İranla savaşda HƏLLEDİCİ həftə – Qalibi BU müəyyən edəcək

ABŞ və İsrailin İranla hərbi qarşıdurması həlledici həftəyə daxil olub. Əksər siyasi müşahidəçilərə görə, məhz bu həftə Müctəba Xomenei və İran rejiminin taleyi, həmçinin strateji əhəmiyyətli Hörmüz boğazı ilə bağlı vəziyyətə aydınlıq gələ bilər.
Bu xüsusda Birləşmiş Ştatlar prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton Hörmüz boğazının blokadada qalmasının ABŞ üçün həm hərbi, həm də siyasi uğursuzluq olduğunu bildirərək, belə vəziyyətdə müharibənin tezliklə başa çatmayacağını vurğulayıb. Onun fikrincə, boğazın açılması strateji əhəmiyyət kəsb edir və nə qədər ki, bu su yolu beynəlxalq gəmiçilik üçün qapalıdır, Trampın qələbə bəyanatları heç kəs tərəfindən inandırıcı qəbul edilməyəcək.
Sabiq müşavir həmçinin xəbərdarlıq edib ki, İran rejimi boğazdan təzyiq rıçaqı kimi istifadə edərək müharibəni uzatmağa və qlobal enerji bazarlarında xaos yaratmağa çalışır. İran hökumətindəki mənbə isə “Reuters”ə bildirib ki, SEPAH boğaza nəzarəti itirəcəyi təqdirdə İran faktiki olaraq müharibəni uduzacaq. Öz növbəsində amerikalı respublikaçı senator Lindsi Qraham ABŞ-nin İranın Xarq adasına zərbə endirmək qərarının “zəruri, cəsarətli və son dərəcə təsirli” adlandırraraq deyib ki, neft və qaz iqtisadiyyatı üçün əsas mərkəz olan Xarq adasına hücum müharibənin sonunu sürətləndirə bilər. O, İranın Xarq adasındakı neft infrastrukturuna nəzarəti və ya onu istismar etmək qabiliyyətini itirəcəyi təqdirdə ölkə iqtisadiyyatının faktiki olaraq məhv ediləcəyini vurğulayıb. “Xarq adasına kim nəzarət edirsə, bu müharibənin taleyinə də o nəzarət edir”, – deyə o əlavə edib.
ABŞ boğazı İranın düzdüyü minalardan təmizləyə və azad edə biləcəkmi? Bu nə qədər vaxt ala bilər?
Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, müharibənin yaxın həftədə başa çatması mümkün olmayacaq. Onun sözlərinə görə, Hörmüz boğazı mütləq açılmalıdır və bu səbəbdən, ABŞ müttəfiq dövlətlərin koalisiyasını təşkil etmək istəyir:
“İlk növbədə isə minalar təmizlənməlidir. Boğaz nə dərəcədə minalanıb, bu da sual doğurur. Çünki bəzi ölkələrə oradan rahat şəkildə keçə bilirlər. Hörmüz boğazı açılsa da bu, ABŞ ilə İsrailin birgə əməliyyatının uğurlu olmasını göstərməyəcək. Çünki qarşıya qoyulan hədəflərin heç birinə çatılmayıb. Nüvə proqramı ilə bağlı İranın mövqeyi dəyişməyib, ballistik raketlərlə bağlı hər şey əvvəlki kimi qalır, İranda insan hüquqları barədə ümumiyyətlə danışmağa dəyməz”.

Onun sözlərinə görə, ABŞ-nin ciddi uğura ehtiyacı var:
“Bu uğur Xarq adasının ələ keçirilməsi ola bilər. Çünki Xarq adası İran üçün müstəsna əhəmiyyətə malik olan bir adadır. Burada onun ən böyük terminalı yerləşir və orada İranın neft və neft məhsulları ixracatının 90 faizi həyata keçirilir. ABŞ nəyin bahasına olur-olsun bu adanı ələ keçirməyə çalışacaq”.
Ekspert qeyd edib ki, 21 kvadratkilometr ərazisi və 8 min 200 nəfər əhalisi olam Xarq adasını ABŞ-nin ələ keçirməsi mümkündür və bu da İran iqtisadiyyatına çox ciddi zərbə ola bilər:
“ABŞ-nin İsraillə birlikdə indiki şəraitdə nail ola biləcəyi ən böyük uğur Xarq adasının nəzarətə götürülməsidir. Çox güman ki, Tramp buna cəhd göstərəcək. Bu isə ABŞ-nin müəyyən qədər öz məqsədinə çatdığı görüntüsünü yarada biləcək”.\Etibar Seyidağa,\
Polise.az



