İranda prezident seçkiləri üçün namizədlərin qeydiyyatı başlayıb

İranda bu gün yerli vaxtla saat 08:00-da növbədənkənar prezident seçkiləri üçün namizədlərin qeydiyyatı başlayıb. Proses iyunun 3-dək davam edəcək.

 Polise.az  İSNA agentliyinə istinadla xəbər verir ki, namizədliyini irəli sürmək istəyənlər beş gün ərzində Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamalı və ərizələrini təqdim etməlidir. Bundan sonra qeydiyyatdan keçən bütün şəxslərin namizədliyi məsələsinə yeddi gün ərzində baxılacaq. Təsdiq edilən namizədlərin yekun siyahısı iyunun 11-də elan ediləcək. Siyahı dərc olunduqdan sonra hər namizədin təşviqat üçün 15 gün vaxtı olacaq.

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb. Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.

İran qanunvericiliyinə əsasən, prezident birbaşa ümumi səsvermə yolu ilə dörd il müddətinə seçilir. Eyni şəxs ardıcıl iki müddətdən çox dövlət başçısı seçilə bilməz. Prezident postuna namizəd olmaq istəyən şəxs 40-75 yaşlarında, dövlət qurumlarında rəhbər vəzifələrdə iş təcrübəsinə malik İran vətəndaşı olmalıdır.

Qeyd edək ki, İran tarixində 14-cü prezident seçkiləri mayın 19-da Prezident İbrahim Rəisinin helikopter qəzası nəticəsində həlak olması ilə əlaqədar keçirilir. Qəzada ümumilikdə səkkiz nəfər, o cümlədən xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və bir sıra dövlət rəsmiləri də həyatını itirib.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button