İrandan Azərbaycana gətirilən 18 kiloqramlıq marixuana sərhəddə ələ keçirildi

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Qeyd olunub ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilr.
Belə ki, iyulun 20-də DSX Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılıb.
Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucusu təqib edilmiş, havaya xəbərdarlıq atəşi açılıb. Əmrə tabe olmayan sərhəd pozucusu havanın qaranlıq, ərazinin meşəlik olmasından istifadə edərək üzərindəki bağlamaları atmış və geriyə qaçmağa nail olunub.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində hadisə yerində ümumi çəkisi 18 kiloqram 100 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.




