İlham Əliyev: “Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür”
“Ermənistanda baş verən hadisələr rəsmi İrəvanın daxili işidir”.
Bunu mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
“Ötən gün şəhid ailələri ilə görüşdə çıxışım zamanı Ermənistandakı vəziyyətə də toxundum. Bildirmək istəyirəm ki, çıxış hadisələrdən əvvəl edilmişdi. Hər kəs bilsin ki, mənim şərhlərim hadisələrdən əvvəl idi. Ancaq hadisələr onu göstərdi ki, mən tam haqlı idim. Bu gün Ermənistan o qədər ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir”, – deyə İ.Əliyev bildirib.
Prezident qeyd edib ki, 20 il ərzində Ermənistanı faktiki olaraq uçuruma aparırdı:
“Ölkə demək olar ki, bütövlükdə müstəqillik əlamətlərini itirmişdi. Daha çox müstəmləkəyə bənzəyirdi. Bunun əsas səbəbi işğalçılıq siyasətidir. Nə qədər torpaqlarımızı işğal altında saxlamaq istəyirdilərsə, o qədər də asılı vəziyyətə düşürdülər. Ermənistanı ardıcıl olaraq bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik. Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək bizim siyasətimiz idi. Mən bunu heç vaxt gizlətmirdim. Dəfələrlə deyirdim ki, biz bu siyasəti o qədər aparacağıq ki, torpaqlarımız işğal altındadır. Ermənistan öz silahlı qüvvələrini torpaqlarımızdan çıxarsın ondan sonra bölgədə əməkdaşlıq, iş birliyi ola bilər. Əfsuslar olsun ki, onlar buna qulaq asmadı. Əgər vaxtında qulaq asaydılar, bu gün rəzil duruma düşməzdilər. Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Mən onların daxili vəziyyəti ilə bağlı hər hansı bir şərh vermirəm. Biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq”.