İranın XİN başçısı ilə Azərbaycanın səfiri arasında gərgin danışıqlar keçirildi
Xəbər verildiyi kimi, bu gün Azərbaycanın İran İslam Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə İranın xarici işlər naziri Xoseyn Əmir Abdollahiana öz etimadnamələrini təqdim edib.
İRNA agentliyinin yaydığı məlumata görə, İranlı nazir azərbaycanlı səfirə Tehrandakı missiyasında uğurlar arzu edib və mehriban qonşuluq siyasəti çərçivəsində ikitərəfli münasibətlərin vacibliyini vurğulayıb.
Bununla yanaşı Xoseyn Əmir Abdollahian Azərbaycanın ərazisində İranın iki sürücüsünün saxlanılması ilə bağlı narazılığını da bildirib.
Abdollahian həmçinin ölkəsinin öz ərazisində hərbi təlimlərin keçirilməsi məsələsinə də toxunub. O bu cür təlimlərin keçirilməsini hər bir dövlətin suveren haqqı olduğunu vurğulayaraq deyib ki, “İran onun milli təhlükəsizliyinə qarşı yönəlmiş sionist rejiminin ərazisində qalmasına imkan verməz və bununla bağlı lazımı tədbirlər həyata keçirər”.
Öz növbəsində, Əli Əlizadə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayıb.
Xatırladaq ki, İran İslam Respublikasının Quru Qoşunlarının komandanı Kiyumers Heydəri bəyan etmişdi ki, İranın Silahlı Qüvvələrinin quru qoşunları ölkənin şimal-qərb bölgəsində (Ərdəbil, Şərqi Azərbaycan və Zəncan) təlim keçirməyə başlayır. Onun sözlərinə görə, təlimlərdə İran Silahlı Qüvvələrinin haubitsa, pilotsuz uçuş aparatları, vertolyotlar və zirehli texnikasından istifadə ediləcək.