İran sərhədlərinə yenidən qoşun yığır: Tehran hansı hərbi-strateji mesajı verir? – Ekspertdən AÇIQLAMA

İranın Quru Qoşunlarının ölkənin müxtəlif sərhəd istiqamətlərində, o cümlədən Məkran sahillərində hərbi qüvvə və xüsusi təyinatlı bölmələrin hazırlığını yüksək səviyyədə saxladığı barədə açıqlama ABŞ–İran münasibətlərində gərginliyin davam etdiyi bir vaxtda regionun təhlükəsizlik gündəmini yenidən ön plana çıxarıb.
Diqqətçəkən məqam isə hərbi hazırlıqla bağlı bu açıqlamaların tərəflər arasında diplomatik təmasların davam etdiyi mərhələyə təsadüf etməsidir.
Maraqlıdır, İranın nümayiş etdirdiyi bu hərbi hazırlıq ABŞ–İran qarşıdurmasının hazırkı mərhələsində hansı strateji məqsədlərə xidmət edir və Tehranın hərbi imkanlarını nümayiş etdirməklə yanaşı, diplomatik təmasları davam etdirməsi hansı strategiyadan xəbər verir? Bu yanaşmanın regionun, xüsusilə İranın qonşu ölkələrinin təhlükəsizlik mühitinə mümkün təsirləri nələrdir?
Mövzu ilə bağlı Moderator.az-a politoloq Tofiq Abbasov açıqlama verib.

Tofiq Abbasov qeyd edib ki, İran tərəfi ABŞ-la qarşıdurmada bütün mümkün variantları həm nəzərdə saxlayır, həm də öz hazırlıqlarını durmadan gücləndirir:
“Məsələ ondadır ki, İran rəsmiləri də mümkün hərbi ssenarilərlə bağlı açıq mesajlar verirlər. Məsələn, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, general Möhsün Rzayi açıq şəkildə bildirir ki, əgər ABŞ İrana zərbə endirmək istəyirsə, nə üçün quru qoşunlarını ölkəyə yeritmir? Nə üçün desant birləşmələrini İrana göndərmir?
Yəni İran bununla göstərir ki, ABŞ-ın hansı variantı seçməsindən asılı olmayaraq, ona cavab verməyə hazırdır və mümkün hərbi ssenarilərdən çəkinmir. Bəlli məsələdir ki, 40 ildən artıqdır bu müharibəyə və qarşıdurmaya hazırlaşan İran müxtəlif variantlar üzərində işləyib.
Bu variantlardan biri də Məkran istiqamətidir. Məkran İranın cənub-şərqində yerləşən geniş coğrafi bölgədir və İranın yeni paytaxtı ola biləcək bir şəhərdir.
Orada su ehtiyatları var, coğrafi baxımdan da kifayət qədər əlverişli şərait mövcuddur. Bu baxımdan həmin ərazi Tehrandan fərqlənir.
Ona görə də İran tərəfi həmin bölgəni ciddi şəkildə həm mühafizə edir, həm də digər tərəfdən onun ətrafında hərbi potensialını gücləndirir. Bununla da Amerikaya mesaj verir ki, sən hansı variantı seçsən, mən onların hamısına hazır olacağam.
Təbii ki, burada biz İranın hazırlığının şahidi olduq. Çünki faktiki olaraq qəfildən İrana hücum edən İsrail və ABŞ düşünürdülər ki, İranı həm asanlıqla tərk-silah edə biləcəklər, həm də ölkə daxilində sistem parçalanacaq və dağılacaq.
Bunun ardınca daxildə müxtəlif təxribatların baş verəcəyi, daha sonra isə separatçı qüvvələrin üstünlüyünün özünü göstərəcəyi gözlənilirdi. Amma bunların heç biri baş vermədi. Faktiki olaraq İran tərəfi o cəhətdən hazırlıqlı və tədbirli görünür ki, Amerikanın düşündüyü və digər tərəfdən hazırladığı variantların hamısını nəzərdən keçirib və onların hər biri ilə bağlı adekvat addımlar atmağa hazır olduğunu ortaya qoyub”.
Politoloq vurğulayıb ki, Amerika artıq başa düşür ki, İran çox ciddi rəqibdir və onu asanlıqla fəth etmək mümkün deyil:
“Nəhayət, İranın özünün hərbi-siyasi potensialı o dərəcədə güclüdür ki, onunla yüngül davranmaq mümkün deyil. Digər tərəfdən, İranı Venesuela kimi fəth etmək də mümkün deyil. O ki qaldı hərbi-siyasi proseslərin gedişatına, digər tərəfdən danışıqların aparılması və ya danışıqlara hazırlıq məsələsinə, burada aksiomatik bir norma, bir dəyər var.
Əgər hər hansı bir dövlət quruda, dənizdə və havada öz hazırlığını göstərirsə, yəni hərbi potensialını formalaşdırıb hazırlığını nümayiş etdirirsə, onun diplomatik masa arxasındakı mövqeləri də güclənir. İran tərəfi bu dərsi yaxşı öyrənib və anlayır ki, qarşısında Amerika, İsrail və onların müttəfiqləri var.
Əgər istəyirsənsə ki, öz istəklərinə nail olasan, digər tərəfdən öz suverenliyini və ərazi bütövlüyünü qoruyasan, bunun üçün müvafiq hazırlığın olmalıdır. Belə olduğu halda, əlbəttə ki, sən artıq həm də öz mövqeyini diktə edə bilərsən.
Bu, təsadüfdən irəli gələn məqam deyil ki, İran indi ən azı üç tələbini irəli sürür. Deyir ki, Amerika, bunu qəbul etsən, mən səninlə danışığa oturacağam. Qəbul etmirsənsə, mən səninlə danışıqlara getmirəm.
Bu yanaşmanın özü göstərir ki, İran öz potensialına arxalanan dövlətdir və Amerikadan əlavə bir şey tələb etmir. Deyir ki, birincisi, mənim aktivlərimi azad et, mən öz pullarıma yiyə durum. Digər tərəfdən, öz iddialı yanaşmanı mənə şamil etmə. Hörmüz boğazının açılmasını istəyirsənsə, onda buradan get, Sən burada yadsan, özgəsən. Bu tələbləri yalnız güclü dövlət, döyüş qabiliyyətinə malik tərəf ifadə edə bilər.
Belə başa düşürəm ki, bütün bu proseslərdə İranın həqiqətən də böyük hazırlığı var. İran bütün variantların hamısına artıq münasibət bildirib, onlarla bağlı öz lazımi tədbirlərini görüb və nəhayət, bilir ki, Amerika Birləşmiş Ştatları mənəvi cəhətdən məğlub olmağa hazır deyil.
Yəni bunu özü üçün məqbul saymır. Deməli, İran tərəfi istənilən ən sərt gedişə hazır olmalıdır. Hesab edirəm ki, bu proseslərin hamısında İranın özünün çox ciddi siyasi potensialı və siyasi hazırlığı özünü büruzə verir. İstənilən məqamda da İran göstərəcək ki, bəli, mən geri çəkilməyəcəyəm.
Biz burada yad deyilik, biz burada bu imkanların, bu varidatın sahibiyik. Siz də bunu gərək nəzərə alasınız və qəbul edəsiniz.
Düşünürəm ki, bax, bu proseslərin ümumi mənzərəsi və Amerika Birləşmiş Ştatlarının özü güclü olsa belə, İranı təslim edə bilməyəcəyini göstərir”.
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor



