İslamabadda tarixi zirvə – Dörd müsəlman nəhəngi İran müharibəsini dayandırmaq üçün toplandı

Səudiyyə Ərəbistanı, Pakistan, Misir və Türkiyənin xarici işlər nazirləri İranda davam edən qanlı müharibəni dayandırmaq və diplomatik çıxış yolu tapmaq məqsədilə İslamabadda təcili görüş keçiriblər.
Polise.az Musavat.com-a istinadən xəbər verir ki, Pakistanın ev sahibliyi etdiyi bu sammit ABŞ-ın İrana təqdim etdiyi “15 bəndlik” sülh planının müzakirə edildiyi və regionun böyük güclərinin atəşkəs üçün ilk dəfə bu qədər geniş tərkibdə bir araya gəldiyi platformadır.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Farhan, Misirin xarici işlər naziri Bədr Abdelatty və Pakistanın xarici işlər naziri İshaq Dar iştirak ediblər.
Nazirlər İranın nüvə proqramının tamamilə dayandırılması, raket arsenalına məhdudiyyətlərin qoyulması və Hörmüz boğazı üzərində beynəlxalq nəzarətin təmin edilməsini nəzərdə tutan Vaşinqtonun təkliflərini Tehrana çatdırmaq üçün birgə vasitəçilik mexanizmi hazırlayırlar.
Qeyd olunur ki, bu dörd ölkənin vahid mövqedən çıxış etməsi İran rejimini masaya oturtmaq üçün sonuncu və ən güclü diplomatik təzyiq rıçaqıdır. Pakistan rəsmiləri bildiriblər ki, İslamabad həm ABŞ, həm də İran tərəfi ilə birbaşa əlaqədədir və yaxın günlərdə bu şəhərdə tərəflər arasında ilk birbaşa danışıqların baş tutması ehtimalı yüksəkdir. Dörd ölkənin yaydığı birgə bəyanatda həmçinin İranın mülki infrastruktura və qonşu ölkələrə hücumları kəskin pislənib, Tehranın beynəlxalq hüquqa hörmət etməsinin vacibliyi vurğulanıb.
Polise.az



