İntiqam hissi ilə yaşayan Ermənistan Kremlin isti qucağına qayıdır?
Metyu Brayzaya: “Ermənilər elə bir milli fəlakət yaşayıb ki”…
“Ermənilər məğlubedilməzdir, azərbaycanlılar isə vuruşa bilmirlər” mifinin iflası
“Dağlıq Qarabağ müharibəsində darmadağınla üzləşən Ermənistan ordusunu gələcəyi necə olacaq?” ABŞ-ın “Forbes” jurnalı bu suala tutarlı cavab tapmaq üçün bir müddət ATƏT-in Minsk qrupunun həmsədri və ABŞ-ın Azərbaycandakı səfiri olmuş Metyu Brayzaya (1964) müraciət edib.
Amerikalı diplomat bildirib ki, müharibədə sarsıdıcı məğlubiyyətdən sonra Ermənistanın Azərbaycan ordusu səviyyəsində hərbi gücə malik olması, sadəcə, mümkün deyil. Ermənistanın əmin-amanlığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlıdır.
Diplomat həm də o fikirdədir ki, Rusiya tərəfindən təchiz edilən Ermənistan Silahlı Qüvvələrinin üzləşdiyi acınacaqlı durum Rusiya silahının keyfiyyət baxımından ciddi sıxıntı içində olduğunu nümayiş etdirdi: “İstər uzun radiuslu zenit raket sistemi S-300 olsun və ya T-72 tankları olsun… Əgər sizdə İsrail və Türkiyə dronları varsa, Rusiyanın bu silahları keçmiş əyyamın qalığı kimi görünə bilər. Əgər siz özünüzə gərək olan silahı almaq istəyirsizsə, üstəlik, siz Ermənistansınızsa, bu tip silahlar almaq haqqında ciddi düşünəcəksiz. Ancaq məlum deyil ki, hava hücumunun qarşısını almaq üçün Ermənistan Azərbaycanda olan pilotsuz uçaqları və Hava Hücumundan Müdafiə sistemlərini hansı ölkədən ala bilər”.

ABŞ-ın Azərbaycandakı səfiri olmuş Metyu Brayzaya deyir ki, İsrail Azərbaycana ən çox silah ixrac edən ölkədir və bu ölkə Azərbaycan neftini idxal edir. İsrailin İrəvana müasir silahlar, o cümlədən dronlar satması inandırıcı görünmür. Heç Azərbaycanı birmənalı şəkildə dəstələyən Türkiyə də Ermənistana belə silahlar satmaq fikrində deyil.
Türkiyənin özü də Ermənistana qarşıdır. Cənab Brayza ABŞ-ın Ermənistana belə silahlar sata biləcəyini də mümkün saymır: “Ona görə də Ermənistan üçün ən məqbul variant Rusiyadır. Ənənəvi olaraq Ermənistanı silahla təmin edən Rusiya ola bilsin ki, ona əlində olan ən müasir silahları satmasın. Həm də Ermənistanın belə silahları almaq üçün pulu da yoxdur”.
Keçmiş diplomat ona da diqqət çəkir ki, Qarabağ savaşından əvvəlki ilə müqayisə etsək, hal-hazırda Ermənistan və onun xalqı “fərqli bir əhval-ruhiyyədədir”: “Öncə Ermənistanda hər kəs əmin idi ki, onların ordusu məğlubedilməzdir, azərbaycanlılar isə vuruşa bilmirlər”.
Metyu Brayzaya deyir: “Ermənilər elə bir milli fəlakət yaşayıb ki, indi onların düşüncəsi baş verənlərin analizinə köklənib, onlar başa düşməyə çalışırlar və bilmək istəyirlər ki, əvvəlki mənəvi əhval-ruhiyyəni yenidən necə bərpa etmək olar. Ermənistanın daxilində indi ciddi siyasi problemlər yaranıb. Hələ bilmirlər ki, Baş nazir Nikol Paşinyanın siyasi karyerası başa çatıb, ya yox. Yalnız bu kimi suallar cavab tapdıqdan sonra Ermənistan ciddi şəkildə öz ordusunun bərpası ilə məşğul ola bilər”.
Ekspert qismində sualları cavablandıran Metyu Brayzaya bildirir ki, Ermənistanın hərbi və texniki baxımdan Azərbaycan səviyyəsində arsenala sahib olmasına və ya Azərbaycandan daha üstün olmasına elə bir ehtiyac da yoxdur.
Onsuz da rəsmi Bakı Ermənistanın beynəlxalq səviyyədə tanınan sərhədlərini yarıb keçmək fikrində deyil: “Bakı yaxşı bilir ki, o, Ermənistana hücum etsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsi işə düşəcək. Bu isə o deməkdir ki, Rusiya məcburən bu işə müdaxilə edəcək. Deməli, Ermənistanın Azərbaycanın hərbi imkanları ilə uyğunlaşmasına ehtiyac yoxdur. Ona görə də Ermənistan gələcəkdə milli strategiyasının necə olacağını və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində necə yaşayacağını elə müəyyən etməlidir ki, erməni xalqı özünü öz torpağında təhlükəsiz hiss etsin”.
Ekspertin dediyini daha aydın təsəvvür etmək üçün statistikaya da nəzər salmaqda fayda var: 2020-ci ildə Ermənistanın hərbi xərcləri cəmi 634 milyon dollar olub. Bu, Ümumi Daxili Məhsulun 5.5 faizinə bərabərdir. Azərbaycanın hərbi büdcəsi isə kəskin şəkildə çoxdur: 2.267 milyard dollar, bu isə Ümumi Daxili Məhsulun 5 faizi həcmindədir.
“Globalfirepower”in 2020-ci il üçün reytinq cədvəlində Azərbaycan Silahlı Qüvvələri 138 ölkə arasında 64-cü yeri tutub. Ermənistan isə bu sırada 111-ci yerdə olub. Təbii ki, Qarabağ savaşından sonra Azərbaycan bu reytinq cədvəlində daha yüksək yerə qalxacaq, Ermənistan isə tam əksinə, aşağıya doğru meyllənəcək.
Nüfuzlu “eureporter” saytı da Ermənistanın üzləşdiyi biabırçı məğlubiyyətdən söhbət açır və bildirir ki, bədnam qonşumuzun rəsmən Rusiyanın bir parçasına çevrilməsi təhlükəsi xeyli realdır. Belə bir fonda Ermənistan Ordusunun gələcəyi qeyri-müəyyən görünür.
Sayt qeyd edir ki, Sovet İttifaqı dağılandan sonra Qafqazda Rusiyanın yanında yer alan yeganə ölkə Ermənistan oldu. Ermənistan indi də Rusiyanı öz strateji müttəfiqi sayır. Rusiya da iqtisadi və təhlükəsizlik məsələləri ilə bağlı Ermənistana dəfələrlə yardım göstərib: “Paşinyanın sətiraltı dediklərindən aydın görünür ki, Ermənistan Azərbaycandan intiqam almaq istəyir, bunun üçün isə Rusiyadan əlavə yardım tələb edir.
Ermənistan ordusunu Azərbaycan Ordusu ilə müqayisə edən sayt yazır ki, Azərbaycan silahların sayı və keyfiyyəti baxımından Ermənistandan ciddi şəkildə üstündür. Bundan başqa Azərbaycanın arsenalında olan silahların bir çoxu başqa ölkələrdən alınıb. Ermənistanın isə belə bir imkanı olmayıb: “Ona görə də əminliklə demək olar ki, üzümüzə gələn onilliklərdə müasir silah almağa Ermənistanın o qədər də maddi imkanı olmayacaq, onu da unutmaq lazım deyil ki, Azərbaycan da öz Silahlı Qüvvələrinin müasir silahlarla təchizatına xüsusi fikir verəcək”.
“Eureporter” saytının təqdim etdiyi statistik məlumatlar da diqqət çəkir: “Silah məsələsi əhəmiyyətlidir, ancaq insan resursları da xüsusi önəm daşıyır. Ermənistanın 3 milyon nəfərə yaxın əhalisi var, Azərbaycanda isə 10 milyon nəfər yaşayır. Ermənistanda 1.4 milyon insan hərbi xidmətə yararlıdır, Azərbaycanda isə 3.8 milyon insan əlinə silah ala bilər. Ermənistan Silahlı Qüvvələrinin 45 min nəfərlik heyəti var, Azərbaycanda isə bu göstərici 131 min nəfərə bərabərdir. Ermənistanda ehtiyatda olan hərbçilərin sayı 200 min nəfərdir, Azərbaycanda isə ehtiyatda 850 min nəfər hərbçi var”.
Ermənistan Müstəqil Dövlətlər Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Son məğlubiyyət isə Ermənistanı Rusiya ilə daha da yaxınlaşmağa vadar edir. Ermənistanın Rusiyanın bir parçasına çevrilməsi də mümkün görünür: “Hadisələrin bu cür gedişini ermənilərin necə qarşılayacağını proqnozlaşdırmaq çətindir.
Şübhəsiz ki, Azərbaycanı məğlub edib Dağlıq Qarabağı yenidən ələ keçirməkdən ermənilər məmnun olardılar, amma Ermənistanın Kremlin yumşaq qucağına yenidən qayıtsa, ermənilər bundan xoşbəxtlik duyarmı? Bir şey dəqiqdir – bu baş verərsə, Gürcüstan və Azərbaycan silahlı qüvvələrini gücləndirməli və NATO-ya üzv olmaq haqqında düşünməli olacaqlar”.
Bir çox ekspertlər isə Ermənistanın hərb meydanında Azərbaycana məğlub olmasını qanuna uyğun hal kimi dəyərləndirirlər. Bu baxımdan bloqer E_vajs-in fikirləri xüsusi maraq doğurur. Bloqer Stalinin dillər əzbəri olan bir fikrini xatırladır: “Kadrlar hər şeyi həll edir”. Ermənistan Ordusundən fərqli olaraq Azərbaycan Ordusuna peşəkar hərbçilər rəhbərlik edirdi. Ermənistan Azərbaycan savaşı əslində peşəkarlarla həvəskarların qovğası idi.
Azərbaycanın Ali Baş komandanı İlham Əliyev təcrübəli siyasətçidir, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur, xarizması ilə seçilən atasının oğludur. Azərbaycan Ordusuna rəhbərlik edənlərin hamısı-nazir və nazir müavinləri peşəkar hərbçidir. Ermənistanda isə biz bunun tam əksini görürük. Nikol Paşinyan alayarımçıq tələbə, natamam jurnalist. Onu Ali Baş komandan adlandırmağa adamın dili belə gəlmir. Ermənistanın müdafiə naziri (keçmiş) David Tonayan 1986-1988-ci illərdə Sovet Ordusunda əsgər kimi xidmət edib. Bundan başqa onun hərbi işlə heç bir bağlantısı olmayıb. Eləcə də müdafiə nazirinin müavini olan Balayan və Qəmbəryanın heç bir hərbi təhsili yox idi.
O da bəllidir ki, rəngli inqilabların baş memarı Sorosun xeyir-duası ilə acıqlı kütlənin etirazı üzərində iqtidara gələn Nikol Paşinyan anti-Rusiya şüarları ilə silahlanmışdı və özü kimi həvəskarları vəzifədə irəli çəkirdi. Özünü Qərbpərəst siyasətçi kimi təqdim edən baş nazirə isə bu müharibədə Qərb elə bir dəstək vermədi.
Rusiyalı tarixçi Sergey Volkov isə yazır ki, Qarabağ savaşı qaçılmaz idi. Çünki nə Əliyev, nə də Ərdoğan növbəti 30 ili də danışıq aparmaq fikrində deyildilər. Həm də artıq danışıqlar yolu ilə Minsk Qrupunun nəyəsə nail olacağına inam qalmamışdı.
Rusiya, Fransa və ABŞ-ın atəşkəslə bağlı çağırışlarına Ərdoğan heç bir əhəmiyyət vermədi və Azərbaycanın yanında yer aldı. Nəticə də ortadadır.
Rusiya tarixçisinin dediklərinə onu da əlavə edək ki, Türkiyə və Azərbaycan çiyin-çiyinə dayandı və müşkül görünən bir problemi qısa zaman kəsiyində həll etdi. İndi düşünün ki, bütün türk dövlətləri bir bayrağın altında birləşib. Heç şübhəsiz ki, bu gün əlçatmaz görünən o ölkə sabah dünyanın siyasi və iqtisadi mərkəzlərindən biri ola bilər…
Elbəyi Həsənli, Sürix
https://www.forbes.com/sites/pauliddon/2020/12/09/whats-next-for-armenias-military-after-devastating-nagorno-karabakh-defeat/?sh=79480e1636bc
https://newizv.ru/article/general/05-10-2020/diletanty-protiv-profi-pochemu-armyanskaya-armiya-obrechena-na-porazhenie-ot-azerbaydzhana