İrəvanın “B planı”: buna görə xəritələri vermir…
Ermənistan minalanmış ərazilərin xəritəsini bizə mütləq verməlidir. Lazım gələrsə, bu istiqamətdə rəsmi İrəvana hər cür təzyiqlər edilməlidir.
Bu sözləri axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.
Politoloq qeyd edib ki, ermənilərin minalanmış ərazilərin xəritələrini verməməsi növbəti məkrli planın xəbərçisidir:
“Rəsmi İrəvan elə düşünür ki, minalanmış ərazilərin xəritələrini verməməklə işğaldan azad edilən Qarabağda bərpa prosesini ləngidə və bu müddət ərzində yenidən işğala cəhd edə biləcək. Təbii ki, bu, yeni bir plan deyil. Bu, ermənilərin hər zaman aktual saxladığı “B planı”dır.
Belə bir nəticəyə gəlmək olar ki, rəsmi İrəvan gec-tez Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyini bilib və belə məkrli plan hazırlayıb. Lakin ermənilər bu dəfə də yanılır. Məsələ ondadır ki, ermənilər minalanmış ərazilərin xəritəsini versə də, verməsə də, bərpa prosesi gedir. Bu gün Şuşada aparılan abadlıq işləri, Füzuli aeroportunun salınması, yolların, kommunikasiya əlaqələrinin bərpası bundan xəbər verir. O zaman sual yarana bilər ki, rəsmi Bakı niyə israrla minalanmış ərazilərin xəritəsini istəyir?
Birincisi, prosesi sürətləndirmək üçün. Çünki 44 günlük müharibədən sonra hamı öz yurd-yuvasına qayıtmaq, ən azından torpağını görmək istəyir.
İkincisi, məsələ təkcə minalanmış ərazilər deyil. 27 il ərzində ermənilər təkcə əraziləri minalamayab, həm də Qarabağda gizli bunkerlər və bu bunkerlərdə çoxsaylı silahlar gizlədib. Rəsmi Bakı həm də bu ehtimal və təhlillərə əsaslanaraq xəritələri əldə etmək istəyir.
Üçüncüsü, müharibədən sonra Qarabağa rəsmilərin, jurnalistlərin səfərləri təşkil edilir. 27 illik işğal, erməni vandalizmi dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Lakin elə yerlər var ki, bu gün oralara rəsmilərin, jurnalistlərin getməsi mümkün deyil. Həmin ərazilər indiki halda təhlükəlidir. Rəsmi Bakı həm də Qarabağda daha genişmiqyaslı təbliğat üçün ərazinin tez bir zamanda təhlükəsizliyini təmin etməkdə israrlıdır”.