İmamoğlu və daha iki bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırıldı

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, Şişli bələdiyyə sədri Resul Emrah Şahan və Beylikdüzü bələdiyyə sədri Mehmet Murat Çalık vəzifələrindən uzaqlaşdırılıblar.
Polise.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Əkrəm İmamoğlu Konstitusiyanın 127-ci maddəsi və 5393 saylı Bələdiyyə Qanununun 47-ci maddəsinə əsasən Daxili İşlər Nazirliyi tərəfindən müvəqqəti tədbir olaraq vəzifəsindən kənarlaşdırılıb.
***11:19
Beş gündür davam edən əməliyyatda İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu “korrupsiya” işi ilə bağlı həbs edilib.
Polise.az xəbər verir ki, bu barədə müvafiq qərar verilib.
Belə ki, İmamoğlu martın 22-si şənbə günü günorta saatlarında prokurorluğa gətirilib. Bu səhər gəldiyi məhkəmədə həbs edilib.
Onunla yanaşı, daha 18 nəfər – Əli İlbak, Adəm Tuncay, Əhməd Köksal, Əli Nuhoğlu, Əyyub Subaşı, Kamil Timur Dəlibaş, Murat Abbas, Mete Sarıaltun, Alpər Aydın, Serdal Taşkın, Sərkan Öztürk, Mustafa Nihat Sütlaş, Süleyman Atik, Əhməd Çiçək, Yusuf İlbak, Sərvət Yıldırım, Serdar Haydanlı və Buğra Gökçə haqqında həbs qərarı çıxarılıb. Digər şübhəlilərin məhkəmə ifadələri davam edir.
Qeyd edək ki, Əkrəm İmamoğluya qarşı iki ittiham irəli sürülmüşdü. Onun korrupsiya işi ilə bağlı həbs edildiyi bildirilir.
İstanbul meri barədə “terror” istintaqı ilə bağlı qərarın isə yaxın vaxtlarda açıqlanması gözlənilir.
Xatırladaq ki, ittiham tərəfinin vəsatətində “silahlı terror təşkilatına yardım etmək”, “cinayətkar təşkilat yaratmaq”, “tender nəticələrini saxtalaşdırmaq” və “rüşvət alma” iddiaları var.
Polise.az