İrandakı Azərbaycan diplomatlarının ailə üzvləri təxliyə olundu

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub.
Polise.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın İrandakı səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu, habelə İsraildəki səfirliyi ölkə vətəndaşlarının qaynar xəttlərə daxil olan müraciətlərini nəzərdən keçirir və zəruri tədbirlər görür:
“Bununla əlaqədar, ilkin olaraq, İrandakı səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhədindən keçidi təmin olunub. Səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir”.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.
Polise.az