İnterpol yeni daxili işlər nazirini axtarır – General Vahidi kimdir və nə iş görüb…
İranın yeni prezidenti İbrahim Rəisi hökumətin yeni tərkibini parlamentə təqdim edib. Onun kabinetində xeyli radikal fiqurlar var. Belələrindən biri də daxili işlər naziri vəzifəsinə namizəd irəli sürülən general Əhməd Vahididir. Vahidi 1994-cü ildə Buones-Ayresdə yəhudi mədəniyyət mərkəzində törədilən və 85 nəfərin ölümünə, 300-dən çox adamın yaralanmasına səbəb olan terror aktına görə Argentina tərəfindən beynəlxalq axtarışa verilib.
İttiham aktına əsasən bu terror aktını İran İnqilab Keşikçiləri Korpusu və “Hizbullah” törədib. Vahidi həmin vaxt İnqilab Keşikçiləri Korpusunun “Qüds” xüsusi təyinatlı briqadasının komandiri idi və Argentina hüquq-mühafizə orqanlarının, İsrail kəşfiyyatının məlumatına görə hücumda əsas rol oynayanlardan biridir.
Həmin terror aktı ilə bağlı qırmızı bülletenlə axtarılan 6 iranlıdan biri, “Hizbullah”ın hərbi qanadının lideri olmuş İmad Muqniyə artıq sağ deyil. O, “Mossad” tərəfindən 2008-ci ildə Beyrutda öldürülüb. Vahidi və qalan dörd nəfər-Əli Fəllahician, Möhsün Rəbbani, Əhməd reza Asgari və Möhsen Rezayi isə İrandadırlar.
Bu terror aktını araşdıran prokuror Alberto Nisman cinayətdə İranın rolunu ört-basdır etmək üçün Tehranla əlbir olmaqda ittiham olunan prezident Kristina Fernandes de Kirşnerə 2015-ci ildə rəsmi ittiham irəli sürməyə hazırlaşarkən öldürülüb.
General Əhməd Vahidi isə ilk dəfə deyil hökumətdə nazir postu tutur. O, Mahmud Əhmədinejadın hökumətində müdafiə naziri idi.