İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

Bu gün – 15 oktyabr 2025-ci il – Azərbaycanın müasir tarixində mühüm əhəmiyyət kəsb edən bir gün, Prezident İlham Heydər oğlu Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 22-ci ildönümüdür. 2003-cü ilin bu günündə keçirilən seçkilərdə xalqımız müdrik seçim edərək, ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirəcək, ölkəni gələcəyə inamla aparacaq lider kimi İlham Əliyevə etimad göstərdi. Həmin gün təkcə siyasi liderin seçildiyi tarix deyil, həm də müstəqil Azərbaycanın gələcək yüksəlişinin təməl daşının möhkəmləndiyi bir dönəm idi.
Son 22 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qısa müddətdə regionun ən sabit, güclü və nüfuzlu dövlətlərindən birinə çevrildi. Müstəqilliyin möhkəmlənməsi, iqtisadi inkişaf, sosial rifahın yüksəlməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, beynəlxalq əməkdaşlığın genişlənməsi – bütün bunlar İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasətinin nəticəsidir. Azərbaycan bu illər ərzində öz milli maraqlarını qoruyan, qətiyyətli mövqeyi ilə seçilən bir dövlət kimi dünyada tanındı.
Prezident İlham Əliyevin siyasi iradəsi və xalqına olan sədaqəti nəticəsində ölkəmiz bu gün hər bir sahədə böyük nailiyyətlərə imza atıb. Onun rəhbərliyi ilə həyata keçirilən “neftdən sonra inkişaf” strategiyası Azərbaycanın qeyri-neft sektorunun güclənməsini təmin edib, regionların sosial-iqtisadi inkişafı proqramları nəticəsində ölkənin hər bir guşəsində dirçəliş hiss olunur. Müasir yollar, məktəblər, xəstəxanalar, sənaye parkları və kənd təsərrüfatı sahəsində əldə edilən uğurlar Azərbaycanın davamlı inkişaf modelinin bariz göstəricisidir.
Xüsusilə 2020-ci ildə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazıldı – 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu Qələbə təkcə hərbi uğur deyil, həm də milli birliyin, vətən sevgisinin və dövlətin gücünün təntənəsi idi. Bu gün azad Qarabağda, Şuşada, Füzulidə, Zəngilanda, Laçında həyata keçirilən bərpa və quruculuq işləri Prezident İlham Əliyevin “Böyük Qayıdış” siyasətinin davamı olaraq yeni bir həyatın, yeni Azərbaycanın rəmzinə çevrilib.
İlham Əliyev bu illər ərzində Azərbaycanın beynəlxalq nüfuzunu da misilsiz dərəcədə yüksəldib. Bakı bu gün mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir, enerji layihələri Avrasiyanın enerji xəritəsini dəyişib, Azərbaycanın səsi isə qlobal miqyasda eşidilir. Prezidentin “Azərbaycan müstəqil siyasət yürüdür və yalnız xalqının iradəsinə əsaslanır” prinsipi bu gün dövlətimizin xarici siyasətinin əsas dayağına çevrilib.
22 illik bu yol sabitlik, inkişaf, qürur və xalq-lider birliyinin təcəssümüdür. Bu illər ərzində Prezident İlham Əliyev xalqın etimadını dəfələrlə doğruldaraq Azərbaycanı yeni zirvələrə yüksəldib. Bu gün ölkəmiz güclü iqtisadiyyatı, müasir ordusu, beynəlxalq nüfuzu və sarsılmaz milli həmrəyliyi ilə regionun lider dövlətidir. Azərbaycan xalqı gələcəyə inamla baxır, çünki bu yolda ölkəsini daim irəli aparan, sabaha inam verən bir lideri var — Prezident İlham Əliyev.
Polise.az
Əliyeva Südabə



