İlham Əliyev Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşdü – YENİLƏNDİ

Aprelin 17-də Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub.

Teleqraf xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevlə Əhməd Əl Şaraanın ötən il Azərbaycana səfəri zamanı, həmçinin 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində görüşləri məmnunluqla xatırlandı.

Suriyada baş vermiş dəyişikliklərdən sonra ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı konkret addımların atıldığı vurğulandı.

Enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunularaq, bu xüsusda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçirilməsinin əhəmiyyəti və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verməklə ümumilikdə bu ölkənin inkişafında önəmi qeyd olundu.

Əhməd Əl Şaraa Azərbaycanın Suriyaya göstərdiyi dəstəyə görə dövlətimizin başçısına bir daha minnətdarlıq etdi.

Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı, əlaqələrimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların roluna toxunuldu.

Söhbət zamanı bölgədə yaranmış gərginlikdən narahatlıq ifadə olundu, münaqişənin diplomatik yolla həll edilməsinin vacibliyi vurğulandı.

Dövlət başçısı Əhməd Əl Şaraanı ölkəmizə səfərə dəvət etdi.

Dəvət məmnunluqla qəbul olundu.

***

11:16

Aprelin 17-də Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub.

Teleqraf xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button