.
Şəkildəki şəxs Adolf Şrittelmayyer adı ilə tanınıb və MİK-in mənbəyinə görə, keçmiş SS üzvü ilə hər ay əlaqə saxlayıb. Şəkil “gizli” ştamp ilə kəşfiyyat xidmətinə təqdim edilib.
Başqa bir sənəd isə Hitlerin Argentinanın La Falda şəhərindəki bir sanatoriya otelində yaşamış ola biləcəyini göstərir. Bu otelin sahibləri nasizmi dəstəkləyən tanınmış şəxslər olub.
2025-ci ilin mart ayında, Argentina prezidenti Xavyer Miley İkinci Dünya müharibəsindən sonra ölkədə sığınacaq tapmış nasistlərlə bağlı milli arxivlərin açıqlanacağını elan edib. Yeni sənədlər hərbi cinayətkarların beynəlxalq axtarışı tarixinin bilinməyən səhifələrini ortaya çıxara bilər.