İrəvan Peşman Olacaq
Bakıdan Bayden administrasiyasına sərt reaksiyalar; deputat: “Eyni məntiqlə baxsaq, ABŞ-a qarşı da sanksiyalar tətbiq edilməlidir”
ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Dafna Rand “Turan”a müsahibəsində Azərbaycan hakimiyyətinə yönəlik ittihamlar səsləndirib.
Dafna Rand deyib ki, “son həbslər Vaşinqtona çox güclü mesajdır və eşidildi”: “Bu mesaj həqiqətən bizə və insan hüquqlarının vəziyyətindən narahat olanlara göndərildi. Mesaj budur ki, hakimiyyət bu tendensiyanı davam etdirmək niyyətindədir, ABŞ və digərlərinin insan hüquqları müdafiəçilərini və vətəndaş cəmiyyəti üzvlərini dəstəkləməsini istəmirlər. Biz Bakı ilə münasibətlərdə özəl diplomatiyadan, ictimai diplomatiyadan istifadə etməyə davam edəcəyik”.
Rand Bayden administrasiyasının insan hüquqlarına ciddi diqqət yetirmədiyi barədə tənqidlərlə razılaşmayıb: “Biz Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətə diqqət yetirmişik, bizim çox yaxşı səfirimiz var. Bakıda olduğu müddətdə bunu prioritet edib. Yəni biz dünya birliyinin diqqətini Azərbaycandakı vəziyyətə və bu vəziyyəti dəyişmək üçün atılan addımlara yönəltməyə çalışmışıq”.
Rand Azərbaycanla bağlı hansısa viza sanksiyalarından danışıb, “bir sıra digərləri də daxil olmaqla, bəzi cəza alətlərindən istifadə etməyə davam edəcəyik” deyib. “Ən əsası, biz vətəndaş cəmiyyəti xadimlərini dəstəkləməyə davam edəcəyik, bu, bizim ən yaxşı alətimizdir”.
“Hazırda viza sanksiyaları altında olan hansısa azərbaycanlı yüksək vəzifəli şəxslər varmı” sualına Rand “sanksiyalar barədə bir şey deyə bilmərəm. Mən yalnız əvvəlki sanksiyalardan danışa bilərəm” deyib.
Qeyd edək ki, bu həftə ABŞ dövlət katibi Entoni Blinken də Azərbaycan hökumətini tənqid edən çıxış edib və “jurnalistləri, hüquq müdafiəçilərini, siyasi opponentləri və haqsız yerə saxlanılanları ”dərhal azad etməyə” çağırıb. “ABŞ dövlət katibi Entoni Blinkenin 2024-cü ilin dekabrın 4-də ölkəmizdə insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik”. Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadənin Blinkenin Azərbaycan əleyhinə bəyanatına dair şərhində əksini tapıb.
Elman Nəsirov
Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, ABŞ-da Co Bayden administrasiyası 2025-ci ilin 20 yanvarında səlahiyyətlərini təhvil verəcək və Donald Trampın prezidentliyi başlayacaq: “Görünür, hakimiyyətdən getmək zamanı yaxınlaşdıqca, Bayden administrasiyası öz siyasətində Azərbaycana qarşı təzyiq elementlərini və Ermənistanı məmnunetmə siyasətini daha da intensivləşdirib. Buna başqa cür nə ad vermək olar ki, Birləşmiş Ştatların hələlik dövlət katibi olan Entoni Blinken Azərbaycan hökumətini guya son vaxtlar siyasi həbsləri genişləndirməkdə ittiham edir və Azərbaycana qarşı sanksiya tətbiqi məsələsini dilə gətirir. Eyni zamanda Blinkenin köməkçisi Dafna Randda təxminən onun kimi fikirlər səsləndirir. İttiham irəli sürməklə kifayətlənməyib Azərbaycana qarşı sanksiyaları işə salmaqla hədələnir. Bayden administrasiyasının Azərbaycana qarşı fikirlər səsləndirməsi üçün mənəvi haqqı olmalıdır. İttiham edəndə bir güzgüyə baxmaq lazımdır ki, buna sənin mənəvi haqqın çatırmı. Bayden özü etiraf etdi ki, onun oğlunu soyadına görə həbs ediblər, o, Co Baydenin oğlu olduğundan məhkəmə qərarı ilə saxlanılıb. Co Bayden verdiyi son qərarı ilə oğlunu əfv etdi və onu mövqeyi iki nəticəyə gəlməyə əsas verir. Oğlu siyasi məhbusdur, çünki atasına görə həbs edilibmiş, yəni burada siyasi motiv var, siyasi motiv varsa deməli siyasi məhbsdur. İkincisi isə ABŞ-da məhkəmələrin siyasi sifariş yerinə yetirdiyini Bayden etiraf etmiş olur. Co Bayden vəzifəsindən sui-istifadə edərək oğlunu azad etdi. Eyni yanaşmanı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp da səsləndirib. O da qeyd edib ki, 2021-ci ilin 6 yanvarında Respublikaçı tərəfdarlarının Konqresə hücumundan sonra həbs edilənlər siyasi məhbusdur, siyasi baxışlarına görə həbs ediliblər. Yəni ABŞ-ın hazırkı prezidenti və yeni seçilmiş prezidenti ölkələrində siyasi həbslərin həyata keçirildiyini, məhkəmənin azad olmadığı faktını təsdiqləyirlər. Deməli, Co Baydenin və yeni seçilmiş prezidentin məntiqi ilə baxsaq ABŞ-a qarşı beynəlxalq təşkilatlar və beynəlxalq məhkəmələr sanksiyalar tətbiq etməlidir. Belə olan vəziyyətdə Bayden administrasiyasında dövlət katibi olan şəxs və onun köməkçisi Azərbaycanı hansı haqla demokratiya və insan haqları məsələsinə görə ittiham edir?! Bütün bu reallıqlar fonunda dövlət katibinin və onun köməkçisinin Azərbaycana qarşı ittihamlarının və hədəsinin nə qədər gülünc təsir bağışladığını xüsusi şərh etməyə ehtiyac yoxdur”.
Fikrət Yusifov
Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov isə bildirdi ki, Co Bayden hakimiyyəti Azərbaycana qarşı qərəzli mövqeyindən hakimiyyətdən gedəcəkləri son günə qədər əl çəkən deyil: “Bugünlərdə biz bunun canlı şahidi oluruq. Bunlar 4 ildə Azərbaycanı istədikləri kimi görə bilmədilər. Özlərindən kiçik, “sözə baxmayan” dövlətləri həzm edə bilməmək xəstəliyi isə onlara əziyyət verir. Yetərincə siyasi məhbusu olan, demokratik dəyərləri ayaqlar altına alan nə qədər avtoritar rejimlər var dünyada. Yaxın Şərqdə belə ölkələrin sayı daha çoxdur. Bəs nədən ABŞ rəsmiləri siyasi həbslərə görə belə ölkələrin üzərinə getmirlər? Nədən onlara qarşı aqressivlik nümayiş etdirmirlər? Çünki ortada onları qane edən geosiyasi və onun yaratdığı iqtisadi maraqlar var. Mən həmişə demişəm, ABŞ-ın və ümumiyyətlə, demokratiya, insan haqları, söz azadlığı deyən Qərbin sərhədlərindən kənarda bu dəyərlər asanlıqla iqtisadi maraqlara qurban verilir”.
F.Yusifov qeyd etdi ki, Bayden hökumətinin Cənubi Qafqaz siyasətində yol verdiyi ciddi yanlışların Donald Tramp hakimiyyəti dövründə aradan qaldırılacağına inanır: “Dünyanın düzəni dəyişir. Özünə demokrat deyənlər anlamalıdılar ki, dünyanı avtoritar qaydada idarə etmək kimi cəhdlər artıq əbəsdir. Yəni kiçik ölkələrə müstəmləkə təfəkkürünə söykənən baxışlarla yanaşmaq artıq heç bir nəticə vermir. Qloballaşan dünyada bütün ölkələrlə münasibətlər qarşılıqlı maraqlar əsasında qurulmalıdır. Unudulmamalıdır ki, istənilən münasibətləri tənzim edəcək tərəzinin iki gözü olur. XXI əsrdə XVIII əsrin müstəmləkə təfəkkürü ilə heç nə əldə etmək mümkün deyil”. \Etibar SEYİDAĞA, “Yeni Müsavat”\
Polise.az