İranda “Qafqaz əldən gedir…” İSTERİKASI

“Cənubi Qafqaz əvvəlkindən daha çox Avrasiyada geosiyasi tarazlıqların yenidən bölüşdürülməsi üçün əsas məkana çevrilir”.

Bu barədə İranın “Tasnim” xəbər agentliyində dərc olunmuş təhlil məqaləsində deyilir.

Agentlik yazır ki, son üç onillikdə regional və xarici oyunçular arasında vaxtaşırı rəqabət epizodlarına baxmayaraq, nəticədə nisbətən sabit, Rusiya mərkəzli bir nizam daxilində idarə olunan region indi yeni mərhələyə qədəm qoyur:

“Bu mərhələ təkcə Rusiyanın ənənəvi rolunun yenidən düşünülməsini deyil, həm də Qərbin – diplomatik, iqtisadi və təhlükəsizlik alətlərinə əsaslanaraq, bu sürətlə dəyişən məkanda mövcudluğunu möhkəmləndirmək üçün aktiv cəhdlərini göstərir”.

Məqalədə həmçinin, qeyd olunur ki, Cənubi Qafqazda dəyişən güc balansının əsas əlamətlərindən biri Rusiyanın bölgədəki sahə və əməliyyat təsirinin nəzərəçarpacaq dərəcədə azalmasıdır: “Postsovet dövründə təhlükəsizlik mexanizmlərinin əsas qarantı kimi xidmət edən Rusiya hazırda bu rolu yerinə yetirməkdə ciddi məhdudiyyətlərlə üzləşir”.

İranın Rusiyaya görə təşvişi nədən qaynaqlanır? Moskva Cənubi Qafqazı itirirmi?

“İran halqanın daraldığını müşahidə edir. Rejim öz müttəfiqlərinin zəifləməsini həm də öz əlinin zəifləməsi kimi dəyərləndirir. İran görür ki, Suriya əldən getdi, Venesuelada dost iqtidarın kəlləsi qoparıldı, ən əsas müttəfiq Rusiya isə müharibə bataqlığında itirə-itirə gedir”.

Bu fikirləri Musavat.com-a professor Elxan Mirzəyev deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz İran üçün həyati əhəmiyyətlidir və regionda Rusiyanın varlığı elə onun mövcudluğu deməkdir:

“Hər ikisi Ermənistana təsir üzərindən regiona nəzarət etməyə çalışırdı. Lakin Paşinyan Ermənistanı himayə edənlərə bir şapalaq vurdu – yəni Zəngəzur dəhlizinin idarəetməsini ABŞ şirkətinə həvalə etdi. Bu da bölgədə Rusiya və İran üçün ciddi strateji itki deməkdir. Ona görə İran mediası isterika ilə yazır ki, Cənubi Qafqaz əldən gedir. Halbuki hər iki dövlətin normal əməkdaşlıq çərçivəsində bölgədə qalmaq imkanı var. Amma Tehran və Moskva köhnə yanaşmadan əl çəkmək istəmir”.

Siyasi şərhçi Alim Nəsirovun sözlərinə görə, Rusiya və İran bir medalın iki üzüdür. Onun fikrincə, birinə zərbə dəyəndə “siam əkizi” kimi digəri də onu dərisində hiss edir:

“Əsəd rejimi devrilməklə hər ikisi Suriyada mövqeyini itirdi. Qarabağda işğalçıların məğlubiyyəti ilə Rusiya və İran bölgəyə təsirini xeyli itirdi. Maduro tutuldu və bu da eyni siyasi düşərgədən itki idi. Hər iki qonşumuz sanksiya altındadır və beləliklə, onları birləşdirən “dərd” eynidir. O baxımdan, İran narahatdır ki, Ukraynada nəticəsizlik Rusiyanı uçuruma aparacaq və cəhənnəmə gedən yoldaş özünə dost axtarır deyə Moskva Tehranı da dartıb özü ilə sürüyəcək”.

Təhlilçi hesab edir ki, Ermənistan Avropa İttifaqı və ABŞ kimi rəqibləri bölgəyə gətirib, bu da İran və Rusiyanı narahat edir: “Bu səbəbdən, Zəngəzur dəhlizinə nəzarətin Rusiyada olmaması İran üçün də həyəcanvericidir. Əslində, İran bu koridora qarşıdır. Amma cənab Prezident Orta dəhlizin ikinci qolunu açıqladı və məlum oldu ki, Rusiya və İran üçün ciddi logistik üstünlük var. Ona görə də gərək qonşularımız təşvişə düşməsin”.\Emil Salamoğlu Musavat\

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button