İrana son xəbərdarlıq: Danışıqlar uğursuz olsa, vurulacaq

ABŞ və Tehran arasında sabahdan Omanda başlayacaq danışıqlar uğursuz olarsa, İranın nüvə obyektlərinə zərbələr endiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə “Yerusəlim Post” qəzeti məlumat yayıb.
Nəşrin fikrincə, ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramının tamamilə ləğv edilməsinə çalışır:
“Nüvə silahına malik İran nüvə silahına malik olduğu güman edilən ABŞ-nin yaxın müttəfiqi İsrail üçün açıq risklər yaradacaq. İran dəfələrlə İsraili məhv etməyə çağırıb və ona hücum edən terror qrupları şəbəkəsini maliyyələşdirir. Keçən il İran və İsrail ilk dəfə birbaşa toqquşdu.
İranın digər qonşuları, xüsusilə Körfəz ölkələri də regional rəqiblərinin nüvə bombasına sahib olmasını istəmirlər”.
Məqalədə qeyd olunur ki, nüvə proqramından imtina müqabilində ABŞ prezidentinin Tehrana müəyyən təklifləri ola bilər:
“Tramp təkcə İran proqramını izləmək və məhdudlaşdırmaq deyil, həm də onu sıradan çıxarmaq istəyir. Bunun müqabilində Tramp sanksiyaların yumşaldılmasını və İrana ABŞ-yə sərmayə qoymağı təklif edə bilər.
ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Mayk Uolts martda bu barədə belə demişdi: “İran bütün dünyanın görəcəyi şəkildə öz proqramından imtina etməlidir”.
Nəşr vurğulayır ki, Tramp hələlik danışıqlar yolu ilə İranın nüvə proqramına və regional terror qruplaşmalarına dəstəyinə mane olacağına ümid edir:
“Bəs danışıqlar uğursuz olarsa nə baş verəcək?
Trampın son bəyanatlarından əvvəl İsraildən vaxtın çatdığını əsas gətirərək, İrana zərbə endirməyə çağırışlar edilirdi. İndi həm Baş nazir Benyamin Netanyahu, həm də Tramp deyir ki, danışıqlar uğursuz olarsa, zərbələr ola və bu prosesə İsrail rəhbərlik edə bilər.
Tramp Ağ Evdə Netanyahu ilə keçirdiyi mətbuat konfransında söyləmişdi:
“Tehranla danışıqlar uğurlu olmasa, İran böyük təhlükə altında olacaq. Çünki onların nüvə silahı ola bilməz”.
Netanyahu Trampla görüşdən sonra daha açıq mesaj göndərərək bildirib ki, İranla danışıqlar uğursuz olarsa, hərbi varianta əl atılacaq: “Bunu hamı başa düşür. Biz (Trampla) bu barədə uzun-uzadı danışmışıq”.
Polise.az