İlham Əliyev və Volodimir Zelenski görüşündə əsas hədəflər: Mühüm sahələrdə sənədlərin imzalanması gözlənilir
Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində ölkənin prezidenti Volodimir Zelenski ilə görüşü baş tutacaq.
Artıq ötən gün Ukrayna mətbuatında görüşün xüsusilə işgüzar məsələlərə həsr olunacağı öz əksini tapmışdı.
Azərbaycan və Ukrayna arasında uzun illərdir ki, uğurlu iqtisadi əlaqələr mövcuddur. Görünən odur ki, perspektivdə bu əlaqələrin genişləndirilməsi, müxtəlif sahələr üzrə əməkdaşlığın qurulması, ölkələr arasında investisiya imkanlarının daha da sağlamlaşdırılması və ən əsası mövcud əlaqələrin gücləndirilməsi prioritet olacaq.
Ukrayna Azərbaycanın sadiq iqtisadi tərəfdaşlarından biridir. İki ölkə arasında böyük həcmdə ticarət dövriyyəsi mövcuddur. Digər tərəfdən Azərbaycan-Ukrayna münasibətləri mühüm humanitar ölçüyə malikdir. Ukraynada çoxlu sayda azərbaycanlı tələbə təhsil alır. Eyni münasibət özünü turizm sektorunda da göstərir. Hər il ölkəmiz Ukraynadan əhəmiyyətli sayda turist qəbul edir. Ümumiyyətlə Ermənistan istisna olmaqla, Azərbaycan keçmiş SSRİ-nin bütün ölkələri, o cümlədən Ukrayna ilə ənənəvi dostluq münasibətlərini saxlayır.
Mövcud münasibətləri nəzərə alsaq, səfərlə bağlı gözləntilər yüksəkdir. Əsas məqsəd isə ticarət və iqtisadi əlaqələrin inkişafını daha da yüksək səviyyəyə çatdırmaqdan ibarət olacaq. Səfər çərçivəsində xüsusilə kənd təsərrüfatı və energetika sahəsində tərəfdaşlıq əlaqələrinin inkişafına dair sənədlərin imzalanması gözlənilir.
Ukrayna kənd təsərrüfatı sahələrinə və müvafiq sektor üzrə məhsuldarlığa görə seçilən ölkədir. Son illər dünyada gedən bir sıra əhəmiyyətli proseslər ərzaq təhlükəsizliyinin əsas mövzuya çevrilməsini labüd edib. Bu cəhətdən Azərbaycan dövləti də müvafiq məsələyə diqqətini artırıb. Ölkəmizdə də ərzaq təhlükəsizliyinin tam təmin olunması üçün sahibkarlar Ukraynada əkin sahələrini icarəyə götürməkdə maraqlıdırlar.
Digər əhəmiyyətli sahə enerji sektorudur. Ukrayna ilə Azərbaycan arasında enerji sahəsində uzun illərdir ki, davamlı əməkdaşlıq mövcuddur. Bildiyiniz kimi Ukraynanın Odessa, Nikolayev bölgələrində və paytaxt Kiyevdə “SOCAR Energy Ukrayna”ya məxsus yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Şirkətin buradakı əsas fəaliyyəti Ukrayna ərazisində yanacaqdoldurma məntəqələri şəbəkəsini inkişaf etdirmək, benzin və neft məhsullarının topdan satışını təşkil etməkdir.
2009-cu ildə SOCAR Ukraynanın Odessa şəhərindən 5 kilometr aralıda yerləşən, sahəsi 3,6 hektar olan “Naftonreyd” neft bazasını əldə edib. SOCAR-ın yanacaqdoldurma məntəqələri artıq Ukraynada tanınmış brendə çevrilib, enerji sektorunda əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar yaradır.
Bütün bunları nəzərə aldıqda, Ukraynanı Azərbaycanın kənd təsərrüfatı və neft-kimya məhsulları üçün sərfəli bazar hesab etmək olar. Ukrayna Azərbaycan ixracı üçün alternativ bazar kimi də vacibdir. Bunu ölkəmizin Ukraynaya ixrac həcmi də sübut edir. 2020-ci il ərzində Ukraynaya 353 045 370 dollarlıq məhsul ixrac edilib. Təkcə 2021-ci ilin 11 ayında isə bu rəqəm 446 930 230 dollar olub. Ötən il 11 ayının ixrac həcminin 2020-ci ilin ümumi ixrac həcmini üstələməsi ölkədə Azərbaycan məhsullarına tələbin artdığını göstərir.
Ümumilikdə 2021-ci ilin 11 ayında ölkələr arasında ticarət dövriyyəsinin həcmi 866 milyon dollara bərabər olub. 2020-ci ildə isə ticarət dövriyyəsi 771 milyon dolları təşkil edib. Bu rəqəmlər Ukraynanı Azərbaycanın altıncı ən mühüm ticarət tərəfdaşı edir.
Ukrayna həmçinin Azərbaycanın ən çox idxal həyata keçirdiyi ölkələr arasındadır. 2021-ci ilin 11 ayı ərzində ölkədən 419 milyon dollar həcmində idxal baş tutub və bu 2020-ci il üzrə ümumi idxal həcmini (418 milyon dollar) üstələyib.
Azərbaycan Ukraynadan idxal həcmini artırmaqda daha da maraqlı ola bilər. Ukrayna metal konstruksiyaların, qara metalların, kağızların, kartonların, əczaçılıq məhsullarının istehsalı üzrə ixtisaslaşmış ölkədir və bu məhsullar Azərbaycan üçün əhəmiyyətli xammalı təşkil edə bilər.
Qeyd edilən uğurlu iqtisadi əməkdaşlıq göstəriciləri münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına zəmin yaradır. Bu cəhətdən növbəti görüşün mövcud məqsədlərin təmin edilməsində əhəmiyyətli qərarlarla nəticələnəcəyini demək olar.