İlham Əliyev və Ərdoğan gələn il Ağdamda Türkiyənin inşa etdiyi məktəbin açılışını edəcək

“Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqazda yeni dövrün başlanğıcını qoyub. Bu gün qarşımızda duran vəzifə meydanlarda qazanılmış Zəfəri davamlı sülh və sabitliklə taclandırmaqdır”.
Polise.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
“Biz Azərbaycanın haqlı mübarizəsinə dəstək verdiyimiz kimi, bölgəmizdə davamlı sülhün bərqərar olması istiqamətində göstərdiyi səmimi səyləri də dəstəkləyirik.
Qarabağın yenidən qurulması və bölgənin əvvəlki dirçəlişinə qovuşması üçün Azərbaycanın ortaya qoyduğu səyləri böyük rəğbətlə izləyirik. Qarabağda yenidən tüstülənən hər ocaq, ucalan hər bir tikili və bərpa olunan tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını nümayiş etdirir. İnşallah, bu yolda təcrübəmizi bölüşməyə, yenidənqurma və inkişaf səylərinə töhfə verməyə davam edəcəyik.
Məhz bu yaxınlarda Cəbrayılda Türkiyə-Azərbaycan Beynəlxalq Meşəçilik Təlim Mərkəzinin və tinglik kompleksinin açılmasını təmin etməyin qürurunu yaşadıq. Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə yaradılan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni rəmzinə çevrilib. Bundan əlavə, Ağdamda 14 500 kvadratmetr sahəsi olan, 40 sinif otağından ibarət məktəbimizin tikintisinə də başlanılıb. İnşallah, gələn il İlham qardaşımla birlikdə onun açılışını edəcəyik”, – o bildirib.
Polise.az



