“İkinci qızılgül inqilabı” astanada: Saakaşvilinin qayıdışı hər şeyi dəyişə bilər

Gürcüstanın müxalifəti eks-prezident Mixeil Saakaşvilini qarşıdan gələn parlament seçkilərində baş nazir postuna namizədliyini irəli sürüb.

Oktyabrın 31-də keçiriləcək seçkilərdə müxalifət səs çoxluğu qazanarsa, hökuməti formalaşdırmaq imkanı əldə edəcək.

Lakin indi Gürcüstan cəmiyyətini və siyasi müşahidəçilər daha çox bir suala cavab tapmağa çalışır-Mixeil Saakaşvili Gürcüstana necə qayıdacaq?

İvanişvili hakimiyyəti isə Saakaşvilini həbs etməkdə israrlı görünür. Baş nazir Georgi Qaxariya bu yaxınlarda Saakaşvilinin ölkəsinə qayıtmaq niyyətinə belə cavab verib:

“Bir daha təkrar edirəm. Buyursun, gəlsin. Heç kim və heç nə ölkədə sabitliyi sual altına sala bilməz. Heç kim və heç nə ölkədə seçkilərin dinc şəkildə keçirilməsini sual altına sala bilməz”.

Georgi Qaxariyanın bəyanatı Gürcüstan hökumətinin əsas narahatlığının məhz seçkilərlə bağlı olduğunu göstərir. Saakaşvilinin parlament seçkiləri ərəfəsində Gürcüstana dönməsi hakim “Gürcü arzusu” Partiyası üçün arzuolunmaz nəticələr doğura bilər. Çünki Saakaşvilinin qayıdışı ölkədə siyasi prosesləri aktivləşdirə bilər. Son illər ölkədə hakimiyyət əleyhinə güclü protest elektorat formalaşıb və 2019-cu ilin iyun ayında baş verən etiraz aksiyaları da bunu nümayiş etdirdi. Seçki prosesi təbii ki, ölkədə siyasi qarşıdurmanı artıracaq. Belə vəziyyətdə Saakaşvili kimi nüfuzlu liderin Gürcüstana qayıtması müxalifətin reytinqini artıra bilər. IRI şirkətinin bu yaxınlarda keçirdiyi rəy sorğusunun nəticələrinə görə, hakim partiyaya səs vermək istəyənlərin sayı 33 faiz təşkil edir. Vahid Milli Birlik Partiyası isə 16 faiz göstərici ilə ikinci yeri tutub. Ekspertlərin fikrincə, “Gürcü arzusu” seçkilərdə qalib gəlsə belə təkbaşına hökumət formalaşdıra bilməyəcək. İvanişvilinin müxalifətin lokomativini təşkil edən Saakaşvilinin komandası ilə koalisiyaya gedəcəyi isə inandırıcı görünmür. “Survation” şirkətinin “”Rustavi-2” telekanalının sifarişi ilə keçirdiyi sorğuda isə Gürcü Arzusu Partiyası 52 faiz tərəfdar qazanıb. Vahid Milli Hərəkat Partiyası isə 19 faizlə ikinci yerdə qərarlaşıb. Ancaq seçkilərin gedişində bu göstəricilər dəyişə bilər. Saakaşvilinin ölkəyə qayıdışı baş tutarsa, bu sözsüz ki, müxalifətin nüfuzunu və tərəfdarlarını artıracaq. Eks-prezidentin bu gün ölkəyə qayıdışı və ya sərbəst şəkildə seçkilərə qatılmaq imkanları nə qədər qeyri-real görünsə də onun üstünlüyünü təmin edən güclü daxili və xaricii amillər mövcuddur. İlk növbədə, müxalifətin 73 təkmandatlı dairənin hamısında vahid namizıdlə çıxış etməsi İvanişvilinin rəqiblərinin qələbə şansını artırır. Bu isə 150 nəfərlik parlamentdə müxalifətə yerlərin 40-45 faizini qazanmaq imkanı yaradır. Son illər reytini xeyli zəifləmiş “Gürcü arzusu”na vahid namizədlərə qarşı təkbaşına mübarizə aparmaq çətin olacaq. Proporsional siyahı üzrə müxalifətin əldə etdiyi mandatları bura əlavə etsək, parlamentdə yerlərin 50 faizdən artığına sahib ola bilər. Müxalifətin vahid mövqedən çıxış etməsi səslərin parçalanmasının qarşısını alır.

Ona görə də hakim partiyanın 50 faizdən aşağı səs toplaması müxalifətin qələbəsini dinc yolla təmin edə bilər. Lakin vahid namizədlərin qələbə qazanmasında Saakaşvili amili mühüm rol oynaya bilər. Çünki onlara verilən səs əslində Saakaşvilinin baş nazir olmasına ictimai etimadın göstərici sayılacaq. Vaxtilə Saakaşviliyə qarşı sərt müxalifətdə olan partiyaların belə eks-prezidentin baş nazir postuna namizədliyini dəstəkləməsi onun yüksək siyasi reytinqə malik olması ilə bağlıdır. Əgər müxalifət seçkilərdə obyektiv şəkildə məğlub olsa, deməli Gürcüstan cəmiyyəti Mişanın yenidən hakimiyyətə qayıtmasını istəmir. Saakaşvilinin digər müsbət cəhəti onun yüksək idarəçilik təcrübəsi hesab edilir. “Güc birlikdədir” koalisiyasına daxil olan müxalif liderlərin heç biri Saakaşvili qədər dövlət idarəçiliyi təcrübəsinə malik deyil. Buna baxmayaraq, tərəfdarları getdikcə artmaqda olan Avropa Gürcüstanı Partiyasının liderlərindən biri Sergi Kapanidze də baş nazir postuna potensial namizəd sayılır. Müxalifətin qərarı Saakaşvilinin birləşdirici fiqur olduğunu təsdiqlədi. Sergi Kapanidze barəsində isə bunu demək çətindir. Saakaşvilinin Gürcüstana qayıtmasının əsas şərtlərindən biri prezident Salome Zurabişvilinin onun barəsində cinayət işini ləğv etməsidir. Bəs Zurabişvili bunu edəcəkmi? Təbii ki, o Saakaşvilinin ölkəyə qayıdışına imkan verən sərəncamı imzalamaq istəsə də “Gürcü arzusu”nun sədri Bdzina İvanişvili buna imkan verməz. Çünki İvanişvili Zurabişvilinin hakimiyyətə gəlməsində mühüm rol oynamaqla bərabər onun üzərində ciddi təsirə malikdir. Bununla yanaşı, M.Saakaşvilini həbs etmək də o qədər asan deyil. Hökumət rəsmilərinin açıqlamaları daha çox daxili ictimai rəyə hesablanıb. Mixeil Saakaşvili Gürcüstana gəlib həbs edilsə belə, o Ukrayna vətəndaşıdır. Ona görə də rəsmi Tbilisi onu Ukraynaya ekstradisiya etməyə məcburdur. Ukrayna hökuməti isə Saakaşvilini dərhal azadlığa buraxacaq. Qeyd edilən səbəbdən Saakaşvilinin həbsinin sadə bir prosedur olmadığını Gürcüstan hökuməti də yaxşı bilir. Ancaq Saakaşvilinin namizəd kimi seçkilərə buraxılmaması onun Baş nazirliyə gedən yolunu əngəlləyə bilər. Bu da Gürcüstanda hakimiyyətə qarşı kütləvi aksiyaların baş qaldırmasına stimul verəcək. Ölkədə koronavirusa yoluxma hallarının kəskin azalması və karantin qaydalarının mərhələli şəkildə ləğvi müxalifətə etirazlara başlamaq üçün şərait yaradır. Əgər Saakaşvili seçkiyə buraxılmasa və ya polis tərəfindən saxlanılsa o zaman müxallifətin seçkiinin nəticələrini şübhə altına alacağını güman etmək olar. Bu isə Gürcüstanda ikinci “qızılgül inqilabı”nın baş qaldırmasına səbəb ola bilər. Çünki Rusiya və Fransanın təsiri altında olan İvanişvilinin hakimiyyətdən getməsində maraqlı olan ABŞ Saakaşviliyə dəstək verir. Son bir ildə Vaşinqtonla İvanişvilinin münasibətləri xeyli korlanıb. Hətta ABŞ Konresində Gürcüstan hakimiyyətinə sanksiyaların tətbiqinə dair çağırışların sayı artıb. Saakaşvilinin həbsi bu sanksiyaların reallaşmasına yol aça bilər. Digər tərəfdən, Gürcüstanın 2021-ci ildə NATO-ya qəbulu planlaşdırılır. Həmin prosesin həyata keçməsi üçün ABŞ Gürcüstanda özünə yaxın siyasətçinin hakimiyyət başına gəlməsində maraqlıdır. Bu mənada, ABŞ üçün ən etibarlı şəxs Saakaşvilidir. Vaçinqton eks-prezidentin yenidən hakimiyyətə qayıtması üçün Gürcüstanda ikinci “qızılgül inqilabı”na da dəstək verməyə hazırdır. Əslində, Rusiya ilə bağlı geostrateji planın tərkib hissəsidir. Belarusda dinc inqilabın baş verməsi və İvanişvilinin hakimiyyətdən uzaqlaşdırılması nəticəsində Gürcüstanın NATO-ya qəbulu Baltikyanı-Şərqi Avropa-Qara dəniz-Cənubi Qafqaz istiqamətində Rusiyanın əhatəyə alınması deməkdir. Ona görə də Belarusda başlanmış prosesin inkişaf edərək Gürcüstana keçəcəyi gözlənilir.

Mənbə
cebhe.info
Hamısını Göstər

Related Articles

Back to top button