İsmayıl Bəqayi: İslamabad danışıqları son bir ilin ən uzunmüddətli müzakirəsi oldu

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi İslamabadda keçirilən İran-ABŞ danışıqlarının yekunları barədə geniş bəyanatla çıxış edib.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, Bəqayi bu raundun son bir il ərzində tərəflər arasında baş tutan ən uzunmüddətli və intensiv müzakirə olduğunu vurğulayıb.

Sözçü bildirib ki, Pakistanın vasitəçiliyi ilə keçirilən dolayı danışıqlar fasiləsiz olaraq təxminən 24-25 saat davam edib: “Bu müddət ərzində tərəflər arasında həm bizim təqdim etdiyimiz 10 bəndlik təkliflər paketi, həm də qarşı tərəfin qaldırdığı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb”.

İsmayıl Bəqayi danışıqların nəticələrini belə şərh edib:

“Bəzi sahələrdə tərəflər arasında müəyyən anlaşmalar əldə edilib. Lakin Hörmüz boğazı və regional təhlükəsizlik kimi 2-3 mühüm və strateji mövzuda mövqelər hələ də bir-birindən uzaqdır və ciddi fikir ayrılıqları qalmaqdadır”.

XİN rəsmisi danışıqların olduqca mürəkkəb bir şəraitdə keçdiyini qeyd edib:

“Müzakirələr 40 günlük müharibə və bir neçə günlük atəşkəsdən sonra baş tutub. Proses sadəcə etimadsızlıq deyil, kəskin şübhə və bədgümanlıq mühitində cərəyan edib. Xüsusilə son 9 ayda ABŞ və İsrail rejiminin İrana qarşı iki dəfə hərbi təcavüzə yol verməsi fonunda belə bir mühitin olması təbiidir”.

Bəqayi vurğulayıb ki, diplomatiya həm müharibə, həm də sülh dövründə milli maraqların qorunması üçün əvəzolunmaz alətdir və bu istiqamətdə işlər davam edəcək. O, həmçinin müzakirələrin təşkilinə və qonaqpərvərliyə görə Pakistan hökumətinə, o cümlədən Baş nazir Şahbaz Şərifə və ordu rəhbərliyinə təşəkkürünü bildirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button