İrəvanın etiraf etdiyi itkilərinin analizi… – Şərh

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusu tərəfindən məhv edilən 2300 erməni əsgərindən 159-nun öldürüldüyünü artıq etiraf edib. Bunun 70%-dən çoxu isə 20 yaşdan aşağı gənclərdir.

Bunu Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Millət vəkili bildirib ki, bu gün həm beynəlxalq aləmdə, həm də daxili siyasətdə Ermənistanın Baş naziri Nikol Paşinyan ən bərbad siyasətçi imicini inadla doğrultmaqdadır:

“Onun erməni xalqına verdiyi vədlərin heç biri özünü doğrultmadı. Və bunu erməni ictimaiyyəti də açıq-aşkar görür. Ermənistan artıq hərbi cəbhədə uduzub. Paşinyan bunu çox yaxşı dərk edir. Söylədiyi yalanlar, verdiyi tutarsız və əsası olmayan vədlər isə onun son çırpıntılarıdır. Bu da əlbəttə ki, Paşinyan hakimiyyətinin sonu deməkdir. Çünki məğlub rəhbəri erməni xalqı heç vaxt kresloda saxlamayacaq. Mövcud rejimin hərbi məğlubiyyəti siyasi böhran yaradacaq”, – millət vəkili deyib.

Deputat onu da vurğulayıb ki, Paşinyanın yalanları bununla da bitmir:

“Bir tərəfdən informasiya vasitələri ilə, digər tərəfdən isə yalan statistikaları ilə Azərbaycan Ordusu haqda dezinfornmasiyalar verilir, Paşinyan isə öz Tvitter hesabında bu barədə paylaşımlar edir. Əgər həqiqətən də onların verdiyi bu məlumatlar, açıqlamalar gerçəyi əks etdirirsə, onda niyə erməni alaylarının döyüş bayrağı Azərbaycan Ordusunun əlindədir? Digər tərəfdən ən ağır relyefə, ən çətin coğrafi quruluşa malik olan Madagizdə, həmçinin Murov dağı ətrafında ermənilərin aldığı dözülməz zərbələr fonunda Azərbaycan Ordusuna məxsus bir neçə tankı, pilotsuz raketi ələ keçirməsi nə dərəcədə real səslənir? Erməni cəmiyyətində yaşanan qorxunu, sarsıntını torpaqlarımızdan təlaşla qaçmağa çalışan ermənilərin simasından görmək o qədər də çətin deyil.

Paşinyan rejiminin əsl üzü bir də özünü onda göstərdi ki, Azərbaycan Ordusunun məhv etdiyi 2300 erməni əsgərindən yalnız 159-nu etiraf edə biliblər. Bunun isə 70%-dən çoxu 20 yaşdan aşağı gənclərdir. Bu da Ermənistan ordusunun döyüşə nə dərəcədə hazırlaşdıqlarının bariz nümunəsidir. Bütün bu faktlar bir daha sübut edir ki, Nikol Paşinyan öz hiyləgər manevrləri ilə sadəcə zaman qazanmağa çalışır”.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button