İranda vurulacaq hədəflərin siyahısı – Liderlər, varislər, komandirlər, SEPAH, “Bəsic”…

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Baş Qərargah rəisi general Bred Kuperlə İsrail rəsmiləri arasında keçirilən görüş zamanı amerikalılar İranla genişmiqyaslı müharibəyə tam hazırlaşmaq üçün daha çox zamana ehtiyac olduğunu bildiriblər. Bununla belə, ABŞ ordusu istənilən an nöqtəvi əməliyyatın keçirilməsinə hazırdır.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Kanal 14” (İsrail) məlumat yayıb.
Görüş iştirakçılarından biri telekanala deyib ki, ABŞ-nin məntiqi “qısa, sürətli və təmiz” əməliyyat konsepsiyasına əsaslanır. Bundan əlavə, Vaşinqton İranda hakimiyyət dəyişikliyinin əsas zərurət olduğuna inanır. Bu yanaşmaya əsasən, hücum qərarı verilərsə, əsas diqqətin vətəndaşlar və etirazçılara qarşı sərt repressiyalarda rol oynamış qurum və şəxslərin hədəfə alınmasına yönəldiləcəyi gözlənilir. Çünki ABŞ-nin fikrincə, hakimiyyətin bu hissəsi artıq legitimliyini itirib.
CENTCOM komandiri həm də vurğulayıb ki, ABŞ Yaxın Şərqdəki müttəfiqlərini, o cümlədən İsraili müdafiə etməyə sadiqdir və onlara hansısa zərərin dəyməsinə imkan verməyəcək.
“Kanal 14” bundan əvvəl ABŞ-nin regionda yerləşdirdiyi hərbi texnika ilə bağlı geniş hesabat yayıb. Qeyd olunub ki, qüvvə və texnikanın həcmi və miqyası baxımından misli görünməmiş bu geniş yerləşdirmə ABŞ ordusuna tam hərbi manevr azadlığı verir. “Abraham Lincoln” aviadaşıyıcısı və onun müşayiətində yüzlərlə “Tomahawk” raketi ilə təchiz olunmuş esmineslərin regiona yaxınlaşması ilə yanaşı, F-15E qırıcıları da Yaxın Şərqdəki bazalara eniş edib. Yanacaqdoldurma təyyarələri, təminat gəmiləri və komanda gəmisi də regionda yerləşdirilib.
Bundan əlavə, F-35A, F-15E, F-16 və A-10 qırıcılarından ibarət eskadrilyalar Yaxın Şərqdə fəaliyyət göstərir. Onlarla yanaşı dəniz patrul təyyarələri, müxtəlif tip PUA və uzaqmənzilli hava dəstəyini təmin edən yanacaqdoldurma təyyarələri də cəlb olunub. Çoxsaylı esmines, təminat və komanda gəmiləri, “Tomahawk” raketləri ilə silahlanmış nüvə sualtı gəmiləri də öncədən Bəsrə körfəzində yerləşdirilib.
Mənbələrə görə, bu cür qüvvə düzümü ABŞ-yə istənilən hərbi əməliyyatı həyata keçirmək imkanı verir – məhdud və dəqiq zərbələrdən tutmuş uzunmüddətli hərbi kampaniyaya qədər.
Kanalın məlumatına görə, ABŞ-nin mümkün hədəfləri sırasında liderlər və potensial varislər, yüksək rütbəli komandirlər, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və “Bəsic”ə məxsus obyektlər, açıq hərbi hədəflər, kritik infrastruktur obyektləri və ballistik raket sistemləri yer alır.
Polise.az



