İldırımsürətli müharibə alınmadı, Putin nə planlayır? – Ukrayna rəsmisindən ilginc açıqlama

“Ümumilikdə Rusiya Ukraynaya 1200-dən çox ballistik, qanadlı və səsdən sürətli raketlər atıb, onlardan 467-si yaşayış məntəqələrini hədəf alıb”.

Bunu martın 29-da Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasında Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislisa bildirib.

“İldırımsürətli müharibə (blitskrieg) planı uğursuz olduqdan sonra Rusiya “B planı”na keçdi. Bu plan Ukraynanın siyasi rəhbərliyini və xalqını təslimiyyətə məcbur etmək üçün Ukraynada humanitar fəlakət törətmək və ölkəmin kənd təsərrüfatı potensialını məhv etməkdir” – Kislitsa qeyd edib.

O vurğulayıb ki, Rusiyanın “alətlər qutusu” geniş və son dərəcə qəddardır:

“Buraya yaşayış məntəqələrinin və mühüm infrastrukturun qəsdən dağıdılması, ölkənin hər yerində raket hücumları, şəhərlərin mühasirəsi, humanitar dəhlizlərlə bağlı razılaşmaların pozulması, işğal olunmuş ərazilərdə dinc əhaliyə qarşı terror, o cümlədən adam oğurluğu və qətllər daxildir. İndi işğalçılar 30-a yaxın yerli lider, fəal və jurnalisti oğurlayıblar. Mariupol Avropanın ürəyində qanayan yara olaraq qalır. Yerli hakimiyyət orqanlarının məlumatına görə, ən azı 5 min insan həlak olub. 150 minə yaxın sakin hər hansı elementar yaşayış şəraitindən məhrum olaraq mühasirədə qalır. Onlar təxliyə edilməlidir, lakin Rusiya ərazisinə yox. Rusiyanın bunu etmək cəhdləri təkcə rüsvayçı riyakarlıq deyil, həm də müharibə qanunlarının və adətlərinin, beynəlxalq-humanitar hüquq normalarının, xüsusən, 1949-cu il Cenevrə Konvensiyasının və Cenevrə Konvensiyalarına I Əlavə Protokolunun kobud şəkildə pozulmasıdır. 40 minə yaxın ukraynalı zorla Rusiya və Belarusa aparılıb”.

O bildirib ki, Rusiya qoşunları Mariupoldan Ukraynanın işğal olunmamış ərazisinə keçməyə çalışan təxliyə kolonlarını atəşə tutur.

UNICEF-in məlumatına görə, Ukraynada müharibə gedən bir ay ərzində 4,3 milyon uşaq köçürülməli olub ki,  (ölkədə 7,5 milyon uşaq var), onlardan da 1,8 milyonu xaricə aparılıb. Ən azı 143 uşaq rus işğalçıları tərəfindən öldürülüb, 216 uşaq yaralanıb.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button