İranın Azərbaycan siyasətindəki yumşalma- Tehran gerçəkliyi görüb, U dönüşü edir?
Fazil Mustafa: “Burada Türkiyənin Azərbaycana dəstəyinin əhəmiyyətli rolu var”
Elçin Mirzəbəyli: “İran Azərbaycan xalqının və dövlətinin yanında tamamilə etimadını itirmiş bir ölkədir”
Elşən Mustafayev: “Rəsmi Tehran üçün həssas məsələ olan Azərbaycandakı casus şəbəkəsinin çökdürülməsi əməliyyatlarından çox narahat olub”
Son günlər İran İslam Respublikası Azərbaycan dövlətilə münasibətlərindəki gərgin xətdən imtina yolunu seçib və siyasətində tam yumşalma aydın müşahidə olunmaqdadır. Rəsmi Tehranın Bakıya qarşı demarşı heç bir nəticə vermədikdən sonra cənub qonşumuz normal siyasət sərgilməkdədir ki, bu da mehriban qonşuluq siyasətinə hər zaman üstünlük verən Azərbaycan Respublikası tərəfindən məmnunluqla qarşılanır, ötənlərə rəğmən.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov noyabrın 6-da, növbəti dəfə telefonla danışıblar. Rəsmi məlumata görə, nazirlər ikitərəfli əlaqələri müzakirə ediblər. Hüseyn Əmir Abdullahian deyib ki, İran regional formatları, o cümlədən 3+3 formatını qətiyyətlə dəstəkləyir və regional problemlərin regiondaxili mexanizmlər vasitəsilə həll oluna biləcəyinə inanır. Bundan əvvəl də xarici siyasət idarələrinin başçıları arasında telefon əlaqəsi olmuşdu və qarşılıqlı mesajlar verilmişdi. Məsələ burasındadır ki, İrana məxsus yük maşınlarının Azərbaycan ərazilərinə qanunsuz daxil olmasına Bakının sərt təpkisindən sonra Tehrandan qıcıqlı münasibət gəldi və dövlətimizə qarşı əyalət mollalarından tutmuş, ayrı-ayrı rəsmi şəxslərədək təhdidli mövqelər eşidildi, eyni zamanda sərhədlərimizdə hərbi təlimlər keçirildi. Tehranın davranışları təbii ki, Ermənistanı razı salırdı və məmnun edirdi. Hətta İranın İrəvandakı səfiri belə, Zəngəzura səfər edərək Azərbaycanın sərhədlərini dəqiqləşdirməsi prosesinə burun soxmağa cəhd göstərdi. Davamlı şəkildə Ermənistanın ərazi bütövlüyünü “qırmızı xətt” olaraq qəbul etdiyini vurğulayan İran tərəfi Zəngəzur dəhlizinin açılmaması üçün də müxtəlif cəhdlərdə bulundu, eyni zamanda Azərbaycan ordusunun keçirdiyi hərbi təlimlərdən Rusiyaya (?!-red.) şikayətlənməyi də unutmadı. Amma Moskvadan adekvat münasibət və özünün yanlış siyasətinə dəstək görməyən Tehran ardınca mövqe dəyişikliyinə qərar verdi. Hazırda bu siyasət hələ ki, davam etməkdədir. Amma İranın yumşalmasının arxasında müəyyən maraqların və ya hansısa planların olduğu barədə iddialar da səslənir. Eyni zamanda bir sıra ekspertlər İranın Azərbaycanı “diş”inə vurduğunu və dövlətimizin sərt cavabı, dirənişi qətiyyəti nəticəsində yanlış yoldan çəkildiyini ehtimal edirlər. Yeri gəlmişkən, Azərbaycan sərhədlərinin pozulmasına nəinki son verilib, hətta Qafan-Gorus yolunun Azərbaycan ərazisindən keçən hissəsində İrana məxsus yük maşınları dövlətimizə rüsum ödəmək məcburiyyətində qalıb və buna əməl edir. Azərbaycan xalqının İrandan gələn hədələrə qəzəbli tövrü də bu məsələdə ciddi rol oynadı. Həmçinin prezident İlham Əliyev də bir addım olsun İranın təzyiqlərinin, təhdidlərinin qarşısından çəkilmədi. Əksinə, rəsmi Tehranın ünvanına sərt mesajlar yolladı. İlham Əliyev hər kəsə – dosta da, düşmənə də dərs verdi. Dedi, kimsə Azərbaycanla hədə tonunda, təzyiq dilində danışa bilməz! Hətta İran şirkətinin Şuşa məscidini “təmir” etməsinə də dövlət başçımızın qətiyyətli reaksiyası olmuşdu, “belə təmir bizə lazım deyil”, -demişdi.
Eyni zamanda çox mühüm amilə diqqət çəkməkdə fayda var. Son aylarda qonşular arasında yaranmış gərginliyin fonunda – sözsüz ki, birmənalı şəkildə bu gərginliyi tətikləyən qarşı tərəf oldu – İranın Azərbaycandakı agentura setinin setkasını dağıtdı Azərbaycan dövləti. Bir sıra şəxslərin həbsi, dövlətimizin maraqlarını İrana satmaqda ittiham olunan çevrələrin zərərsizləşdirilməsi baş verib. Hazırda istintaq gedir və bu istintaq hələ çox su aparacaq. Amma heç şübhəsiz ki, arxayınlaşmaq da olmaz. Bu mənada ortaya suallar çıxır: İranın siyasətindəki yumşalma, ümumilikdə son davranışları nə ilə bağlıdır? Bu rəftar bizi arxayınlaşdırmaq üçün düşünülmüş taktiki gediş ola bilərmi? Yoxsa İran gerçəkliyi görüb, U dönüşü edir? Ola bilərmi ki, İran burada onillər boyu qurduğu agentura setinin əldən getməməsi, agentlərinin tam ifşa edilməməsi üçün mövqeyini “keçid dövrü” üçün yumşaldır?
Deputat Fazil Mustafa bildirdi ki, əslində İranın Azərbaycana yönəlik siyasətində ciddi dəyişiklik özünü hiss etdirməkdədir: “Çünki əslində İran bu məsələdə təkləndiyinə, başqa dövlətlərdən özünə dəstək ala bilmədiyinə görə, hər hansı bir şəkildə barış prosesinin pozucusu kimi görünməyə maraqlı olmadı və bunun da fəsadlarını hiss etdi. İran ilkin həmləsində düşünürdü ki, atdığı addımlarla Azərbaycana təzyiq göstərəcək, təhdid edəcək, bu da Rusiya və başqa ölkələr tərəfindən müəyyən dərəcədə təqdirlə qarşılanacaq. Amma gedişat göstərdi ki, bölgədə tamamilə fərqli maraqların olduğu gerçəyi var və bu istiqamətdə də İranın hər hansı bir istiqamətdə irəliləməsi, ənənəvi siyasəti davam etdirməsi mümkün deyil”. Deputat bildirdi ki, ona görə də İran 3+3 formatına razılığını bildirdi və bu da əvvəlki münasibətlərin qaydaya salınması üçün əvvəlki təkliflərə qayıdış idi: “Xatırlayırsınızsa, İran XİN başçısı vaxtilə bölgəyə səfəredərkən bütün dövlət və hökumət rəsmiləri ilə görüşdə bu formata razı olduğuna işarə etmişdi. İndi artıq situasiya dəyişib. Biz mehriban qonşuluq münasibətlərinə üstünlük verdiyimizə görə, İranla da hər hansı konflikt yaşamaq istəmirik. Çox güman ki, İran da artıq bu istiqamətdə hər hansı konflikti düşünmür. Ona görə də Azərbaycanla münasibətlərin yeni mərhələyə daxil olmasına maraq göstərir. Məsələnin sonunun necə olacağı gedişatda görünəcək. Amma burada Türkiyənin Azərbaycana dəstəyinin əhəmiyyətli rolu var ki, başqa dövlətlər bunu çox ciddiyə alırlar”.
Politoloq Elçin Mirzəbəyli Musavat.com-a bildirdi ki, İran Azərbaycan xalqının və dövlətinin yanında tamamilə etimadını itirmiş bir ölkədir: “Bundan sonra İranda nə qədər ki, müqəddəs dinimizi riyakar siyasətinə örtük etmiş siyasi rejim hakimiyyətdir, bu ölkəyə heç vaxt və heç bir şərtlər daxilində inam, etimad olmayacaq. Ola bilsin ki, bəziləri üçün bu yanaşmam siyasətdən kənar və emosional görünəcək. Amma nəzərə almaq lazımdır ki, İran 30 ildir bizim emosiyalarımız üzərindən oynayır. İdeoloji vasitələrlə emosional təsir İran rejiminin əsas siyasi silahıdır. Vaxtilə Ermənistana, işğal altında olan Azərbaycan torpaqlarındakı qəsbkarlara silah, ərzaq və yanacaq, bizə isə “fətva” göndərən İranın bütün mesajları Xudafərin üzərində dalğalanan Azərbaycan bayrağına dəyib geri qayıdır, burnu ovulduqdan sonra”. E.Mirzəbəyli digər önəmli məqama da diqqət çəkdi: “İndi 3+3 formatina dəstək verən rəsmi Tehranın “səmimiyyəti” aşsüzənə dönüb və etibarı qalmayıb. İllərdir Azərbaycanda təfriqə yaratmağa çalışan bir ölkənin qulbeçələrinin bu ölkənin dini-siyasi rejimini təbliğ etmək üçün səsləndirdikləri fikirləri xatırlayanda, kinayə dolu qəhqəhə çəkməkdən başqa heç nə etmək istəmirsən. Nə deyirdilər, Ağaye Filankəs deyib ki, “Qarabağ uğrunda həlak olanlar şəhiddirlər”. Pah, o deməsəydi, biz bilmirdik. O zaman desinlər Azərbaycanla sərhəd bölgələrinə narkotik daşıyıb xalqımızı bilərəkdən zəhərləyənlər, məscidlərimizdə donuz saxlayan ermənilərlə qol-boyun olanlar, müsəlman azərbaycanlıların torpaqlarının işğal altında olmasını dəstəkləyənlər, Azərbaycanın qəhrəman əsgər və zabitlərinin qanı bahasına öz torpaqlarını azad etməsini həzm edə bilməyənlər, erməniləri yenidən ayaq üstə qaldırmağa, işğala sövq edənlər kimidir?” Politoloqun qəti mövqeyi belədir ki, İran bundan sonra nə deyirsə-desin, bu fikirlər dövlətlərarası münasibətlər və konyuktura xətrinə nəzərə alınsa da, Azərbaycan xalqının yanında qara qəpik qədər dəyəri olmayacaq.
Politoloq Elşən Mustafayev bu qənaətdədir ki, İranın son 1 ildə ölkəmizlə bağlı sərgilədiyi neqativ mövqe Azərbaycanın ərazi bütövüyünün təmin olunması ilə bağlı apardığı işləri həzm edə bilməməsindən qaynaqlanır: “Çünki Tehran gələcəkdə problemsiz Azərbaycanı güclənmiş bir ölkəyə çevrilməklə özünə qarşı təhlükə kimi qəbul edirdi. İsraillə bağlı səsləndirdiyi fikirlər isə bir bəhanə idi. Hansı ki, bu bəhanəni işlətməklə əsas məqsədini gizlətməyi və eyni zamanda islam aləmindən, xüsusilə öz vətəndaşlarından dəstək almağı düşünürdü. Amma keçən müddət ərzində istədiyini ala bilmədiyindən, eyni zamanda reqionda gedən proseslərdən kənarda qalacağını anladığından 3+3 formatında iştirak etmək istədi. Yəni, İranın Azərbaycanla bağlı siyasətindində üzdə göründüyü kimi, hər hansı dəyişiklik olmayıb. Düşünürəm ki, əvvəlki mövqeyini açılq deməsələr də, saxlayıb və gələcək fəaliyyətində biruzə verəcəklər”. E.Mustafayev qeyd etdi ki, İran Xarici İşlər nazirinin Ceyhun Bayramovla telefon danışıqlarını reqionda proseslərə təsir edəcək hər hansı hadisə kimi görmür: “İran hələ də 3 tərəfli sazişdə nəzərdə tutulan Zəngəzur koridoru ilə bağlı əvvəlki mövqeyindən fərqli fikirlər səsləndirməyib. Özünün aylardır söylədiyi Ermənistan –Azərbaycan sərhədlərinin dəyişməsi ilə bağlı “qırmızı xəttlər” ifadələrindən imtina etməyib. Azərbaycan isə bu müddət ərzində İranın bəyanatlarından, hədələrindən çəkinmədi və hər addımlarının dərhal qarşılığı verildi”. Politoloq İranın mövqeyindəki dəyişikliyin səbəbini belə görür: “Ən əsası, rəsmi Tehran üçün həssas məsələ olan Azərbaycandakı casus şəbəkəsinin çökdürülməsi əməliyyatlarından çox narahat olub. Çünki onlar hər zaman təhdid aləti olaraq istifadə olunurdu. İndi isə onların kökünün qazılması və təmizlənməsi prosesi gedir. Bu şəbəkə on illər boyunca formalaşdığından onun qısa müddətdə yox olması imkansızdır. Məhz bu səbəbdən rəsmi Tehran çox çalışır ki, prosesin davam etməsini dyandırsın və şəbəkənin bir hissəsini xilas edə bilsin. Buna görə bütün diplomatik vasitələrdən, xahişlərdən, ricaqlardan istifadə oluna bilər və parelel şəkildə Azərbaycana qarşı bəzi müsbət jestlərin də şahidi ola bilərik. İranın xarici siyasətində Azərbaycanla bağlı mövqeyi dəyişmədiyindən xırda jestlərın və buna bənzər digər addımların səmimi olacağına inanmıram”.