“”İSKƏNDƏR”LƏR MÜHARİBƏNİN GEDİŞİNƏ TƏSİR EDƏ BİLMƏDİ” – “Bu, sadəcə Ermənistanın məğlubiyyəti deyil”
Ermənistan mətbuatı bu işğalçı dövlətin İkinci Qarabağ Müharibəsindəki acı və rüsvayçı məğlubiyyətini hər nə qədər malalamağa, ört-basdır etməyə və günahı öz havadarlarının üzərinə atmağa çalışsa da, bütün dünya gördü ki, işğalçı ordu, sadəcə, Azərbaycan Ordusunun gücü və xalqımızın iradəsi qarşısında tab gətirə bilməyərək, darmadağın oldu. Artıq Ermənistanın məlum havadarları da daxil olmaqla, bütün beynəlxalq birlik Azərbaycanın gücünü və apardığı savaşda haqlı olduğunu etiraf edir.
Dünya mətbuatında Azərbaycan Ordusunun Qarabağ uğrunda gedən müharibədə göstərdiyi şücaət və döyüş qabiliyyəti qarşısında ermənilərin məğlub, aciz duruma düşdüyünə dair xeyli sayda məqalələrə, şərhlərə rast gəlinir. Həmin yazılarda həmçinin bölgədə situasiyanın dəyişməsinə, Türkiyənin və Rusiyanın münaqişənin həllindəki roluna, eləcə də Azərbaycanın regionda əsas söz sahibinə çevrilməsinə toxunulur.
Sözügedən mövzu ilə bağlı İsveçin “Dagens Nyheter” qəzeti “Putin daha ötkəm olan Ərdoğana yol açır” başlıqlı məqalə dərc edib. Məqalədə deyilir: “Bu, sadəcə Ermənistanın məğlubiyyəti deyil. Tərəflər arasında imzalanmış razılaşma Cənubi Qafqazda qüvvələr nisbətini radikal şəkildə dəyişdirir. İndi regionu Rusiyadan başqa Türkiyə də ciddi formada silahlandırır. Altı həftə çəkən qanlı müharibədə Rusiya təəccüblü şəkildə passiv göründü. Belə sual yaranırdı ki, Rusiya doğrudanmı Qafqazdakı nüfuzundan imtina edir?
Ermənistan üçün separatçı “Dağlıq Qarabağ respublikasının” və ona bitişik böyük ərazilərin itirilməsi milli fəlakətdir. Hazırda Ermənistandakı daxili siyasi vəziyyət partlayış həddindədir. Minlərlə nümayişçi küçələrə axışaraq razılaşmanı imzalayan baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Ermənilərin əksəriyyəti razılaşmaya satqınlıq və kapitulyasiya kimi baxır, onların fikrinə görə, Rusiya Cənubi Qafqazda özünün mühüm müttəfiqi olan Ermənistanı kapitulyasiya etdirərək satdı. Ermənilər deyirlər ki, Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsinin şərtlərinə riayət etmədi. Amma Putin münaqişənin əvvəlindən izah edib ki, əgər Azərbaycan Ermənistan ərazisinə hücuma keçərsə, yalnız o zaman həmin müqavilə aktuallıq qazanacaq. V.Putin həmçinin deyib ki, Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycana məxsus olduğundan Moskvanın müdaxilə üçün hər hansı öhdəliyi yoxdur.
Rusiya region üzərində nəzarəti əldən verməmək üçün Dağlıq Qarabağ ərazisinin bir hissəsinə hərbi kontingent yerləşdirib. Rusiya tərəflər arasında balans saxlamaqda davam edir. Əsas nəticələrdən biri isə odur ki, Putin həm də Cənubi Qafqaza Türkiyənin ötkəm prezidenti Rəcəb Tayyib Ərdoğanı buraxdı.”
Eyni mövzuya toxunan Çexiyanın “DenikN” nəşri isə “Kreml nə üçün Ermənistanın uduzmasına imkan verdi? – O, zəifləyir və yəqin ki, növbəti silahlı münaqişəyə gücü yoxdur” başlıqlı məqalə dərc edib. Qəzet həmin məqaləsində Azərbaycanın özü üçün daha əlverişli vaxtda zəfər çalmısına diqqət ayırır: “Rusiya istəyir ki, yenə də əvvəlkitək Qafqazdakı vəziyyətə tam nəzarət etsin. Əslində isə Qarabağda döyüşlər Rusiyanın istədiyi deyil, Ermənistanın artıq müqavimət göstərə bilmədiyi vaxt yekunlaşdı. Şübhəsiz ki, Azərbaycan rəhbərliyi Rusiyanın Donbasda, Suriyada və Liviyada apardığı hərbi əməliyyatları və Cənubi Qafqazdakı xüsusi şəraiti (Ermənistan nəinki siyasi, əsasən coğrafi cəhətdən təcrid olunmuş vəziyyətdədir) nəzərə alıb. Digər yandan, Azərbaycan həmçinin öz üstünlüyünü də hesablayıb (Azərbaycanın hərbi büdcəsi Ermənistanın hərbi büdcəsindən dəfələrlə artıqdır). Ona görə də, Bakı hərbi gücə arxalanaraq uğur qazandı. Hərbi güc vasitəsilə Azərbaycan 1988-1994-cü illərdəki müharibədən sonra yaranmış vəziyyəti radikal şəkildə öz xeyrinə dəyişə bildi.
Bir müddətdən sonra Azərbaycanın qələbəsində Türkiyənin və İsrailin müasir silahlarının nə dərəcədə rol oynadığı və Rusiyanın Ermənistan üçün nələr etdiyi və etmədiyi daha yaxşı aydınlaşacaq. Şübhəsiz ki, Moskvanın nə qədər etibarlı müttəfiq olması və ən əsası isə, Ermənistana nə dərəcədə effektli silah sistemləri göndərməsi məsələsi də dəyərləndiriləcək.”
Ukraynanın “Den” qəzeti isə ”Nə üçün Azərbaycan qalib gəldi, Ermənistan məğlub oldu?” başlıqlı məqaləsində son iyirmi il ərzində tərəflərin müharibəyə necə hazırlaşmasından və Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətindən yazır. Həmin məqalədə deyilir: “Başlıca faktor Azərbaycan silahlı qüvvələrinin texnoloji imkanlar, şəxsi heyətin döyüş hazırlığı və komandanlığın hərbi planlama səviyyəsi baxımından rəqibindən tam üstün olmasıdır. İndiki müharibədə Azərbaycan Ordusunun şəxsi heyətinin say üstünlüyü 20-25 faiz təşkil edirdi ki, bu da döyüşdə prinsipial əhəmiyyət daşımırdı. Ermənistan ordusu isə əlverişli dağ yerlərində 30 il ərzində tikilmiş və əvvəlcədən hazırlanmış istehkamlarda müdafiə olunurdu. O ki qaldı Türkiyə silahlarına və hərbi texnikasına, onlar Azərbaycana heç də pulsuz verilməyib, bazar qiymətinə satılıb. Azərbaycanlılar ən müasir silahları təkcə Türkiyədən yox, İsraildən də alıblar. Türkiyə hərbi ekspertlərinin Azərbaycana kömək göstərməsi və onların döyüşlərdə iştirak etməsinə dair isə heç bir sübut yoxdur.
Bəli, Ermənistanın neft dollarları yoxdur və onların Ümumi Daxili Məhsulu Azərbaycanınkı ilə müqayisədə 3,5 dəfə azdır, lakin əvvəla, İrəvan heç də kasıb olmayan erməni diasporunun maliyyə resurslarını ordunun ehtiyaclarına səfərbər edə bilərdi.
İkincisi, hərbi büdcə üçün ayrılmış vəsaitlə daha müasir və nisbətən ucuz texnika almaq mümkün idi. Məsələn, hələ sövet dövründən qalmış tanklar və özüyeriyən artilleriya qurğuları əvəzinə gecə görüntüsü cihazları və PUA-lar almaq olardı.
Son zamanlar Paşinyan Ermənistan hərbi potensialını “Su-30” qırıcı təyyarələri və “İskəndər” raketləri vasitəsilə gücləndirməyə çalışırdı. Ancaq erməni ekipajları yeni təyyarələrdən istifadə etməyi tam öyrənə bilməmişdilər, ”İskəndər” raketləri isə müharibənin gedişinə heç bir təsir göstərə bilmədi.
Erməni generallarının və əksər zabitlərinin müharibə aparmaq üsulları sovet baxışlarına əsaslanır. Faktiki olaraq Ermənistan ordusu 1990-cı illərdəki Birinci Qarabağ Müharibəsinin təkrar olunacağına hazırlaşmışdı. Onlar texnoloji tərəqqini və Azərbaycan Ordusunun döyüş taktikasını nəzərə almamışdılar. Erməni komandanlığının və şəxsi heyətinin döyüş hazırlığı doğsanıncı illərin səviyyəsində qalmışdı. Ona görə də, Ermənistan ordusu güman edirdi ki, köhnə texnika və taktikayla Azərbaycan Ordusunun həmlələrini dəf edə biləcək. Bu, həlledici səhv idi.
Şuşa uğrunda gedən döyüşlər isə göstərdi ki, döyüş hazırlığına görə Azərbaycan hərbçiləri ermənilərdən daha üstündürlər. Bu döyüşləri Azərbaycan xüsusi təyinatlıları və dağ atıcı dəstəsi zirehli texnika və PUA-ların köməyi olmadan apardılar.
Bundan əlavə azərbaycanlılar gecə görüntüsü cihazından istifadə edərək, gecələr uğurlu döyüşlər apardıqları halda, belə cihazları olmayan ermənilər gecə döyüşlərindən yayınırdılar.”
Göründüyü kimi, Azərbaycanın iqtisadi, siyasi və hərbi gücü təkcə regionumuzda deyil, demək olar bütün dünyada etiraf olunur. Və belə görünür ki, dünya tarixinə yazılacaq bu qələbəmiz hələ uzun müddət beynəlxalq medianın və təhlilçilərin gündəmindən düşməyəcək.