Hulusi Kılıç: TDT artıq söz deyil – gücdür!

Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA-nın (Sosial İnkişafa Dəstək İctimai Birliyi) Türkiyədəki nümayəndəsi Hulusi Kılıç Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü ilə bağlı Musavat.com-a açıqlama verib.

O qeyd edib ki, Zirvə görüşü həm türk dünyası, həm qonşu, həm də digər ölkələrin diqqət mərkəzində idi. Diplomat Azərbaycanın sözügedən tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib:

“2009-cu ildə Naxçıvanda başlayan yol TDT-ə üzv və müşahidəçi dövlətlərin önəmli şəhərlərinə qədər uzanıb, bu şəhərlərdə mühüm qərarlar qəbul edilib. Qəbələ təbii gözəlliyi ilə hər kəsi heyran etdi. Azərbaycanın bu cənnət guşəsinin inkişafını 2008-ci ildən bu günə kimi izləyirəm. Dərin və uzaqgörən vizyonu ilə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və əməyi keçən dövlət xadimlərinə dərin təşəkkürlərimi bildirirəm. Ötən 16 il ərzində türk dövlətləri beynəlxalq iqtisadi əlaqələrini, hərbi potensialını gücləndirib, TDT çətiri altında yaxınlaşıb. 12-ci Zirvə Görüşündə liderlər gələcəyə dair önəmli mesajlar veriblər. Ən diqqətçəkən təklif Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin 2026-cı ildə TDT-yə üzv ölkələrin birgə hərbi təlimin keçirilməsi ilə bağlı oldu. Hər kəs bilməlidir ki, ortaq soy, dil, tarix və mədəniyyət əsasında qurulan TDT çərçivəsində əməkdaşlıq heç bir qonşu ölkəyə təhdid deyil. TDT sülh, əməkdaşlıq, yaxşı qonşuluq münasibətlərinə önəm verir. Cənab Prezident İlham Əliyevin təklifinin məqsədi beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğuna və ölkələrimiz arasında hərbi, o cümlədən hərbi-texniki sahədə əməkdaşlığın önəmini diqqətə çatdırmaqdır. Yəni təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Güclü dövlətin güclü ordusu olmalıdır. Sülh dövründə hazırlıq görməyən dövlətlər müharibəyə başlasa, uduzmağa məhkumdur. 44 günlük Vətən müharibəsində bunu aydın gördük. İlham Əliyevin “yolumuzu kəsənlərlə deyil, bizimlə birgə yol gedənlərə etibar edirik” fikrini xatırlayaq. Türk dünyasının inkişafına, güclənməsinə, birliyə önəm verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir çox önəmli mövzuya diqqət çəkib, mədəni zənginliyimizi qorumaq üçün ortaq türk əlifbası ilə bağlı danışıb. O, Türkiyənin ilk addımı ataraq, Çingiz Aytmatovdan bəhs edən bir əsər ilə oğuznamələri ortaq əlifba ilə nəşr etdiyini bildirib və liderlərə hədiyyə edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button