İranlı “şeyx nəsrullahlar” Ermənistanın timsalında ölü diriltməklə məşğuldurlar” – Professordan sərt mövqe
1. Bu, bizim mövqeyimiz!
Azərbaycanla İranı yaxın edən təkcə onların qonşu dövlətlər olması deyil. Hərçənd ki, elə qonşu olmağın özü də onu dəyərləndirə bilənlər üçün çox önəmli göstəricidir. Amma ölkələrimizi bir-birinə daha yaxın edən digər çox ciddi bağlantılar da var. Mən burada Cənubi Azərbaycan faktorunu xüsusilə qabartmaq istərdim. İranda yaşayan, bu ölkənin vətəndaşları olan milyonlarla etnik azərbaycanlı faktorunu diqqətə almağı nəzərdə tuturam. Onların sayını yazmaqdan bilərəkdən özüm yan keçdim. Çünki İranda buna da qısqanırlar, desəm azdır, əslində isə orada yaşayan azərbaycanlıların dəqiq sayı ilə bağlı real rəqəmi səsləndirməkdən ehtiyat edirlər.
Tarixdən hər kəsə yaxşı bəllidir ki, uzun müddət davam etmiş olan İran-rus müharibələri nəhayət, 1828-ci il Türkmənçay sülh müqaviləsi ilə yekunlaşıb. Bununla da o vaxtadək Çar Rusiyası tərkibində olan Azərbaycan iki hissəyə parçalanıb. Ərazimizin və əhalimizin təqribən beşdə dörd hissəsi İran, qalan hissəsi isə Rusiya tərkibində qalıb. Elə o vaxtdan etibarən də «Şimali Azərbaycan» və «Cənubi Azərbaycan» məvhumları leksikonumuzda özünə yer alıb. SSRİ-nin dağılması ərəfəsində, yəni bir sıra digər Sovet respublikalarından bir addım öncə, daha dəqiq desək 30 avqust 1991-ci il tarixdə Azərbaycan özünün dövlət müstəqilliyini elan etdi. Beləliklə, artıq düz 30 ildir ki, müstəqil Azərbaycan İranla dostluq və mehriban qonşuluq əlaqələri şəraitində yaşayır və bu münasibətlərə zərrə qədər olsun belə xələl gətirilə biləcək hər hansı bir addım atmayıb. Azərbaycan tərəfinin dost və qonşu ölkə olaraq bütün platformalarda sərgilədiyi bu səmimi və açıq mövqeyi çox güman ki, İran tərəfi də ən xırdalıqlarına qədər bilməmiş deyil.
2. Bu da İranın mövqeyi!
Bəs bütün bunların müqabilində dini inancları bir olan, əhalisinin çox böyük bir hissəsinin milli mənsubiyyəti və dili eyni olan İran özü bu illər ərzində bizə münasibətdə hansı mövqe nümayiş etdirdi?!
Ermənistan Qarabağı və ətraf rayonlarımızı işğal etdi, İran səsini belə çıxartmadı. Tehranda İranın vasitəçiliyi ilə cülh danışıqları gedə-gedə Şuşanın “fatehəsi” verildi. Bəs İran nə etdi?! İşğal altına düşən sərhəd rayonlarımızın əhalisi düşmən təzyiqi altında Araza töküləndə cənub qonşumuz necə davrandı?! Sanki İran hadisələrin bu cür inkişafını çoxdan göszəliyirmiş. İran-Ermənistən əlaqələrinin gündən-günə durmadan genişlənərək daha intensiv xarakter alması, İrandan Qarabağa istiqamət alan maşın karvanlarının getdikcə daha artıq davamlı xarakter alması da bundan xəbər vermirdimi?! Guya biz İran rəsmilərinin Qarabağ problemi ilə bağlı zaman-zaman səsləndirdikləri boğazdan yuxarı, ikibaşlı bəyanatları arxasında nələr durduğunu anlamırdıq?! Yəni, dost və qonşu ölkə olaraq işğalçı və işğala məruz qalana münasibətdə ən azı həqiqəti dilə gətirmək olmazdı?! Məgər İran rəsmiləri bilmirdi ki, işğalçı kimdir, işğala məruz qalan kim?! Azərbaycan tərəfinə bir qədər yumşaq desək, heç də xoş olmayan belə davranış əslində İranın bizə olan niyyət və mövqeyinin göstəricisi idi. Amma Azərbaycan xalqı və dövləti bütün bunları görə-görə, bilə-bilə İranla dostluq və mehriban qonşuluq əlaqələrini saxlamaqda hələ də israrlı olmaqda davam etməkdədir.
3. Azərbaycan Qarabağ problemini həll etdi, bəs İran niyə narahat oldu?!
Qonşuların və beynəlxalq dairələrin mövqeyinə və mövqeyisizliyinə rəğmən Azərbaycan dövləti 44 günlük zəfər müharibəsi yolu ilə Qarabağ problemini həll etmiş oldu. Düşmən diz çökərək, yalvararaq kapitulyasiya aktına imza atdı. Hətta həmin sənədi imzalayarkən belə qorxudanmı, utandığındanmı üzə çıxmağa üzü olmadı. Artıq bütün dünya şahid oldu ki, kim kimdir. Ermənistan hər tərəfdən himayə olunduğu halda belə Rəşadətli Azərbaycan əskəri, zabiti və Müzəffər Ali Baş Komandanı qarşısında müti, aciz, əlacsız və məğlub durumla barışmaq zorunda qaldı. Aqillərimiz sanki “fitlə darıdan çıxmayan donuzu zopa ilə qovdular” misalını elə işğalçı ermənilər üçün deyiblərmiş.
Azərbaycanın hərbi uğurları davam etdiyi, sərhədyanı rayonların bir-birinin ardınca azad olunduğu bir vaxtda görün, qonşu və dost ölkə hesab etdiyimiz İran nə etdi?! Sən demə Arazın bu tayında erməni mövqelərinə atdığımız güllələr Arazın o tayında təhlükəsizliyi pozurmuş! Belə bir əsassız bəhanə ilə Azərbaycana nota verən İran rəsmləri bəs o ərazilər Ermənistan tərəfindən işğal ediləndə niyə səsini çıxarmadı?! Ay din qardaşları, ermənilər tərəfindən şəhər və kəndlərimiz viran ediləndə, məscidlərinizdə donuz bəslənəndə, məzarlıqlarımız yerlə yeksan olanda, ziyarətgahlarımız təhqir ediləndə siz niyə susurdunuz?! İslami dəyərlərə hörmət və ehtiramınız budurmu?! Görünür, sizə belə sərfəli imiş. Bu gün bir Azərbaycan vətəndaşı, alim və ziyalısı olaraq tam əminliklə deyə bilərəm ki, Şuşa işğal edilərkən İran rəsmləri bəlkə də Şuşanın ordumuz tərəfindən qəhrəmancasına azad olduğundan daha artıq sevinmişdilər.
Bakıda Zəfər paradı keçrilərkən qardaş Türkiyə Cümhuriyyətinin prezidenti, Azərbaycanın və bütün türk dünyasının ən yaxın dostu Rəcəb Təyyub Ərdoğanın iştirakı və onun paradın yüksək tribunasından səsləndirdiyi məşhur şərqi də cənub qonşularımızın ürəyindən olmadı. Dərhal İran prezidenti və xarici siyasət idarəsinin rəhbəri Cavad Zərif heç də zərif tonda olmayan bəyanatlar səsləndirdilər. Özlərini elə apardılar ki, sanki biz burada Arazın o tayının davasına qalxmışıq. Ay ərizlərim (hərçənd ki, bu ifadəni heç işlətmək istəməzdim), yəni İmperiyaların savaşı nəticəsində iki hissəyə parçalanmış bir xalqın 192 ildən sonra öz niskilərini ifadə edən bir şərqini səsləndirməsi belə sizə ağır gəlir?! O şərqidə iran siyasilərinin xətrinə dəyə biləcək nə var idi? “… Mən səndən ayrılmazdım, zülm ilə ayırdılar…” Burada yalan nə var?! Həqiqət yəni bu dərəcədə acı olur?!
4. İranlı “şeyx nəsrullahlar” indi də Ermənistanın timsalında ölü diriltməklə məşğuldurlar
Son günlərin ən çox gündəmdə olan və dartışılan mövzularından biri İrandan Qarabağa sıralanan maşın karvanıdır. Onlar o qan çanağına nə gətirirlər?! İran tərəfi bilmirmi ki, Qarabağ Azərbaycan ərazisidir?! Ayıb deyil, bizə qardaş deyib, o tərəfdən də işğalın davam etdiyi 30 il ərzində separatçı rejimi hər cəhətdən təmin və təchiz etdiniz, məhv olmaqda olan düşmənə hər vəchlə nəfəs verdiniz. İndi nə etmək niyyətindəsiniz?! Çökmüş, dağılmış, tərkisilah olunmuş dığaları yenidən yedirdib, içirdib, silahlandırıb üstümüzə göndərməyi hədəfləmsiniz?! Qoy, eşitsinlər və bilsinlər, gələcəkləri varsa, daha dəhşətli görəcəkləri də olacaq. Dəmir yumruğun altından bir daha salamat qurtula bilməyəcəklər. Qoy, ermənilər də, onlara yem verənlər də bilsinlər ki, bu gün Azərbaycan zərurət yaranarsa, Ermənistanın əhalisi qədər ordu çıxarmaq və həmin ordunu dünyanın ən müasir silahları ilə təmin və təchiz etmək qüdrətindədir. Bunu bilə-bilə İranın Ermənistandakı səfirinin erməni hərbiçilərinin əhatəsində gizlənərək Laçın dəhlizində nə ölümü var?! O, ermənilərə nəyi qandırmaq istəyirdi?!
5. İran bəs öz vətəndaşlarının maraqlarını niyə nəzərə almır?!
Mən əminəm ki, İran rəsmilərinin bu cür adekvat olmayan davranışları tək bizi deyil, bəlkə də bizdən daha çox Arazın o tayında yaşayan milyonlarla soydaşımızı qıcıqlandırır. Bu günlərdə Təbriz şəhərinin imamcüməsi Əli Haşiminin ölkə rəsmilərinə xitabən «Diqqətli olun, bura Azərbaycandır» deməsi də məncə çox mətləblərdən xəbər verir.
Əziz İran rəsmləri, özünüzün təbirincə desək, siz “Şimali Azərbaycan”a münasibətdə çox əbəs yerə qısqanırsınız, xoflanırsınız, ehtiyatlanırsınız! Siz yaxşı olar ki, vətəndaşlarınız olan çoxmilyonlu Cənubi Azərbaycan əhalisindən ehtiyatlanasınız. Çünki artıq 200 ilə yaxındır ki, o insanların elementar hüquqlarını belə pozmaqda davam edirsiniz. O insanların səsini eşitmir, ehtiyaclarını və narazılıqlarını nəzərə almırsınız. Niyə nəzərə almırsınız ki, 300 milyon əhalisi olan dünya nəhəngi ABŞ orada yaşayan cəmisi yarım milyonluq erməninin necə və niyə nazını çəkir?! Əhalisinin 94 faizidən çoxu fransızlardan ibarət olan Fransa əslində etnik portuqalların, əlcəzairlilərin, mərakeşlilərin, italyanların və türklərin içərisində itib-batan bir ovuc ermənini niyə heç vaxt incik salmır?! Bir diqqət edin, ABŞ da, Fransa da vətəndaşları olan bir ovuc erməninin xətrinə haqq savaşı aparan Azərbaycanı deyil, terrorçu Ermənistanı müdafiə etməkdədirlər. Siz isə dünyanın əksər güc mərkəzlərinin üstünüzə gəldiyi, sizi daim dalana dirəyib çökdürməyə can atdığı bir vaxtda öz vətəndaşlarınız olan çoxmilyonlu azərbaycanlıların istək, arzu və dəyərlərininə məhəl qoymursunuz. Siz öz vətəndaşınız olan insanların maraqlarının tam əksinə olaraq bizimlə eyni dərəcəyədə onların da düşməni olan Ermənistanın terrorçu rejiyimini himayə edirsiniz. Özünüz deyin, buna nə ad vermək olar?! Belə də dostluq, qonşuluq olar?!