İsrail: Məqsədimizə nail olduq, müharibə bitdi

“İranla atəşkəsə razılaşdıq, amma İsrail istənilən pozuntuya güclə cavab verəcək”.
Teleqraf xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisinin bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub: “Müharibə bu səhər saat 07:00-da başa çatıb, eskalasiyaya qarşı hərəkət etməkdə davam edəcəyik”.
Həmçinin İsrail hökuməti İranla atəşkəs razılaşmasin artıq qüvvəyə mindiyini bəyan edib.
Bəyanatda deyilir ki, Baş nazir Benyamin Netanyahu kabinet üzvləri, müdafiə naziri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi və MOSSAD rəhbəri ilə görüşüb.
Baş nazirin ofisi İsrailin İrana qarşı əməliyyatının bütün məqsədlərinə və daha çox şeyə nail olduğunu bildirib: “İsrail həm nüvə, həm də ballistik raket sahələrində ikili təcili ekzistensial təhlükəni aradan qaldırıb”.
Bəyanata görə, İsrail Ordusu Tehran səması üzərində tam hava nəzarətinə nail olub, İranın hərbi rəhbərliyinə ciddi ziyan vurub və hökumətin onlarla obyektini məhv edib.
Bəyanatda həmçinin ilk dəfə olaraq daha bir nüfuzlu nüvə aliminin öldürüldüyü vurğulanıb:
“Həmçinin ötən gün İsrail ordusu Tehranın mərkəzindəki rejim hədəflərinə ağır zərbələr endirib, yüzlərlə Bəsic əməliyyatçısı, rejimin təzyiq aparatını məhv edib və daha bir yüksək səviyyəli nüvə alimini qətlə yetirib”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl İsrail və İran arasında atəşkəs razılaşması əldə olunduğunu və onun artıq qüvvəyə mindiyini açıqlayıb. Dövlət başçısı tərəfləri atəşkəsə əməl etməyə çağırıb.
Polise.az