“İmamoğlunun həbsi həm də CHP-ni HDP ilə əməkdaşlıqdan çəkindirmək məqsədi güdür…”

“AKP hökuməti terrorçu “PKK” lideri Abdullah Öcalanla danışığa getdiyi bir vaxtda, onu parlamentdə çıxışa dəvət etdiyi bir vaxtda öz rəqibini terrorçularla, özəlliklə də “PKK” ilə əməkdaşlıqda ittiham edirsə, bu, əlbəttə ki, absurd ittihamdır…”
“Əkrəm İmamoğlunun həbsi birmənalı olaraq siyasi motivli həbsdir. Yəni söhbət siyasətçinin və faktiki olaraq prezidentdən sonra ölkənin ikinci vacib siyasi mövqeyi olan İstanbul meri seçkilərində bir neçə dəfə qalib gəlmiş, özü də inamlı qələbə qazanmış və yaxın gələcəkdə keçiriləcək prezident seçkilərində də namizəd olmaq miqyasındakı siyasətçinin həbsindən gedirsə, burada siyasi motiv nəinki istisna olunmur, birbaşa ön plana çıxır”.
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikirləri “Türkiyədə Əkrəm İmamoğlunun həbsi ilə bağlı son hadisə və prosesləri necə dəyərləndirirsiz” sualını cavablandırarkən dilə gətirib.
“İmamoğluna verilən ittihamların özü də çox müəmmalıdır. Xüsusilə də terrorçu təşkilatları maliyyələşdirmək, terrorçularla əməkdaşlıq maddələri yalnız müəmmalı yox, ümumiyyətlə, gülünc görünür. Çünki hakimiyyət, yəni AKP hökuməti özü terrorçu “PKK” lideri Abdullah Öcalanla danışığa getdiyi bir vaxtda, onu parlamentdə çıxışa dəvət etdiyi bir vaxtda öz rəqibini terrorçularla, özəlliklə də “PKK” ilə əməkdaşlıqda ittiham edirsə, bu, əlbəttə ki, absurd ittihamdır. Bu, heç müzakirə predmeti də ola bilməz”, -deyə davamında analitik bildirib.
“Rüşvət, korrupsiya ittihamlarına gəldikdə, bu haqda bir şey deyə bilmərəm. Ümumiyyətlə, Türkiyənin istər iqtidar, istərsə də müxalif düşərgəsində dərin korrupsiyalaşmış bir siyasət hökm sürür. Bu mənada düşünürəm ki, liderlik daha çox iqtidar partiyasına məxsusdur. İndiyədək biz bir neçə ciddi qalmaqalların şahidi olmuşuq…
Amma hər bir halda, əlbəttə ki, Ərdoğan iddialı siyasətçidir və o, öz mövqelərini əldən vermək istəmir. Bu yolda da öz rəqiblərini bütün mümkün olan yollarla sıradan çıxarmağa çalışır. Mən düşünürəm ki, İmamoğlunun həbsi onu məhz namizəd kimi sıradan çıxarmaq, Cümhuriyyət Xalq Partiyasına zərbə vurmaq və eyni zamanda CHP-ni Türkiyə siyasətində rol oynayan və gələcəkdə rol oynaya biləcək HDP ilə əməkdaşlıqdan çəkindirmək məqsədi güdür. Və burada da siyasi motiv var. Siyasi motiv ondan ibarətdir ki, AKP ilə müttəfiq olan və onunla faktiki olaraq bir partiya kimi eyni platformadan çıxış edən Milliyyətçi Hərəkat Partiyası öz nüfuzunu tam itiribdir və artıq bir tərəfdaş kimi o, işə yaramır. Ona görə də AKP növbəti seçkilərdə, – dəxli yoxdur 2028-ci ildəki prezident seçkiləri və yaxud gələcək parlament seçkilərində, – artıq MHP-ni bir tək tərəfdaş kimi görmür və adətən “kürd partiyası” adlanan HDP ilə də əməkdaşlığı nəzərdən keçirir. Bu, şübhəsizdir. Və belə olduğu halda da CHP-ni ittiham etmək, əlbəttə ki, onu HDP ilə əməkdaşlıqdan çəkindirmək və HDP-ni də onunla əməkdaşlıqdan çəkindirmək məqsədi güdür”, -deyə ekspert diqqətə çatdırıb.
Polise.az