İlham Əliyev Bolqarıstan Milli Assambleyasının sədrini qəbul etdi

Prezident İlham Əliyev iyunun 18-də Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselovanı qəbul edib.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin strateji xarakter daşıdığını deyərək, əməkdaşlığımızın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərləri və həyata keçirilən birgə layihələri qeyd edib.
Siyasi münasibətlərimizin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı son illərdə enerji sahəsində aktiv qarşılıqlı fəaliyyətin həyata keçirilməsindən məmnunluğunu bildirib.
Azərbaycan Prezidenti Nataliya Kiselovanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən toplantısında iştirakının önəminə toxundu, səfərin səmərəli olacağına və ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaradacağına ümidvarlığını ifadə edib.
Qəbula görə dövlətimizin başçısına minnətdarlıq edən qonaq ölkələrimizin əlaqələrinin inkişafından məmnunluğunu bildirib, Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni vurğulayıb.
Nataliya Kiselova Heydər Əliyev Fondunun dəstəyi ilə Bolqarıstanın Veliko-Tarnovo şəhərində Trapezitsa Arxeoloji Muzey Qoruğunun bərpasını xatırladaraq, bunun bolqar xalqı tərəfindən yüksək qiymətləndirildiyini dedi və bu layihənin həyata keçirilməsinə görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.
Söhbət zamanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən toplantısının əhəmiyyətinə toxunularaq, bu tədbirin quruma üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsində rolu vurğulandı. Assambleyaya sədrliyin Azərbaycandan Bolqarıstana keçdiyi bildirilərək, ölkəmizin bu təşkilata yüksək səviyyədə sədrlik etdiyi qeyd olundu.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilat çərçivəsində uğurlu əməkdaşlığı və bir-birini dəstəkləməsi qeyd edildi, iqtisadi-ticari, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi üçün geniş imkanların olduğu bildirildi.
Polise.az