İranın hay-küyü və isterikaya düşməsinin prosesə təsiri olmayacaq. Zəngəzur dəhlizinin açılması məsələsi zamanla həllini tapacaq.

Politoloq Oqtay Qasımov Teleqraf.com-un Zəngəzur dəhlizi ətrafındakı son durumla bağlı suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

– Zəngəzur dəhlizi ilə bağlı İranla Rusiya arasında gərginlik yaşanır. Niyə strateji münasibətlərdə olduğunu iddia etdikləri Rusiyanın dəhlizin açılmasına marağı Tehranda belə sərt təpki ilə qarşılandı? Ortada bir 10 noyabr anlaşması var, həmin sənədə görə, dəhlizin təhlükəsizliyi Rusiya sərhədçiləri tərəfindən təmin olunacaq. İndi İranın buna təpkisi belə təəssürat yaradır ki, Tehranda Rusiyaya güvənmirlər.

– Söhbət güvəndən getmir, söhbət ondan gedir ki, İranın iddiaları tam əsassız və cəfəngiyyatdır. Tehran hesab edir ki, guya dəhliz Rusiya sərhədçilərinin əllərinə keçsə, bu, İranın suverenliyi və təhlükəsizliyinə təhdid olacaq. Amma baxdıqda görürük ki, Rusiya 200 ildir bölgədədir və bu müddətdə həmin ərazilərdə rus əsgəri dayanır. Hətta Ermənistan müstəqil olduqdan sonra da onun İranla sərhədlərini Rusiya sərhədçiləri qoruyur. Maraqlıdır ki, bu vaxta qədər buna səsi çıxmayan İran indi danışmağa başlayıb.

İranla Qərb arasında bu məsələdə üzdə ziddiyyətlər olsa da, ikisi də bir oyunu oynayır. İran buna görə o səbəbdən Rusiyaya qarşı gedir ki, onun dərdi dəhlizin açılması yox, Azərbaycan-Türkiyə birliyi məsələsidir. Tehran hesab edir ki, Azərbaycan-Türkiyə əlaqələrinin daha da güclənməsi onun maraqlarına uyğun deyil. Buna görə də, Azərbaycanla Türkiyə arasında birbaşa quru əlaqəsinin yaranması İranda ağrı ilə qarşılanır. Buna görə dəhlizə mane olmağa çalışırlar.

İran həm də hesab edir ki, Zəngəzur dəhlizi açılsa, tranzitdən əldə olunan gəlirlər Ermənistan gedəcək, ona heç nə çatmayacaq. İndi İran bu yolu öz ərazisindən keçirməyə nail olmaqla ciddi dividentlər və maliyyə resursları əldə etmək istəyir. İkincisi, dəhlizə nəzarət etməklə bundan təzyiq mexanizmləri yaratmaq istəyir. Üçüncüsü, Türkiyənin Azərbaycan və digər türk dövlətləri ilə əlaqələrinin güclənməsində maraqlı deyil.

İran bu səbəblərdən prosesin önünü almağa çalışacaq. Amma İran nə qədər hay-küy salsa da və mane olmağa çalışsa da, gec-tez bu dəhliz açılacaq. Çünki bu, bir öhdəlikdir. Əslində bu, İranın Ermənistana sayğısızlığı kimi də qəbul edilə bilər. Faktiki olaraq, bu məsələdə qərar verməli olan Ermənistan kənarda qalıb və Tehran düşüb ortalığa. Bununla Ermənistanın müstəqil olmadığı, onun əvəzinə başqalarının qərar verdiyi üzə çıxır.

Dediyim kimi, Tehran əsasən türk birliyinin güclənməsinə mane olmağa çalışır. Bəs gücü çatacaqmı? Bu, çox ciddi məsələdir. Çünki bunu Azərbaycan da, Türkiyə də, Rusiya da, Qərb də istəyir, o cümlədən İranın çox yaxın münasibətlərdə olduğu Çin. Yəni İranın hay-küy salmasının və isterikaya düşməsinin prosesə təsiri olmayacaq. Məsələ zamanla həllini tapacaq.

– ABŞ da, Avropa Birliyi də iddiasını ortaya qoyub. İranda Qərbə niyə söz deyən yoxdur? Hətta belə bir mənzərə yaranır ki, İran bu məsələdə Rusiya yox, Qərbə yaxınlaşma xətti tutub.

– İran həmişə Qərblə yaxın olub. Üzdə nə qədər ziddiyyətlər olsa da, arxa planda həmişə hansısa işlər görülüb. Guya İran vaxtilə Qasım Süleymaniyə görə qisas alacaqdı, Amerikanın İraqdakı bazasını vuracaqdı. Donald Tramp o zaman İranın adından belə bir söz söyləmişdi: “Bu, bizim üçün bir qürur məsələsidir, raket atacağıq, amma zərər görməyəcəksiniz”.

Belə bir şeyi apreldə İranın “İsrailin vurulması şousu”nda da gördük.

– İran məsələ ilə əlaqədar Rusiya, hətta Azərbaycan və Türkiyəni ittiham etsə də, Ermənistana narazılığını bildirmir. Halbuki Ermənistan öz şərtləri daxilində olsa da, dəhlizin açılmasına marağını ifadə edib. Belədirsə, Ermənistan niyə İranın tənqid etdiyi ölkələr arasında deyil?

– İran bir formada Ermənistanda Rusiyanın zəiflədiyi yerlərini tutmağa çalışır. Amma buna necə nail olacağını demək çətindir. Ermənistana reaksiyanın olmaması bağlı qapılar arxasında Qərblə gizli anlaşmalarla əlaqəlidir. İran həm də buna görə Fransa və ABŞ hərbçilərinin Ermənistanla təlimlərinə susur. İranın ABŞ-ın İrəvanda 2500 nəfərlik personalının xidmət etdiyi səfirliyinin fəaliyyətinə də reaksiyası yoxdur. Tehrandan Avropa Birliyinin “mülki missiya” adı altında Ermənistanda yerləşmiş casus qrupuna da təpki görməmişik. Üstəgəl, ABŞ və Fransanın hərbi təlimatçılarının Ermənistan Müdafiə Nazirliyində işləmələrinə susurlar.

Bütün bunlar İranın mahiyyətini çılpaqlığı ilə ortaya qoyur. Yəni İranın danışdığı nağıllar keçərli deyil. Guya Zəngəzur dəhlizi açılsa, İranın Avropa ilə əlaqələri kəsiləcək. Uydurmadır. Əslində İran bu bəyanatı verməklə, Azərbaycan və Türkiyəni özünün düşməni elan edir. Çünki İranın Avropa ilə əlaqələri Azərbaycan və Türkiyə üzərindən təmin edilə bilər, nəinki dar, dağlıq və sərt iqlimə malik bir ərazi üzərindən.

– İran iddia edir ki, dəhlizin açılmasına ən müxtəlif variantlarla, o cümlədən lazım gələrsə, hərbi yolla da mane olacaq. Tehran belə bir addıma gedə bilərmi?

– Bu, təxribatdır. Pəhləvilərdən bəri bu dövlətin ideologiyası sasanizmə əsaslanır, molla rejimi də bu yolla gedir. Bu, mifik İran İmperiyası xəyalıdır. Guya bu mifik imperiyanın tərkibində Qafqaz da, Orta Asiya da, Hindistanın bir hissəsi də olub. Xülyalarla yaşayırlar. Pan-iranist və ya pan-farsist şovinist düşüncəsi də İranda hakim ideologiyaya çevrilib.

İranın buna hərbi yolla mane olmaq cəhdinə gəlincə, buna səy göstərə bilərlər, amma bunun uğurlu olub-olmayacağı başqa məsələdir. Çünki belə olsa, digər regional və qeyri-regional dövlətlər də prosesə qarışa bilərlər. Xüsusən də nəzərə almaq lazımdır ki, hazırda orada Rusiyanın sərhəd qoşunları dayanır. Yəni belə çıxır ki, İran Rusiya sərhədçilərini də əzib-keçib o ərazilərə girməlidir. Bu o deməkdir ki, İran Ermənistan ərazisini işğal edir. Beynəlxalq səviyyədə bunun bədəli İran üçün ağır olardı.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button