İcra başçısı olmaq üçün yarım milyon pul verən Qurban Piriyev danışdı: Pulu ödədim, onlardan səs çıxmadı – MƏHKƏMƏ

Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Qurban Piriyev ifadəsini davam etdirib.

O, Rasim İldırımzadənin vəkilinin suallarını cavablandırarkən bildirib ki, Azərbaycanda biznes qurmaq məqsədilə təqsirləndirilən şəxslərə pul verib:

“Biznes qurmaq üçün ərazi axtarırdım. Yanında göl olan geniş sahədən kiçik bir hissəni almaq barədə razılığa gəldik. Ərazinin pulunu ödədikdən sonra uzun müddət onlardan xəbər çıxmadı, nəticədə məsələ bu həddə çatdı”.

Şahid Natiq Xəlilov bildirib ki, təqsirləndirilən şəxslərdən yalnız Qoşqar Məmmədov onun dostudur, digər təqsirləndirilən şəxsləri tanımır:

“Qurban Piriyevin vəzifəyə təyin olunması ilə bağlı evdə gedən söhbətlərdə Rasim İldırımzadənin adını eşitmişdim. Onu da anam danışanda bilmişəm. Anam isə artıq vəfat edib. Buna görə məni şahid qismində çağırıblar. Anamla Qoşqar bu mövzuda danışıblar. Dəqiq olaraq Qurban Piriyevə hansı məqsədlə vəd verildiyini bilmirəm”.

Digər şahidin ifadəsi üçün məhkəmə prosesi mayın 13-dək təxirə salınıb.

İstintaq sənədlərinə əsasən, Rasim İldırımzadə həbsindən əvvəl istintaqdan yayınaraq axtarışda olub. O, saxlanıldıqdan sonra məhkəmənin qərarı ilə həbs edilib. Daha sonra onunla birlikdə Zaur Mirzəzadə və Qoşqar Məmmədov da eyni qaydada həbs olunublar. İstintaq zamanı onlar əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra barələrində “başqa yerə getməmək” barədə qətimkan tədbiri seçilib.

Onların əməllərindən zərərçəkən iş adamı Qurban Zeynəddin oğlu Piriyevdir. O, əvvəllər müxtəlif dövlət orqanlarında vəzifələrdə çalışıb. Onu aldadan şəxslərlə tanış edən isə Balakən rayon sakini Hürü Əmiraslanova olub. Hürü Əmiraslanova da bu iş üzrə cinayət məsuliyyətinə cəlb edilib. Lakin istintaq zamanı vəfat etdiyi üçün onunla bağlı cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

İttihama görə, təqsirləndirilən şəxslər Qurban Piriyevi Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağı vədi ilə aldadıblar. Cinayətin əsas təşkilatçısı isə Rasim İldırımzadədir. O, qurduğu plan vasitəsilə zərərçəkəni inandıra bilib. Rasim İldırımzadə qrupun digər üzvü Qoşqar Məmmədovu Prezident Administrasiyasında çalışan yüksək vəzifəli şəxs kimi təqdim edib və onun bütün məsələləri həll edəcəyini deyib. Zaur Mirzəzadəni isə guya həmin strukturlarda işləyən, “Nihat” adlı mötəbər şəxs kimi tanıdıb.

İşi təşkil edənlərin nüfuzlu şəxslər olduğuna inanan Qurban Piriyev icra başçısı olmaq üçün Rasim İldırımzadənin adamlarına bir neçə dəfə olmaqla ümumilikdə 510 min manat pul və 34 min manat dəyərində qızıl-zinət əşyaları verib.

Daha sonra aldadıldığını anlayan Qurban Piriyev polisə müraciət edib. İlkin istintaq dövründə ona dəymiş ümumilikdə 544 min manat ziyanın 85 min manatı Rasim İldırımzadə, 20 min manatı isə Zaur Mirzəzadə və Qoşqar Məmmədov tərəfindən geri qaytarılıb.

Qeyd edək ki, Rasim İldırımzadənin qardaşlarından biri Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button