“İsgəndər” qalmaqalı: Rusiya onsuz da bacarmayacaqdı
İkinci Qarabağ müharibəsi zamanı İsgəndər-M-in istifadə edilib-edilməməsi ilə bağlı diskussiyanın davam etdirilməsi, əlbəttə, İrəvanın Moskva ilə əməkdaşlıq formatına yenidən baxmasına dəlalət edir. Müharibə başa çatdı. Nikol Paşinyan isə erməni hərbi-siyasi rəhbərliyinin öz dövlətinin müdafiəsini təmin edə bilməməsini açıq etiraf etmək əvəzinə, strateji tərəfdaşlarını, ilk növbədə Moskvanı erməni məğlubiyyətinin səbəbkarı kimi göstərməyə çalışır.
Bu barədə axar.az-a açıqlamasında Beynəlxalq Siyasi təhlil və Proqnozlaşdırma Mərkəzinin prezidenti, rusiyalı siyasi analitik Denis Korkodinov bildirib.
“Nikol Paşinyan vəziyyəti elə təsəvvür etməyə çalışırdı ki, əgər “İsgəndər” “partlasaydı”, bu, guya Ermənistan silahlı qüvvələrinin qələbəsinə gətirib çıxara bilərdi. Əslində Nikol Paşinyan və onun ətrafı hələ strateji planlaşdırma və səfərbərlik mərhələsində buraxılan kobud səhvlərlə Ermənistan ordusunu məhv edib. Hərbçilərin 95 faizi müharibənin ilk həftəsi ərzində fərarilik edib. Buna görə də Moskva, hətta böyük istək olduğu halda belə, İrəvanı rüsvayçılıqdan xilas etmək iqtidarında deyildi. Hazırda Rusiya üçün İsgəndər-M komplekslərinin istifadə edilib-edilməməsi məsələsi bağlanıb. Moskva artıq 2021-ci ilin fevralında bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə ortaya qoyub və Nikol Paşinyana onun bu haqda düşünülməmiş bəyanatının yersiz olduğunu izah edib.
Qeyd etmək lazımdır ki, 2021-ci ilin fevral-mart aylarında “İsgəndər”lə bağlı mübahisə Ermənistanda hərbi çevriliş cəhdinə gətirib çıxardı. Moskvanın rəsmi İrəvan tərəfindən yalan dolu, əsassız tənqidlərinə dözəcək halı qalmayıb. Açıq-aydın anlamaq olar ki, İrəvan Moskvanı yenidən pis vəziyyətdə qoymağa çalışır.
O ki qaldı bu kompleksdən istifadəyə, şübhəsiz ki, İkinci Qarabağ müharibəsi zamanı İsgəndər-M komleksindən istifadə olunması fakları təkziblərdən qat-qat çoxdur.
Belə ki, 16 fevral 2021-ci ildə Serj Sərkisyan rəsmən bəyan etdi ki, onun İsgəndər-M raketlərindən müharibənin son fazasında Şuşa istiqamətində istifadə olunmasına dair sübutları var. Bundan başqa, 19 noyabr 2020-ci ildə Ermənistan Müdafiə Nazirliyinin Nəzarət Xidmətinin keçmiş rəisi, general – polkovnik Movses Akopyan qeyd etmişdi ki, Ermənistan “İsgəndər”lərdən istifadə edib”, – deyə həmsöhbətimiz qeyd edib.